Azərbaycanın Avropa çempionu olmuş sərbəst güləşçiləri Vətənə qayıdıb
Azərbaycanın Avropa çempionu olmuş sərbəst güləşçiləri Vətənə qayıdıb.
Sportline.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançıları Azərbaycan Güləş Federasiyasının təmsilçiləri, ictimaiyyət nümayəndələri, media mənsubları, güləşçilərin yaxınları qarşılayıblar.
Qeyd edək ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş 23 yaşadək güləşçilərin Avropa çempionatında Azərbaycanın sərbəst güləş üzrə milli komandası tarixi nailiyyətə imza atıb. Yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında yollanan komanda 7 medal qazanıb.
Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.
Beləliklə, 10 çəkidən 9-da yer alan yığma 4 qızıl və 3 bürünc medal əldə edib. Yekunda 159 xal toplayan Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub.
Bu nəticə həm medalların əyarına, həm də komanda hesabına görə sərbəst güləş millisinin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisidir.