Azərbaycan futbolunun həkim problemi: Çarəni nə üçün xaricdə axtarırıq? – LAYİHƏ
SportLine.az dəyərli oxucularına “Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həll yollarının göstərilməsi; futbolumuzun tarixi: heç kim və heç nə unudulmur; qadın futbolunun durumu və mövcudluq perspektivləri” adlanan layihə çərçivəsində 3-cü yazını təqdim edir.
İlk iki yazımızda futbolumuzun prioritet sayılan problemlərindən bəhs etdik, mütəxəssislərin fikirlərini öyrənməyə, çıxış yollarını axtarmağa çalışdıq. Bir məlum həqiqət də var və artıq çoxları tərəfindən qəbul olunur. Azərbaycan futbolunda çatışmayan təkcə istedadlı futbolçu deyil. Bizim futbolumuzun yaxşı həkimlərə, menecerlərə, inzibatçılara, idarəçilərə, bir sözlə öz işini yaxşı bilən və yerinə yetirməyi bacaran peşəkar mütəxəssislərə də ciddi ehtiyacı var. Əvvəlcə bu cür kadrlar olmalı və öz üzərlərinə düşəni layiqincə yerinə yetirməlidilər ki, yeni istedadlar üzə çıxsın, əsl peşəkar futbolçu kimi püxtələşsinlər. Aslan Kərimovla söhbətimizdə məşqçilərlə bağlı məqama toxunmuşduq. Veteran futbolçu məşqçilərin qarşılaşdığı problemlərə, futbolumuzun reytinqinin yüksək olmaması səbəbindən onlara etimadın azlığından bəhs etmişdi. Bu dəfə bir qədər digər sahələrə diqqət yetirəcək, araşdırmalarımızı həmin istiqamətlərə yönəldəcəyik.
Futbolda yaxşı futbolçu, yaxşı məşqçi amili nə qədər vacibdirsə, yaxşı həkimin varlığı da o qədər ciddi amildir. Çünki futbolçuların səhhəti ilə risk etmək qətiyyən olmaz. Bundan başqa fiziki yükləmədən tutmuş qidalanmaya, bərpa prosesinə və bizə adi görünən massaja belə təcrübəli, öz işini dərindən bilən həkim nəzarət etməlidir. Özü də sıradan biri yox, məhz idman sahəsi üzrə ixtisaslaşmış, futbolçuların orqanizmindən tutmuş zədələrinə qədər, eləcə də yüklənmə və bərpa prosesindən xəbərdar olan peşəkar həkim. Bunun üçün isə savadlı olmaqla yanaşı təcrübə də vacibdir. Millimizin baş məşqçisi Qurban Qurbanovun bu yaxınlarda keçirdiyi mətbuat konfransında da futbol həkimləri, fizioterapevtlər məsələsinə toxunulmuş, çatışmazlıqların olması barədə danışılmışdı. Son illər bu sahə ilə bağlı qəribə tendensiyanın yarandığı da hər kəsə məlumdur. Futbolçular ən xırda zədələr zamanı belə xaricə üz tutur, Türkiyənin və ya Almaniyanın həkimlərinə müraciət edirlər. Üstəlik, bəzən fiziki yüklənmələr, məşq proqramının düzgün tərtib olunmaması futbolçuların adicə vəziyyətlərdə belə zədələnməsinə səbəb olur. Deməli, futbolçular ya yerli həkmlərə güvənmirlər, ya da tibbi texnologiyalar Azərbaycanda yetərli deyil. Üstəlik, məşq proqramları həkimlərlə razılaşdırılmır ki, sonda futbolçuların zədələnməsinə səbəb olur.
Boris Xetaqurov: “Azərbaycanın futbol həkimləri SSRİ-də ən yaxşılardan biri hesab olunurdu”
Azərbaycanda futbol sahəsindəki tibb mütəxəssislərindən söz düşəndə ilk olaraq ağlımıza Boris Xetaqurov gəlir. Bu yay 78 yaşını qeyd edəcək tanınmış həkim ömrünün böyük hissəsini futbolumuza həsr edib. Boris Xetaqurov 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1965-2003-cü illərdə “Neftçi” klubunda çalışıb. Bundan başqa, 1992-2005-ci illərdə AFFA-da Tibb Komitəsinin sədri və paralel olaraq, Azərbaycan milli komandasının həkimi işləyib. Əmək fəaliyyətini “Qarabağ” (2004-cü il) və “Xəzər Lənkəran”da (2005-2010-cu illər) davam etdirib. Daha sonra yenidən doğma “Neftçi”yə qayıdan Xetaqurov "ağ-qaralılar"ın sağlamlığının keşiyində dayanıb. Boris Naneeviç Azərbaycanın əməkdar həkimi, idman tibbində yüksək kateqoriyalı həkim, “MDB ölkələrinin İdman Həkimləri Birliyi”nin üzvüdür. O, 1985-ci ildə idmançıların fiziki işgüzarlığının artırılması vasitəsinin ixtirasına görə müəlliflik hüququnu alıb. 2008-ci ildə Almaniyada dünyaca məşhur həkim olan professor Pfayferin Tibbi Mərkəzində idman həkimlərinin dərəcəsinin artırılması kursunu bitirib. Xetaqurov FİFA və UEFA-nın, eləcə də Almaniya, Türkiyə, Rusiya, İtaliya, Bolqarıstan, Slovakiya Futbol Federasiyalarının keçirdiyi tibbi simpoziumlarda, seminarlarda iştirak edib.
Azərbaycan futbolunun yüzillik tarixinin yarısına canlı şahid olan Xetaqurovla söhbətə onun bu sahəyə necə gəlməsini soruşmaqla başladıq:
- Mən 1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitunu müvəffəqiyyətlə bitirdim. İnstitutda oxuduğum zamandan idman tibbi ilə maraqlanırdım. Mənim bütün ailəm bu sahəni seçib. Belə ailədə böyüyüb, bu sahəni seçməmək, mümkün deyildi. Atam Bakının ən böyük xəstaxanalarından birində baş həkim kimi çalışırdı. Həyat yoldaşım da həkimdir. Həmçinin bacım da məhz tibb sahəsində çalışır. Hətta mənim yaxın qohumlarımın əksəriyyəti tibb sahəsi ilə bilavasitə bağlı adamlardır. Görürsünüz ki, onların içərisində yalnız mən idman tibbini seçmişəm. Son iki kursda isə vaxtımı idman tibbini öyrənməyə həsr etdim. Rəhmətlik müəllimim, professor Kamal Axundovun rəhbərliyi altında idman tibbi ilə ciddi məşğul olmağa başladım. Tibb institutunu bitirdikdə, mən azad təyinat diplomu aldım. Düzdür, o dövrdə ali məktəbi bitirənlər təyinatla müxtəlif yerlərdə işlə təmin edilirdilər. Ancaq məndə azad təyinatlı diplom idi. Artıq hər kəs mənim idman tibbinə olan marağımı bilirdi. 1965-ci ildə elə oldu ki, “Neftçi”yə həkim lazım oldu. Klub rəhbərliyinə bu sahədə işləyə biləcəyimi söylədim. Bununla da, 1965-ci ilin aprelində mənə doğma olan “Neftçi”də fəaliyyətə başladım. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası təşkil edildikdən sonra rəhbərlik ilk gündən məni yığmada işləməyə dəvət etdi. Həmin vaxtdan etibarən yığmamıza xidmət etməyə başladım. Həmçinin mən AFFA-nın Tibbi Komitəsinin sədri vəzifəsini daşıyırdım.
- Uzun müddət bu sahədə çalışmısız. Deməli, Azərbaycanda idman tibbindəki vəziyyəti sizdən yaxşı bilən, mütəxəssisləri daha yaxından tanıyan olmaz.
- Son günlər bu məsələ aktualdır. Sevindirci haldır ki, futbolumuzun aktual mövzuları arasına həkimlərlə bağlı müzakirələr də daxil olub. Bəzən deyirlər ki, bizdə yaxşı mütəxəssislər azdır. Mən qətiyyən bu fikirlərlə razı deyiləm. Qurban Qurbanova da minnətdaram ki, bu məsələni ilk gündən gündəmə gətirdi. Özü də yaxşı futbolçu olub, futbolu dərindən bilən adamdı. Yaxşı başa düşür ki, tibb mütəxissləri, həkimlər futbolun ayrılmaz parçalarıdır. Həkimlərdən çox şey asılıdır. Hələ SSRİ dövründə həkimlərə xüsusi diqqət göstərirdilər. Bu sahəyə laqeyd yanaşmaq olmaz. Bizim yaxşı mütəxəssislərimiz var, onların önünü açmaq lazımdır. Qurbanovun sözlərindən bizim Səhiyyə Nazirliyinə də pay düşür ki, tibbi təhsil verən müəssisələrdə idman üzrə ixtisaslaşmış həkimlər hazırlanmalıdır. Çünki ümumilikdə həkimlərin hazırlanmasına nazirlik və Tibb Universiteti cavabdehdir. Keçmişə nəzər salsaq, Azərbaycanda idman sahəsindəki həkimlərin böyük tarixi var. Bu sahədə həmişə yaxşı mütəxəssislərimiz çalışıb. İlk ənənələri isə mənim də müəllimim olan rəhmətlik Kamal Axundov qoyub. Kamal müəllim professor idi və tibb institutunda idman kafedrasının müdiri idi. Onun elmi əsərlərindən indiyə qədər müxtəlif ali məktəblərdə yararlanırlar. Mənim də bu sahəyə gəlməyimdə böyük rol oynayıb, düzgün istiqamət verib. Ondan sonra da bizim xeyli yaxşı həkimlərimiz var ki, adlarını çəkə bilərəm. Həmin mütəxəssislərin çoxusuna ölkədən xaricdə də ehtiyac olub, öz işləri ilə də bunu isbatlayıblar. Təvazökarlıqdan uzaq olsa da deyim ki, onların yetişməsində də mənim əməyim olub. Murad Mərdanov uzun müddət Türkiyədə “Trabzonspor”da çalışıb. Fizioterapevt Rəhim Məhərrəmov öz savadı və bacarığı Dubayda özünə müsbət imic qazanmışdı. Sədrəddin Məmmədov gəncəlidir, İranda böyük iş təcrübəsinə malikdir. Sizin də yaxşı tanıdığınız Faiq Hüseynov 20 ildir ki, Dubayda işləyir. Zakir Qacarlı indi də Türkiyədədir, orada idman həkimliyi sahəsində çalışır. Mənim ilk tələbələrimdəndir. Görürsüz ki, bizim həkimlik məktəbi xeyli zəngindir. Azərbaycanda təkcə futbolda deyil, digər idman federasiyalarında da yetərincə savadlı həkimlərimiz var. Bir müddət əvvəl məni Gimnastika Federasiyasına çox hörmətli Fərid Qayıbov dəvət etmişdi. Oradakı şəraitlə tanış oldum. Federasiyanın nəzdində bütün şəraiti olan tibb mərkəzi yaradılıb. Həmin mərkəzdə çalışanların hamısı azərbaycanlı mütəxəssislərdir. 3-4 il bundan əvvəl cənab prezidentimiz İlham Əliyevin iştirakıyla Tibbi-İdman Mərkəzinin açılışı oldu. Deyərdim ki, şəraitinə görə Avropa standartlarına tam cavab verir. Mərkəzdə çalışanların hamısı yerli və gənc həkimlərdir. Mənim özümün 50 ildən çox iş təcrübəm var. Ömrümün böyük hissəsini Azərbaycan idmanına vermişəm. Öz təcrübəmə də əsasən bizdə bu sahənin yetərincə zəngin olduğunu və müasir tələblərə cavab verdiyini deyə bilərəm.
- Amma bu sahənin də öz problemləri olmamış deyil. Nədənsə yerli həkimlərə inam azdır. Çalışırıq ki, həkimlər də xaricdən olsun.
- Ağrılı məqama toxundunuz. Bunu düşünəndə mənə çox ağır gəlir. AFFA-da hazırda tibbi komisiyanın sədri, millimizin baş həkimi Ukrayna vətəndaşıdır. İnamsızlıq elə burdan başlayır. Bu cür yanaşma təkcə idman həkimlərimizə deyil, ümumilikdə səhiyyə sisteminə inamsızlığı göstərir. Görün ölkəmizdə son illərdə nə qədər müasir xəstəxanalar, tibb ocaqları inşa olunub, ciddi nailiyyətlərimiz var. Azərbaycanlı həkimlər dünyada ən mürəkkəb sayılan əməliyyatları elə Bakıda edə bilirlər. Bunun üçün həm mütəxəssislərimiz, həm də tibbi avadanlıqlar var. Altay Cəfərov idman sahəsində tanınmış travmatoloqdur. Ölkəmizdə çalışır. Keçmiş SSRİ məkanında öz sahəsinin ən yaxşılarındadır. Sadəcə, təşkilatı işlər düzgün görülmür. Buna diqqət yetirməliyik. Yoxsa, “yerli həkimlərimiz yoxdur” deyib, üzümüzü ölkə xaricinə çevirməklə düzgün yol tutmamışıq.
- Bu vəziyyətdən necə çıxmalıyıq? Hansısa formada “dəyirmi masa”lar, yaxud da seminarlar təşkil olunsa və sizin kimi təcrübəli həkimlər öz biliklərini gənclərlə paylaşsa, işə təkan verilə bilərmi? Bununla həm də yeni adlar üzə çıxar...
- Kimlərsə məni təvazökar olmamaqda qınaya bilərlər. Amma hamı bilir ki, mənim bundan sonra hanısa vəzifədə gözüm, tərifə ehtiyacım yoxdur. Uzun müddət AFFA-nın tibbi komissiyasının rəhbəri, millinin baş həkimi olmuşam. Düşünürəm ki, bu sözləri deməyə mənəvi haqqım var. Əcnəbilərə bu qədər etimad göstəməyimiz, yerlilərə arxa çevirməyimiz mənim ürəyimi ağrıdır. AFFA-da çalışarkən özüm dəfələrlə müxtəlif seminarlar, kurslar təşkil edirdim. Özü də mühazirələr oxumağa, təcrübə mübadiləsi etməyə xaricdən də bu sahəni mükəmməl bilən mütəxəssislər dəvət edirdim. İndi də o günləri xatırlayıram, heyfslənirəm. Bu işlərə bir qədər düzgün istiqamət vermək lazımdır. AFFA nəzdindəki tibb komissiyası indi nə işlə məşğuldur? Axı, bu komissiya var, üzvləri də fəaliyyətdədi. Səhiyyə Nazirliyi və Tibb Universiteti ilə paralel işləmək lazımdır. “Bizdə həkim yoxdur” deyib, üzümüzü xaricə tutmaqla heç nə əldə edə bilməyəcəyik. Dəfələrlə məni xarici ölkələrə konqreslərə dəvət ediblər, mühazirələr oxumuşam, təcrübə mübadiləsində iştirak etmişəm. Bütün bunlara bağlı hesabat şəklində yazılarım da dərc olunub. İki il bundan əvvəl də məni İtaliyaya çağırmışdılar. Baxıram ki, Azərbaycandan kənarda unudulmamışıq. İtaliyada çox məşhur klinika var, FİFA ilə əməkdaşlıq edirdilər. Futbola alınan bütün zədələr, xəsarətlər orda öz müalicəsini yüksək səviyyədə tapır. Bu cür klinikadan belə azərbaycanlı mütəxəssisə dəvət gəlir. Sözsüz ki, orada qalıb işləmək üçün yox, təcrübələrini bölüşmək və fikir mübadiləsi aparmaq üçün çağırırlar. Reallıq odur ki, xaricdəki həkimlər mənimlə hesablaşırlar, məsləhətləşmək istəyirlər. Bəlkə də bunu deməyim düzgün deyil. Burada isə bununla məşğul olan yoxdur. Danışanda həyacanlanıram da. Mənim qapılarım həmişə açıqdır, telefonumu da bilirlər. Təcrübəmi bölüşmək, gənc mütəxəssislərin formalaşdırılmasına, düzgün istiqamətləndirilməsinə yardımçı olmaq üçün əlimdən gələni etməyə hazıram. Bəzən acığım da tutur. Necə ola bilər ki, keçmiş SSRİ də ən yaxşı ənənələri olan Azərbaycanın idman həkimləri indi “kölgə”də qalsın, vətəndən uzaq düşsünlər, onlara etimad göstərməsinlər?! Zəngin ənələrimiz olub, ən yaxşı futbol həkimləri Bakıda yetişib. “Neftçi”nin bazasındakı tibbi mərkəz bizim vaxtımızda SSRİ-nin ən yaxşılarından idi. Bakıya qonaq gələn komandaların həkimləri həmin mərkəzə, gördüyümüz işlərə həsədlə baxırdılar. İndi biz hansı səviyyəyə düşmüşük ki, Ukraynadan həkim çağırırıq. Sonra da onu milli komandanın baş həkimi təyin edirik, futbolumuzu onun ixtiyarına buraxırıq. Söhbət kimisə aşağılamaqdan, yaxud da paxıllıq hissindən getmir. Klubla milli komanda fərqli anlayışlardır. Mən dəfələrlə təşəbbüs göstəmişəm ki, yerli mütəxəssislərə dəyər verilsin, onlara etimad göstərilsin, yolları açılsın. Çünki onları tanıyıram, hər birinin bacarığına, peşəkarlığına bələdəm. Misal üçün, Boris Xetaqurov özü gedib AFFA-ya deyə bilməz ki, məni, yaxud da hansısa digər həkimi işə götürün. Ən azından keçmiş xidmətlərimə, təcrübəmə görə onlar mənim məsləhətlərimə ehtiyac duya bilərlər. Mətbuata da, Qurban Qurbanova da təşəkkür edirəm ki, tibb mütəxəssisləri ilə bağlı mütəxəssisləri gündəmə gətirib. AFFA-da mənim sağ olduğumdan xəbərdardılar. Mən də Bakıda yaşayıram. İki ildir işdən çıxmışam, artıq görürəm ki, unudulmağa başlayıram. Qoy məni unutsunlar, amma digər yaxşı həkimlərimiz var, axı. Onlar unudulmağa, ölkədən uzaqda çalışmağa layiq deyillər. Hamı bir araya gəlməli, Azərbaycanın futbol həkimliyini dirçəltməliyik. Hazırkı acınacaqlı durum məni çox narahat edir.
78 yaşlı Xetaqurovun dedikləri həqiqətən də xeyli düşündürücüdür. Ümid edirik ki, onun sözləri həm klublarda, həm də AFFA-da eşidiləcək. Həm öz həkimlərimizin bilik və bacarığından, həm də illərini Azərbaycan futboluna vermiş bu mütəxəssisin təcrübəsindən yetərincə yararlana biləcəyik.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir