“Ermənistanda bir millət, iki dövlətin gücünü göstərdim”

“Ermənistanda bir millət, iki dövlətin gücünü göstərdim”.

Sportline.az xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının qalibi olan Türkiyə millisinin üzvü Nuray Güngör Bakıya səfərləri zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

Qitə birinciliyində iki qızıl, bir bürünc medal qazanan 23 yaşlı idmançı təmtəraqlı qarşılanmaya görə təşəkkürünü bildirib: “Bu, bir daha Azərbaycan və Türkiyə qardaşlığını ortaya qoyur. Orada Azərbaycana qarşı olan hörmətsizlik bizə də edilmiş sayılır. Azərbaycan yığması həmin hadisədən sonra yarışı tərk etməli oldu. Dedim ki, onlar yoxdurlarsa, biz varıq. Ən gözəl cavabımız dövlət himnimizin səslənməsi oldu. Bunun ayrı qüruru var”.

Türkiyəli atlet yarış zamanı Azərbaycanda onları dəstəkləyənlərə minnətdarlıq edib: “Medallarımı Azərbaycan xalqına ərmağan edirəm”.

Qeyd edək ki, Nuray Güngörlə yanaşı, Ermənistandakı Avropa çempionatında qızıl medal qazanan digər türkiyəli atletlər Cansu Bektaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altun və federasiya nümayəndələri Prezident İlham Əliyevin dəvəti ilə Bakıya gəliblər.