Cüdoçularımızdan uğursuz start

Bu gün Çinin Tsindao şəhərində “Masters” turnirinə start verilib.

Sportline.az xəbər verir ki, nüfuzlu yarış ilk günündə Azərbaycanın 4 idmançısı qüvvəsini sınayıb.

Kişilərdə 66 kq çəkidə çıxış edən Orxan Səfərov 1/16 finalda Georgi Zantariya (Ukrayna) uduzub. Eyni çəkidə yer alan Nicat Şıxəlizadə isə həmin mərhələdə Boqdan Yadova (Ukrayna) qalib gəlsə də, növbəti raundda Xerlen Qandbolda (Monqolustan) məğlub olub.

Qadınlarda 48 kq çıxış edən hər iki Azərbaycan cüdoçusu da mübarizəyə 1/16 finaldan başlayıb. Leylа Əliyeva Çen-Hao Linə (Çin Taypeyi) qalib gəlsə də, ardınca Munhbatın Urantsetseqlə bacarmayıb.Aişə Qurbanlı isə Melanine Klementə (Fransa) yenilib.

Qeyd edək ki, Azərbaycan millisi dekabrın 14-də başa çatacaq yarışda 11 cüdoçu ilə təmsil olunur. Növbəti günlərdə Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Zaretska (+78 kq) tatamiyə çıxacaq.