İlahə Qədimova: “Şahmatçılarımızın uğurlu çıxışının davam edəcəyinə inanırıq”

Rumıniyada yeniyetmələrin Avropa çempionatında 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan şahmatçılar Vətənə qayıdıb.

Sportline.az xəbər verir ki, hava limanında Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova jurnalistlərə açıqlamasında yeniyetmələrin nəticəsini tarixi uğur adlandırıb: “Yeniyetmələrin Avropa çempionatında 7 medal qazanması böyük uğurdu. Medallardan dördünün qızıl olmasını xüsusi olaraq qeyd etmək istərdim. Bizim şahmatçılar əvvəllər heç vaxt qitə çempionatında 4 qızıl medal qazanmayıb. Bu ilkdir, tarixi uğurdu. Federasiyanın son illər gördüyü sistemli işin nəticəsidi. Bu münasibətlə şahmatçıları, onların məşqçilərini, valideynlərini təbrik edirəm. Uğurun davamlı olacağına inanırıq. Gələn ay şahmatçılarımız yeniyetmələr arasında dünya çempionatına yollanacaq. Rumıniyadan sonra dünya çempionatında da uğurlu çıxış edəcəklərinə inanırıq”.