İtaliya A seriyası üçün yeni təqvim

İtaliya Futbol Federasiyası mayın 3-də bərpası gözlənilən A Seriyası üçün yeni təqvim hazırlayır.

Sportline.az xəbər verir ki, bu barədə federasiyanın prezidenti Qabriele Qravina "Football Italia" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, çempionatın başa çatması iyunun 30-na planlaşdırılıb: "Liqaların bitməsi iyulun əvvəlinə də təsadüf edə bilər. Buna görə də UEFA və FİFA ilə birlikdə ölkəmizin səlahiyyətlilərinə müraciət göndərmişik. Aydın məsələdir ki, bu zaman Avropa çempionatının seçmə mərhələ oyunlarını tamamlamaq üçün avrokubokları və beynəlxalq pəncərəni də nəzərə alacağıq".

Q.Qravinanın sözlərinə görə, çempionat mayın 3-də başlamasa, avtomatik olaraq, bitmə vaxtı da uzanacaq: "Bu, həm də 700 milyon avro məbləğində maliyyə itkisi deməkdir. İdeal vaxt 30 iyundur. Əks halda, təcili tədbirlər görə bilərik. Variantlar arasında çempionatın 30 iyulda başa çatdırılması da var".

Qeyd edək ki, İtaliyada koronavirus pandemiyasına görə bütün idman tədbirləri mayın 3-dək təxirə salınıb.