LAYİHƏ: Azərbaycan çempionatının mənzərəsi: bölgələr orada necə təmsil olunur?
SportLine.az Azərbaycan futbolunun problemləri və onların həlli yollarından bəhs edən layihə çərçivəsində dördüncü yazını dəyərli oxucularına təqdim edir. Ötən 3 yazımızda ölkəmizin uşaq futboluna ümumi baxış keçirdik. Təcrübəli mütəxəssislərlə, uşaq futbolundakı vəziyyətdən, istedadların tapılması və inkişafındakı problemlərdən danışdıq. Bu dəfə üzümüzü bölgələrə tutmuşuq. Uzun müddətdən bəridir ki, Azərbaycanın bölgələrində durğunluq yaşanır. İldən-ilə Premyer Liqada əyalət təmsilçilərinin sayı azalır, rayonlarda hansısa istedadlı futbolçunun “kəşf olunması” xəbərləri eşidilmir. Bu mənada Qəbələ yeganə rayondur ki, digərlərindən xeyli fərqlənir.
Qəbələdə bütün müasir tələblərə cavab verən futbol akademiyası fəaliyyət göstərir. Bu rayonu təmsil edən uşaq komandaları AFFA-nın bayrağı altında keçirilən çempionatlarda “at oynadır”. Gələcək yazılarımızın birini bütövlükdə “Qəbələ” Futbol Klubunun uşaq komandalarına həsr edəcək, oradakı akademiyanın fəaliyyəti ilə daha yaxından tanış olmağa çalışacağıq. Bu yazımızda isə, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarda olan duruma diqqət yetirəcəyik, əyalət təmsilçilərinin bu yarışlardakı mövqeyini aydınlaşdırmağa çalışacağıq.
Futbolumuzun paytaxta doğru təmərküzləşməsi, Azərbaycan Premyer Liqasında cəmi 8 klubun mübarizə aparması ürəkağrıdıcı faktdır. Daha pisi isə bu səkkiz klubdan yalnız ikisinin bilavasitə əyaləti təmsil etməsidir. “Sumqayıt” Bakıdan cəmi 30 kilometr uzaqlıqdadı və təbii ki, bölgə hesab oluna bilməz. “Qarabağ” isə, ermənilərin Ağdamı işğal etməsindən sonra məcburən paytaxtda məskunlaşıb. Belədə “Qəbələ” və “Kəpəz”dən savayı qalan bütün klublar Bakını təmsil etdiyindən ölkə çempionatı Bakının açıq çempionatına bənzəyir. Rayonlarda böyük futbolun olmaması isə sözsüz ki, öz təsirini uşaq futboluna da göstərir. Hələ ötən layihəmizin icrası zamanı, Gəncə futbolundan bəhs edərkən “Kəpəz”in sabiq kapitanı, hazırda klubda məşqçi kimi çalışan Azər Məmmədov bu vacib məqamı dilə gətirmişdi. Bildirmişdi ki, “Kəpəz”in uzun müddət Azərbaycan çempionatında iştirak etməməsi Gəncə futboluna ciddi mənada mənfi təsir göstərib, yeniyetmə və gənclərin top oyununa marağını azaldıb, uşaq məktəblərini dağılmaq həddinə çatdırıb. Premyer Liqadakı vəziyyət aşağı yaş qruplarına da təsir edib. AFFA-nın bayrağı altında keçirilən yarışların iştirakçılarının sırasına baxanda bunu aydın hiss etmək mümkündür. Assosiasiya hər nə qədər çempionatda ölkənin bütün rayonlarının iştirakına çalışsa da, sonradan sıralanan texniki məğlubiyyətlərdən qaçmaq mümkün olmur. Çempionatın əvvəllərində yarışa qatılan bəzi rayonların təmsilçiləri, daha sonra hansısa səbəblərdən meydana çıxmır, yarışda iştiraka davam etmirlər. Ardıcıl 3 texniki məğlubiyyət isə, həmin komandaların çempionatdan kənarlaşdırılmasıyla nəticələnir. Artıq neçənci mövsümdür ki, aşağı yaş qrupları üzrə çempionatlarda bu cür texniki məğlubiyyətlərin, çempionatdan çıxarılan komandaların sayını-hesabını itiririk. AFFA-nın keçirdiyi U-19 liqasının son mövsümündə 12 komanda iştirak edib.
Elitadan fərqli olaraq, burada Tovuz “Turan”ı da mübarizə aparıb və yekunda 10-cu yerdə qərarlaşıb. Maraqlıdır ki, tovuzlular qərb bölgəsinin digər təmsilçisi “Kəpəz”i və mövsümün ortasında çempionatdan uzaqlaşdırılan “Şərurspor”u qabaqlamağı bacarıblar. “Turan”la “Kəpəz”in turnir cədvəlinin “zirzəmisində” qərarlaşması faktının özü, qərb rayonlarındakı uşaq futbolunun vəziyyətindən xəbər verir. Bu acınacaqlı vəziyyətin əsas səbəblərindən biri, stadionların yararsızlığı, şəraitsizlik səbəbindən az-çox ayağı top tutanların paytaxt klublarına və “Qəbələ”yə üz tutmasıdır. Premyer Liqada olduğu kimi, burada da “Qarabağ”ın çempion olması və “Qəbələ”nin 2-ci pillədə qərarlaşması isə əlavə şərh tələb etmir. Azərbaycan futbolunun hazırkı reallığı belədir.
U-17 çempionatında “Xəzər Lənkəran” imzası
2004-ci ildən sonra Azərbaycan futbolunda “Cənub fırtınası” qopdu. Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun şəxsi təşəbbüsü və sponsorluğu ilə, “Xəzər Lənkəran” klubu yaradıldı və ilk gündən ölkənin ən iddialı komandalarından birinə çevrildi. Ölkənin cənubundan qısa müddətdə böyük futbol infrastrukturu, müasir stadion və baza inşa olundu. Adlı-sanlı legionerlər, tanınmış məşqçilər Azərbaycanın cənub bölgəsinə axın etməyə başladılar. Həmin vaxtlar deyən olsaydı ki, gün gələcək “Xəzər Lənkəran” Azərbaycan Premyer Liqasının autsayderinə çevriləcək, daha sonra isə elitanı tərk edib fəaliyyətini dayandıracaq, kimsə inanmazdı. Amma bu gün acı reallıq belədir ki, artıq ardıcıl ikinci mövsüm ölkə çempionatının püşkatması “Xəzər Lənkəran”sız keçirilir, elita iştirakçıları çətin Lənkəran səfərinə yollanmırlar. Bəli, “Xəzər Lənkəran” Azərbaycan futbolundakı yerini boş qoyub. Elitada olduğu kimi, birinci divizionda və U-19 komandalarının çempionatında da “gəmiçilər”in adına rast gəlmək mümkün deyil. Ötən mövsüm “Xəzər Lənkəran”ın 17 yaşadək yetirmələrindən ibarət komandası, U-17 liqasında iştirak etməklə, komandanın adını yaşatmağa çalışıb. 13 komandanın yarışdığı çempionatda Lənkəran təmsilçisi topladığı 20 xalla 9-cu olub. Təəssüf ki, Tovuz “Turan”ı U-17 liqasının iştirakçıları arasında yoxdur. “Kəpəz” isə burada da autsayderdir. Hər halda 13 komanda arasında 11-ci yer Gəncə futbolunun ənənələrinə, “Kəpəz”in tarixi uğurlarına yaraşan nəticə deyil. “Qəbələ”nin U-17 komandasının da zəif nəticələri diqqət çəkir. Çempionluğa oynayan böyüklərdən fərqli olaraq “qırmızı-qaralar”ın 17 yaşadək futbolçulardan ibarət komandası, bu çempionatda “İnter”i 3 xal qabaqlamaqla 4-cü ola bilib.
Ağsu və Tovuz komandasının yarışdığı çempionat
“Qəbələ”nin U-17 komandası zəif təsir bağışlasa da, onlardan bir yaş kiçiklər yarışdıqları çempionatda birinciliyi heç kimə güzəştə getməyiblər. “Qırımızı-qaralar”ın çempion olduğu U-16 liqasında 12 komandanın mübarizə apardığını qeyd edək. “Qəbələ”dən savayı bu çempionatda Ağsunun eyniadlı komandası və “Kəpəz”lə “Turan” da mübarizə aparıb. Təəssüflər olsun ki, əyalət təmsilçiləri burada da zəif təsir bağışlayıblar. “Turan” 12 komanda arasında sonuncu pillədə qərarlaşıbsa, “Ağsu” onları cəmi iki pillə qabaqlaya bilib. Bu yaş qrupunda “Kəpəz”in vəziyyəti nisbətən yaxşıdır. Gəncəlilərin topladığı 19 xal onlara çempionatı 8-ci yerdə bitirməyə imkan verib. Sevindirici haldır ki, U-15 liqasında Gəncə iki komanda ilə təmsil olunur. Özü də “Nizami yurdu”nu təmsil edən komandalar mövsümü də qonşu pillələrdə başa vurublar.
“Qəbələ”nin birinciliyi heç kimə güzəştə getmədiyi çempionatda “Gəncə TİM” 9-cu, “Kəpəz” isə 10-cu olub. Ağsu və Tovuzun təmsil olunmadığı bu yaş qrupunda Şəmkiri eyniadlı komanda, İmişlini isə “Mil Muğan” təmsil edib. Amma səviyyə fərqi burada da özünü göstərib. Hərəyə cəmi 3 qələbə qazana bilən əyalət təmsilçiləri çempionatı sonuncu sıralarda başa vurublar.
Yaş azaldıqca əyalət komandalarının nəticələri yaxşılaşır
Daha aşağı yaş qrupları üzrə çempionatlar fərqli sistem üzrə keçirildiyindən, orada rayonları təmsil edən komandaların sayı daha çoxdur. Amma, bu, heç də vəziyyətin mükəmməl olduğundan xəbər vermir. Məsələ ondadı ki, kütləvi şəkildə texniki məğlubiyyətlər və çempionatdan kənarlaşdırmalar məhz 14 yaşdan aşağı qruplar üzrə komandaların yarışdığı turnirlərdə qeydə alınır. U-14 liqasının son mövsümündə 1/8 finala yüksələn 16 komanda arasında Gəncə, Naxçıvan, İmişli, Qusar, Lənkəran, Neftçala, Mingəçevir və Qəbələ təmsilçiləri yer alır. Gəncənin Təhsil və İdman Məktəbinin komandasının finala qədər irəliləməsi isə sevindirici məqamdır. Finalda gəncəlilər “Neftçi”yə 1:2 hesabıyla uduzmaqla gümüş medallara yiyələniblər. 13 yaşadək olan uşaqların yarışdığı çempionatda isə, Qəbələni təmsil edən komanda hamıdan güclü olub. U-12 liqasında da “Qəbələ” çempion adını qazanıb. Finalda qəbələlilər “Azəri” Təhsil və İdman Məktəbinin komandasının qapısından üç cavabsız top keçiriblər. Maraqlıdır ki, U-11 liqasının da çempionu Qəbələ təmsilçisidir. Həlledici qarşılaşmada “Neftçi”ni 2:1 hesabı ilə yenən “Qəbələ” aşağı yaş qruplarında hegomonluğu ələ almaqda iddialı olduğunu isbatlayıb. Ən kiçik yaş qrupunda isə, “Neftçi” qalib adını qazanıb. “Xalq komandası”nın yetirmələrinin bu qələbəsi belə düşünməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda əsasən “Neftçi”nin və “Qəbələ”nin yetişdirdiyi futbolçular öz sözlərini deməyi bacaracaqlar.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir