İkardi İtaliyada çıxış edəcək?

“Qalatasaray”dan ayrılan Mauro İkardinin karyerasını harada davam etdirəcəyi ilə bağlı yeni iddia ortaya atılıb.

Sportline.az xəbər verir ki, Türkiyə mediasının “Sky Sport”a istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu ilə İtaliyanın “Latsio” klubu yaxından maraqlanır. Məlumata əsasən, Roma təmsilçisinin idman direktoru Ancelo Fabiani 33 yaşlı forvardın nümayəndələri ilə əlaqə saxlayıb.

İtaliya mətbuatında “Latsio”nun İkardi variantını nəzərdən keçirməsi klubun hücum xəttində çıxış yolu axtarışında “çılğın fikir” kimi qiymətləndirilib.

İkardinin karyerası ilə bağlı əsas prioritetinin Çempionlar Liqasında mübarizə aparan komandaya keçmək olduğu bildirilir. Bununla belə, argentinalı futbolçunun A Seriyasına qayıtmaq variantına da müsbət yanaşdığı qeyd olunur. Transferin qarşısındakı ən ciddi maneənin isə İkardinin yüksək maliyyə tələbləri ola biləcəyi vurğulanıb.

Qeyd edək ki, son günlər İkardinin adı “Beşiktaş”la da hallanırdı. Lakin İstanbul klubunun argentinalı futbolçunun transferinə maraq göstərmədiyi bildirilib.

İkardinin meneceri isə daha əvvəl müştərisinin karyerasını Avropada davam etdirmək istədiyini açıqlayıb. Argentinalı hücumçu üçün “Latsio” variantının reallaşıb-reallaşmayacağı isə yaxın günlərdə müəyyənləşə bilər.