Çempionlar Liqası: Ən az azarkeş "Linkoln" - "Qarabağ" oyununda olub
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.
Sportline.az xəbər verir ki, 15 matçı ümumilikdə 101 799 tamaşaçı izləyib.
Ən çox fanat "Astana" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan) qarşılaşmasında qeydə alınıb. 1:1 hesabı ilə başa çatan görüşdə 27 328 tərəfdar olub.
"Qarabağ"ın Cəbəllütariqdə "Linkoln"ə 2:1 hesabı ilə qalib gəldiyi oyun siyahının sonuncu pilləsində qərarlaşıb. "Viktoriya" stadionundakı matçda tribunada 683 nəfər olub.
Qeyd edək ki, "Qarabağ" və "Linkoln" komandaları arasındakı cavab qarşılaşması iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.