Federasiya prezidenti ağırlıqqaldırma ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə ictimaiyyətin nümayəndələri ilə görüşüb.
Qurumdan Sportline.az-a verilən məlumata görə, Ağır Atletika Akademiyasında baş tutan tədbirdə Azərbaycanda fəaliyyət göstərən məşqçilər, hakimlər və digər mütəxəssislər iştirak ediblər.
Federasiya prezidenti bildirib ki, görüşdə məqsəd paytaxt və regionlarda çalışan mütəxəssislərlə söhbət edərək çətinliklərini dinləmək, ağırlıqqaldıranların gələcəkdə daha böyük uğurlara imza atmaları üçün lazım olan addımların atılması istiqamətində fikir mübadiləsi aparmaqdır.
Federasiyanın vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi tədbirdə müzakirələr aparılıb. Problemlər səsləndirilib, rəy və təkliflər bildirilib, ağırlıqqaldırmanın inkişafının davam etməsi üçün bir ailə olmağın, vahid fəlsəfə və strategiya üzrə hərəkət edilməsinin vacibliyi vurğulanıb.
İclasdan sonra Kamran Nəbizadə gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyini izləyib.