"Bürünc medal mənim üçün təsəllidir"
"Ümumilikdə Azərbaycan çempionatında çıxışım, məncə, pis alındı. Çox reytinq itirdim. Son görüşdə qələbə qazanmaqla üçüncü yeri təmin etdim. Bürünc medal mənim üçün, az da olsa, təsəllidir".
Sportline.az xəbər verir ki, bunu kişi şahmatçılar arasında Azərbaycan çempionatının bürünc medalçısı Eltac Səfərli yarışın yekunu barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
O, oyununun əvvəldən alınmadığını bildirib: "Final mərhələsinə vəsiqə qazanmaq çox çətin oldu. Yarımfinalda Vasif Durarbəyli ilə ilk görüşdə üstünlüyüm var idi, mənasız səhv etdim və uduzdum. İkinci görüşdə də qələbə qazanmaq şansım yarandı, amma uda bilmədim".
Şahmatçı uğursuz çıxışın əsas səbəbi kimi yorğun olmasını qeyd edib: "İstirahətə fikir verməliyəm. Son aylarda Avropada müxtəlif yarışlarda iştirak etmişəm. Təxminən 3 ay ərzində 70 oyun keçirmişəm. Burada hiss etdim ki, gücüm çatmır".
Səfərli finalçıların hər birinin çempionluğa layiq olduğunu söyləyib: "Vasif turnirin ilk hissəsindən çox yaxşı start götürdü. Sonra da yaxşı oynadı. Finalın ikinci görüşündə bir qədər bəxti gətirdi. Hər bir yarışda çempion olmaq üçün az da olsa bəxt lazımdır. Vasifi təbrik edirəm, növbəti yarışlarda uğurlar arzulayıram. İkinci yerin sahibi Vüqar da əla oynadı. Hazırda hərbi xidmətdə olduğunu nəzərə alsaq, finala vəsiqə qazanmağı böyük uğurdur. Onun hazırlığı az idi. Fikrimcə, hər ikisi çempionluğa layiq idi".