İlham Əliyev: “Seleksiya işi çox düzgün aparılmalıdır”

“Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir”. 

Sportline.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionu olan güləş üzrə U-23 millimizin üzvləri ilə görüşdə bildirib. O deyib ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir: “Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu da təbiidir, çünki həm təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin qurulması, iqtisadi baza - bütün bu amillər önəmli rol oynayır. Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı, Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi - həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik və idmançılarımız bizi sevindirdilər. Bizim beynəlxalq idman qurumları ilə, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya komitələri ilə sıx əlaqələrimiz var, beynəlxalq federasiyalarla sıx əlaqələrimiz var. Bu əlaqələr əlbəttə ki, Azərbaycanda idman siyasətinin düzgün aparılmasında da bizə kömək göstərir. Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik. Məsələn, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilir. Yəni, bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə yüksəkliklərdə saxlasınlar, həm də idman kütləvi xarakter alsın”.

Prezident deyib ki, Gənclər və idman naziri qarşısında, yeni rəhbərlik qarşısında qoyduğu vəzifələrdən biri də məhz budur - idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək: “Çünki bizdə hər bir bölgədə müasir olimpiya idman kompleksləri vardır, 50-yə yaxın belə bir kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə etməliyik. Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə bir çox yerlərdə istedadlı uşaqlar var, sadəcə olaraq onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır.

Əlbəttə ki, tanınmış idmançılarımızın nümunəsi, Olimpiya, dünya, Avropa çempionlarının nümunəsi gənclər üçün də bir stimul olmalıdır. Onlar da bizim tanınmış idmançılar kimi olmağa çalışmalıdırlar. Bilirəm ki, bizim tanınmış, görkəmli idmançılarımız da həm öz idman uğurları ilə, həm də ki, davranışları ilə də nümunə göstərirlər. Mən çox şadam ki, Azərbaycan idman ictimaiyyəti və bizim idmançılarımız, onların böyük əksəriyyəti həyatda da nümunədirlər və belə də olmalıdır. Bir sözlə, mən güləş idman növünün perspektivlərini çox müsbət qiymətləndirirəm. Əminəm ki, növbəti illərdə həm Olimpiya Oyunlarında, həm də dünya çempionatlarında bizim uğurlarımız kifayət qədər olacaq”.