“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Misli Premyer Liqasının 4-cü turu çərçivəsində "Zirə" "Sabah"a 0:5 hesabı ilə məğlub olub.
Sportline.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov matç haqda fikirlərini bildirib:
"Oyuna ilk dəqiqələrdən fəal başladıq. Çalışırdıq ki, oyuna nəzarət edək. Bu da bizdə pis alınmırdı. “Sabah” isə ilk hücumunda qol vurdu. 3-5 dəqiqə keçdikdən sonra yenə kobud səhvə yol verdik. Bilmirəm, penalti epizodu penaltidir, ya yox. 2:0-dan sonra oynamaq çətin idi. Amma futbolçularım özlərində güc tapıb mübarizəni davam etdirirdilər.
Futbolçuların göstərdiyi oyundan ümumən narazı deyiləm. Oynayırdılar, topa nəzarət bəzən rəqibdə, bəzən bizdə olurdu və bu baxımdan komandalar eyni səviyyədə idi. Qol epizodları yaratmaq da eyni səviyyədə idi. Onlar 6 qol epizodu yaratdılar, 5-dən istifadə etdilər. Bizdə 4-5 yaxşı qol epizodu oldu. Amma biz bunlardan istifadə edə bilmirdik.
Bu gün iki komanda arasındakı yeganə fərq zərbələri sonlandırmaq idi. İkinci və üçüncü qollarda müdafiədə buraxdığımız kobud səhvlər oldu.
Bu gün “Sabah”a qarşı fərqli oynamağa, daha hücumameyilli və açıq futbol oynamağa çalışırdıq. Oyun planımız pis alınmırdı. Ancaq “Sabah” bu gün bizi zərbələri düzgün sonlandırmaqda üstələdi. Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Beş gündən sonra “Mançester Yunayted”lə səfərdə oynayacaqlar. O oyunda da “Sabah”a uğurlar arzulayıram.
Baş məşqçi futbolçularının ilk 3 turdan sonra arxayınlaşması ilə bağlı sualı belə cavablandırıb:
"Onu hiss etmədim. Niyə yalan deyim? Hiss etsəm, bunu deyərəm. Paltardəyişmə otağında da futbolçulara bildirdim ki, oyundan, davranışdan və mübarizədən narazı qalmadım. İkinci və üçüncü qolu çox sadə buraxdıq, özümüz də xeyli qol epizodu qaçırdıq. “Sabah”ın gücü isə hamıya bəllidir.
Buna baxmayaraq futbolçularım meydanda yaxşı oynadılar. Hesab 5:0 olsa da, mən bu oyundan pozitiv enerji ilə ayrılıram. Futbolçular və məşqçilər heyəti də bu oyundan lazımi nəticəni çıxaracaq, səhvlər üzərində daha çox işləyib daha güclü geri dönəcəyik".