LAYİHƏ: Bölgə futbolunun hazırkı durumu: sabaha ümid varmı?

SportLine.az Azərbaycan futbolunun problemləri və onların həlli yollarından bəhs edən layihə çərçivəsində 6-cı yazını dəyərli oxucularına təqdim edir. Ötən yazımızda sizə “Qəbələ” Futbol Akademiyasından  bəhs etdik. Çalışdıq ki, əyalətdə fəaliyyət göstərən akademiya və orada görülən işlər barədə menecer Nail Kərimovdan ətraflı bilgi alaq. Təqdim olunan statistik göstəricilərdən də görünürdü ki, “Qəbələ” Futbol Akademiyası, artıq, çəkilən zəhmətin və xərcin qarşılığını görməyə başlayıb. Zaman keçdikcə də, bu futbol məktəbində yetişən gənclərin adına həm Premyer Liqada mübarizə aparan klubların heyətində, həm də milli komandalarımızda daha çox rast gələcəyik. Sözsüz ki, bu cür akademiyaların sayının artması, ümumikdə Azərbaycan futbolunun inkişafına böyük töhvə vermiş olardı. Hər akademiyada 3-5 nəfər yetişərsə, nə klublarımız səviyyəli yerli futbolçu qıtlığından əziyyət çəkər, nə də Robert Prosineçki hər dəfə kimlərə dəvət göndərəcəyi sualının ətrafında baş sındırar. Hazırkı durum məhz belədir. Əyalətlər futbol infrastrukturunun azlığı və şəraitsizliyindən əziyyət çəkirlər. Nəticədə isə gördüyümüz mənzərə ilə üz-üzə qalırıq. Azərbayacanın aşağı yaş qrupları üzrə çempionatlarının təhlilini apararkən də gördük ki, Premyer Liqada olduğu kimi, orada da bölgə təmsilçilərinin sayı çox azdır. Olanlar da turnir cədvəlinin aşağı pillələrində var-gəl edir, rəbabətə davam gətirə bilmirlər. Əyalət təmsilçilərinin Premyer Liqada və birinci divizionda iştirak edə bilməməsinin səbəbləri illərdir yazılır və deyilir. Bu çətinliklərdən ən birincisi maddiyatdır. Sponsorların olmaması və ya olanların da sonradan geri çəkilməsi klubların dağılmasına səbəb olur. Premyer Liqada klub saxlamaq isə yetərincə böyük vəsait tələb edir. İş adamları nəinki elita təmsilçilərinin böyük xərclərini qarşılamağa həvəs göstərirlər, heç bölgələrdəki divizion komandalarına da yaxın durmaq istəmirlər. Bölgələrdə peşəkar futbol klublarının olmaması, böyük futbolun əyalətlərə “qonaq getməməsi” uşaq futboluna da öz təsirini göstərir. Elə bunun nəticəsidir ki, əvvəllər futbol ənənələri olan bir-çox rayonlarda indi səssizlik hökm sürür, azyaşlıların top qovmağa marağı xeyli azalıb. Mövcud durum isə ən çox uşaq futbolu mütəxəssislərinin işini çətinləşdirir. Hər halda onların özünü dinləməklə vəziyyəti daha yaxşı öyrənmək mümkündür. Bakıdan kənarda uşaq futbolunun vəziyyəti necədir? Gələcəyə ümidlə baxmaq üçün kiçik də olsa, zəmin varmı? Məşqçilərdən soruşduq...

Qusarda uşaq futbolu yenidən dirçəlir

 Bir vaxtlar şimal bölgəsinin Azərbaycan futbolunda xüsusi yeri var idi. Quba və Qusar rayonlarının hərəsinin öz “Şahdağ”ı ölkə çempionatında mübarizə aparırdı. Quba təmsilçisi çoxdandır ki, unudulub. Ağ alması ilə məşhur olan rayonun futbolunda sükut hökm sürür. Qonşu rayona nisbətən Qusarda hərəkətlilik var. Qusar “Şahdağ”ı uzun müddətdir ki, Premyer Liqada görünməsə də, birinci diviziondakı çıxışını davam etdirir. Bundan başqa Rahid Əmirquliyevin adı gələndə də hər kəsin yadına elə “Şahdağ” və Qusar futbolu düşür. Hazırda millimizin və ölkə çempionu “Qarabağ”ın əsas heyət üzvlərindən biri olan Rahid “Şahdağ”ın yetirməsidir, top oyununun sirlərini məhz orda öyrənib, ilk addımlarını orta atıb. Şimal bölgəsində gələcəkdə Əmirquliyev kimi məşhurlaşmağa namizəd azyaşlı futbolçu varmı? Qusarlı balacalara futbolun sirlərini öyrədən çalışdırıcı Elman Eldarovun dediyinə görə var, gələcəkdə hələ çox Rahidlər yetişdirib, Azərbaycan futboluna verəcəklər. Qusarda uşaq futbolu dirçəlməyə başlayıb. Onunla söhbətimizdən sonra bizdə də Qusar futbolunun gələcəyi ilə bağlı nikbin əhval-ruhiyyə yarandı. Elman müəllim yayın istisinə baxmayaraq məşqlərə ara vermədiklərini, uşaqların da məşq etməyə həvəslə gəldiklərini dedi: - Mən ötən ilə qədər Qusarda uşaqlara məşq keçirdim. Sonra bəzi çətinliklər yarandı. Şəxsi işlərimlə bağlı sevimli işimdən ayrılmalı oldum. Təxminən bir illik fasilədən sonra fəaliyyətimizi bərpa etmişik. Özüm də elə bu rayonda böyümüşəm, “Şahdağ”ın futbolçusu olmuşam. Bizim vaxtımızda ümumilikdə ölkə futbolunda bir durğunluq var idi. Mən və yaşıdlarım yalnız futbola olan sevgimizə və həvəsimizə görə futbol oynayırdıq, Qusarı layiqincə təmsil etməyə çalışırdıq. Amma indi yaxşı futbolçu üçün inkişaf etməyə şans var. Özünü göstərə bilsən, Qusarda da olmasa, lap Bakıya gedib futbol oynaya, inkişaf edə bilərsən. Yetər ki, istedad və əzmkarlıq olsun.

- Deməli, vəziyyətin müsbətə doğru dəyişdiyini düşünürsüz? Belə çıxır ki, gördüyünüz işlərin bəhrəsi də tezliklə olacaq...

 - Əvvəlki çətin dövrlərlə müqayisə edəndə, indi heç bir ciddi problemin olmadığını demək olar. Xüsusilə də son vaxtlar “Şahdağ” klubunun rəhbərliyi uşaq futboluna diqqəti artırıb. Məşq üçün optimal şərait yaradılıb. Klub prezidenti Ərəstun Niftəliyev əlindən gələni edir ki, Qusarda uşaq futbolu dirçəlsin. Həftədə dörd dəfə məşq edirik. İki komandanı formalaşdırırıq. Bunlardan biri U-11 liqasında, digəri isə U-12-də iştirak etməyə hazırlaşır. Başlanğıç üçün bu iki komandaya diqqət ayırmağı məqsədəuyğun saydıq. Avtobusla da təmin olunmuşuq. Ehtiyac yarananda Nabrana dəniz qırağına gedirik. Orda əsasən qaçırıq, sürəti yüksəltmək üçün müxtəlif məşğələlər keçirik. Fiziki hazırlıq üçün meşəyə getdiyimiz vaxtlar olur. Dağ meşələrində hava daha təmiz və sərin olur. Lazımi inventarlarla da təmin edilmişik. Su içmək üçün xüsusi qablar, uşaqlara məşq formaları verilib. Toplar da kifayət qədərdir. Qalır çempionata yaxşı hazırlaşmaq və Qusarı orda yaxşı təmsil etmək. Kiçik ölçülü süni örtükdə və əsas meydanda məşq edirik. Şəhər stadionu müəyyən saatlarda bizim ixtiyarımıza verilir. Ötən mövsüm bütün bunlar olmayıb. Ona görə də AFFA-nın bayrağı altında keçirilən çempionatlarda “Şahdağ”ın komandaları çıxış etməyib. –

Hazırda hər komandanızda neçə uşaq məşq edir?

- U-11 liqasına hazırlaşan komandamızda 15 uşaq məşq edir. U-12-də isə say daha artıqdır, 22-ci futbolçu bu günlərdə sıralarımıza qatılıb. Hamısı da böyük həvəslə məşqlərə qatılırlar. Hiss edirəm ki, ötən bir ildə rayonda uşaq futbolunun olmaması onlara da təsir edib. İstəyirlər ki, çox məşq etsinlər, rayonumuzun futbolu yenidən əvvəlki vaxtlara qayıtsın. –

Maraqlı məqama toxundunuz. Yəqin ki, o uşaqlar da Rahid Əmirquliyevin kim olduğunu bilirlər. Gələcəkdə onların arasında elə bir futbolçu çıxacaqmı, Azərbaycan çempionluğuna, milli komandaya qədər yüksəlsin?

 - Niyə də olmasın? Rahid də bir vaxtlar bu uşaqlar kimi məşqlər keçib, “Şahdağ”da oynayıb. Öz istedadı və zəhməti sayəsində yüksəlib. Deməli, onun davamçılarının yetişməsi mümkünsüz deyil. İndiki U-11 komandamızda üç futbolçu var ki, əminəm gələcəkdə adlarından söz etdirə bilərlər. U-12-də də gözədəyən, digərlərindən fərqlənənlər var. Əsas odu ki, rayonda futbol olsun. Rəhbərlik də bunu başa düşür. Artıq bu ildən təminat xeyli yaxşılaşıb. Uşaqlar da bunu başa düşürlər. Məşqlərdə onların gözləri alışıb-yanır. Böyük futbolçu olmağa namizədlər var.

- Dediz ki, həftədə 4 dəfə məşq üçün yığışırsız. Bu müddət ərzində məşqləriniz nədən ibarət olur?

- Həftənin cüt günləri sırf hazırlıqla məşğul oluruq, uşaqlara müxtəlif futbol hərəkətlərini, topla davranış qaydalarını başa salırıq. Xüsusi proqramla fiziki hazırlıq üzərində işləyirik. Bazar günü isə sırf futbol oynamağa həsr edirik. İki tərəfli oyunda onların bunu necə qavradığını görürük, səhvləri üzə çıxarırıq. Bununla da oyun təcrübəsi də qazzanmış oluruq. Artıq ikinci aydır ki, eyni qrafiklə davam edirik.

- Uşaqlarda sizi xüsusilə narahat edən hansısa xüsusiyyət və ya nöqsan görürsünüzmü?

- Yayın istisinə baxmayaraq, uşaqlar məşqə həvəslə gəlirlər. Valideynlər də onlarla birlikdə. Sona qədər məşqi izləyirlər. Uzaq kəndlərdən maşınla gələnlər var. Bu yaşda uşaq üçün həvəs vacibdir. Məsuliyyət də var. Sözsüz ki, onlardan birdən-birə çox şey tələb edə bilmərik. Onlar bura öyrənməyə, püxtələşməyə gəlirlər. Xüsusi nədənsə şikayətlənməyə dəyməz. Bizim də vəzifəmiz nöqsanları görmək, onların həllinə çalışmaqdır. İşimizin nəticəsini çempionatda görəcəyik.

- Məşğələləriniz ödənişlidirmi?

- Yox, məşqlərə görə heç bir valideyndən pul tələb olunmur. Yetər ki, uşaqlar məşqə gəlsinlər. Əksinə, uşaqların nəyisə çatmayanda mən rəhbərlikdən xahiş edirəm, çalışırıq ki, köməklik göstərək.

- Sizin sözlərinizdən belə qənaətə gəldik ki, bir-neçə ildən sonra “Şahdağ” yenidən öz yetirmələri ilə Azərbaycan futbolunun səhnəsinə qayıdacaq...

- Əlbəttə. Buna inanmağa dəyər. Rəhbərlik də, komandanın sponsorları da bizə söz veriblər. Bütün problemlər həll olunacaq. Bizim işimiz məşq etmək, futbolçu yetişdirməkdir. Artıq “Şahdağ”ın əsas komandasına da diqqət artırılıb, münasibət dəyişib. Bu da bizim üçün bir stimuldur.

“Plastik” və “Muğan” olmasa da...

Salyanda da SSRİ dövrü və müstəqilliyimizin ilk illərindən bəri futbol oub. Uzun müddət rayonu respublikanın müxtəlif birinciliklərində “Pambıqçı”, “Plastik” kimi komandalar təmsil edib. Sonuncu komanda Azərbaycanın ilk milli çempionatının da iştirakçısı olub. Bir-neçə il bundan əvvələ qədər isə, Salyanı ölkə Premyer Liqasında “Muğan” təmsil edirdi. Mükafatlara iddia edən komandalar sırasında olmağı bacarmayan komanda sonradan aşağı divizionun yolunu tutdu. Hazırda Salyan futbolunun hansı vəziyyətdə olduğunu öyrənmək üçün “Plastik”in və “Pambıqçı”nın şərəfini qorumuş, məşqçi kimi “Muğan”da çalışmış Heydər Ağayevi axtardıq. Onunla söhbətimizdə öyrəndik ki, rayonda peşəkar klub olmasa da, elə öz yetirməsi Vasif Əliyevlə birlikdə futbolu yaşatmağa çalışırlar:

- Hazırda 5 uşaq komandasını formalaşdırmışıq. Məşqlərimizi davam etdiririk. Paralel olaraq da sənədləri toplamışıq. Bütün uşaqların qeydiyyatını apardıq və Cənub zonası üzrə çempionatda iştirak etmək üçün lazım olan tələbləri yerinə yetirmişik. U-10, U-11, U-12, U-13 və U-14 komandamız bu il AFFA-nın keçirdiyi müvafiq yaş qrupları üzrə çempionata qatılacaq. Məşqlərimizi Salyan Olimpiya Kompleksində davam etdiririk. Bu beş komandadan ikisini mən çalışdırıram. Digər üçünə isə Vasif Əliyev nəzarət edir. Ənənələri qorumaq istəyirik. Ona görə də həmin 3 komanda “Muğan”ın adını daşıyır. Hər halda son bir-neçə ildə Salyan futbolunu “Muğan”la tanıyıblar. Mənim rəhbərlik etdiyimi iki komanda isə rayon Uşaq Gənclər İdman Məktəbinin nəzdindədir.

- Təminatınız necədir? Topla, formayla və ya digər ləvazimatlarla necə təmin olunursuz?

- Əvvəlki illərdə AFFA tərəfindən qayğıyla əhatə olunmuşduq. Nə lazımdırsa, Bakıdan bizə göndərirdilər. Hər komanda üçün ayrıca toplar və formalar alırdıq. Yəqin ki, yeni mövsüm üçün imkan daxilində kömək edərlər. Hələ sənədləri yeni təqdim etmişik. Çempionatın başlamasına qədər vaxtımız var. Əvvəlki formaları da səliqəylə istifadə etmişik. Hamısı yuyulub, təmiz saxlanılıb. Zərurət yaransa, geyinmək olar.

- Olimpiya kompleksində məşqlərə görə sizdən hansısa ödəniş tələb olunurmu?

- Yox, bütün uşaq komandaları meydançadan, paltardəyişmə otaqlarından pulsuz istifadə edirlər. Bizə bunun üçün bütün şərait kompleks rəhbərliyi tərəfindən yaradılıb. Heç bir maneə, yaxud da ödəniş tələbi yoxdur.

 - Uşaqların məşqə marağı, potensialları necədir? Gələcəkdə böyük futolda ad qoya biləcək uşaq görürsünüzmü?

- Hazırda “Qəbələ”nin heyətində mənim bir yetirməm çıxış edir - Cavidan Rəhimli. U-17 millisinin heyətinə də çağrılır. Makedoniyaya qarşı oynayan komandada da yer alırdı. “Vətən” də bizim bir yetirməmizi Bakıya aparıb. Onun adı isə İzzət Əliyevdir. Şərait daha yaxşı olsa, məşqlərimiz intensivləşsə, bu cür adları daha çox ortaya çıxarmaq olar. Əvvəlki illərə nisbətən indi uşaqların futbola marağı azalıb, valideynlər onların təhsilində daha çox maraqlıdırlar. Bu məqam bizim də seçim aparmaq şanslarını azaldır. Elə uşaq var, görürsən ki, onda istedad var, amma valideynləri futbolla müntəzəm məşğul olmasına imkan vermirlər. Rayonda peşəkar klubun, ölkə çempionatında yarışan komandanın olmaması da buna təsir edir. Çünki uşaq o futbolçulara baxır və həvəslənir. Böyük futbolçular arasında özünə kumir seçir. Çalışır ki, onlara oxşasın və bunun üçün səylə çalışır. Bu gün 60-a yaxın uşaq məşqlərə qatılır. Salyan boyda rayon üçün elə də böyük rəqəm deyil. Böyük futbolçuların çoxu topdaşıyanlıqdan keçib. Hamımız bu yolu keçmişik. Elə mən özüm də.

 - Bu gün Salyanda birinci divizionda iştirak edə biləcək komanda formalaşdırmaq olar?

 - Açığını deyim ki, yox. 5-6 ildi məşqdən uzaq düşən yetirmələrim var. Komanda olmadı, onlar da hərəsi bir işin dalınca getdilər. Həvəskar səviyyədə futbol oynaya bilirlər. Amma peşəkarlıq üçün müntəzəm məşqlər lazımdır. Bu isə olmayıb. Onları yenidən həmin səviyyəyə çatdırmaq üçün xeyli müddət tələb olunur. Davamlı məşqlərin olmaması özünü göstərir. Uşaq futbolundan böyük yaşa qədər fasilə verilmədən bu yolu keçmək lazımdır. Arası kəsildisə, hər şey bitdi. Bu gün rayonda bir sponsor tapılsa və məndən komanda yaratmağı tələb etsələr, Salyanın buna hazır olmadığını deyərəm. İllər lazımdır ki, itirdiklərimiz bərpa olunsun. Rayon rəhbərliyi də imkan daxilində bizimlə maraqlanır. Nəticələrimiz olanda bizi qəbul edirlər, xatirə hədiyyələri verirlər. Bu da uşaqları həvəsləndirir. Şəxsən rayonun icra başçısı bizi qəbul etdi, işlərin gedişi ilə maraqlandı. Amma peşəkar komanda yaratmaq üçün şərtlər tamam başqadır. Günümüzün futbolu atletizm üzərində qurulub. Fiziki hazırlıq ön plandadır.

- Ötən mövsümkü nəticələriniz necə olmuşdu?

- U-11 komandamız Cəlilabadda keçirilən oyunlarda “play-off”a vəsiqə qazandı. Lənkəranda da qalib olduq və “Qəbələ” ilə qarşılaşdıq. “Qəbələ” isə çox güclü idi və bizə 5:1 hesabı ilə qalib gəldilər. Bildiyiniz kimi, sonradan həmin komanda çempionatın qalibi oldu. Yəni, bu nəticəyə görə uşaqları qınaya bilməzdim. U-10 və U-13 komandamız “play-off”a çıxa bilmədi. Bu il komandaların sayını artırmışıq, uşaqlar da çoxalıb. İnanıram ki, gələn mövsüm daha yaxşı nəticələr qazanacağıq.

Heydər Ağayevlə, Elman Eldarovla söhbətimizdən sonra ürəyimizdə kiçik bir ümid işığı yarandı. İnanmaq istərdik ki, bu gün Qusarda, Salyanda, eləcə də Azərbaycanın digər rayonlarında, futbolla məşğul olan uşaqların arasından, gələcəyin tanınmış futbolçuları çıxacaq. Bir gün onlar da peşəkar komandaların heyətində Azərbaycanı layiqincə təmsil edəcəklər.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir