FIA Baş Assambleyasının Bakıda keçirilən yekun iclası sona çatıb
Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının Bakıda keçirilən illik yekun iclası başa çatıb.
Sportline.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə müzakirələrin səmərəsindən danışan FIA prezidenti Mohammed Ben Sulayem bu cür mötəbər tədbirin işlərinə töhfə verəcəyini bildirib.
FIA həftəsi çərçivəsində paytaxtımızda bir araya gələn dünyanın müxtəlif ölkələrinin avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları, ümumilikdə 128 ölkənin nümayəndəsi, 189 klubun təmsilçisi, həmçinin, onlayn şəkildə tədbirə qoşulan iştirakçılar dekabrın 5-dən fərqli formatlarda avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə ediblər.
Müzakirələr zamanı səsvermələrin nəticəsi Baş Assambleyanın 2024-cü il iyunun 14-də keçiriləcək iclasının Özbəkistanın Səmərqənd şəhərində olması, gələn il dekabrın 13-dəki toplantının isə Ruandanın Kiqali şəhərində baş tutması təsdiqlənib.
Yekun iclasın sonunda FIA ailəsi Bakıdakı tədbirləri tarixi yaddaşa köçürəcək xatirə şəkli çəkdirib. Mohammed ben Sulayemə üzərində Bakının rəmzləri sayılan İçərişəhər, Heydər Əliyev Mərkəzi və Alov Qüllələrinin təsviri fonunda FIA loqosu olan xalça hədiyyə edilib.
Həmçinin, yol hərəkəti təhlükəsiliyi ilə bağlı Bakıda məktəblilər arasında Azərbaycan Avtomobil Federasiyası tərəfindən təşkil olunan intellektual yarışın qalibləri mükafatlandırılıb.