FİDE reytinqi: Nicat Abasov bir pillə irəliləyib
Beynəlxalq Şahmat Federasiyası (FİDE) oktyabr üçün reytinq cədvəlini açıqlayıb.
Sportline.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbovun mövqeyi dəyişməyib.
36 yaşlı qrossmeyster 2745 əmsalla 14-cü pillədə qərarlaşıb. Milli komandanın üzvlərindən Şəhriyar Məmmədyarov (2734) 1 pillə geriləyərək, 17-ci sırada dayanır. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) bir pillə irəliləyərək, 58-ci yerə yüksəlib.
Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2839) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçi Fabiano Karuana (2786) qərarlaşıb. Çinli Dinq Liren (2780) isə ilk “üçlüy”ü qapayır.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 30-cu, Ülviyyə Fətəliyeva (2393) 56-cı, Gövhər Beydullayeva (2383) 66-cı, Gülnar Məmmədova (2346) isə 100-cü sırada qərarlaşıblar.
Xanım şahmatçıların reytinqində birinci yer Xou İfana (Çin, 2628) məxsusdur. Çinin digər təmsilçisi Yu Venyun (2560) ikinci yerdədir. FİDE adından çıxış edən, Bakıdakı Dünya Kubokunun qalibi Aleksandra Qoryaçkina üçüncü sırada yer alır.