LAYİHƏ: Futbolun inkişafına dair dövlət proqramı necə icra olundu? -

SportLine.az Azərbaycan futbolunun problemləri və onların həlli yollarından bəhs edən layihə çərçivəsində 7-ci yazını dəyərli oxucularına təqdim edir. 

Əvvəlki yazılarda diqqəti əsasən uşaq futboluna və o sahədəki problemlərə yönəltdik. Bundan başqa bölgələrdəki vəziyyətə nəzər saldıq. Aşağı yaş qrupları üzrə çempionatlarda əyalət təmsilçilərinin payına, Bakıdan kənardakı uşaq komandalarının vəziyyətinə yaxından baxmağa çalışdıq. Digərlərinə nümunə olsun deyə, Qəbələdə fəaliyyət göstərən futbol akademiyasının fəaliyyətini geniş işıqlandırdıq, “Qəbələ”nin uşaq komandalarının uğurunun “sirrini” öyrəndik. Növbə yaxın keçmişə çatıb. Araşdırmalarımız ölkə başçısı İlham Əliyevin imzaladağı futbolun inkişafına dair Dövlət Proqramının icrası və ondan sonrakı vəziyyətlə bağlı olacaq. Bununla yanaşı, Azərbaycanda yeni bir proqramın qəbul olunub-olunmaması barədə zərurəti araşdıracaq, qonşu ölkələrin təcrübəsinə nəzər salacağıq.

Dövlət başçımızın futbola xüsusi diqqəti

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev həmişə idmana və idmançılara xüsusi qayğı göstərib. Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başladığı ilk gündən, Azərbaycan idmanının inkişafına, yeni idmançı nəslinin yetişdirilməsinə, idman infrastrukturunun yaxşılaşdırılmasına, yeni olimpiya və idman komplekslərinin tikintisinə, dünya miqyaslı yarışlarda idmançılarımızın böyük uğurlar qazanmasına xidmət edən zəruri tədbirlərin görülməsinə dair müxtəlif sərəncamlar verib, məqsədyönlü tədbirlər həyata keçirib. Cənab prezidentin bu qayğısından idmanın şahı sayılan futbol da kənarda qala bilməzdi. Elə bunun nəticəsidir ki, dövlət başçısı 2005-ci ilin 10 oktyabrında, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzaladı.

1038 saylı sərəncamın giriş hissəsində xüsusilə vurğulanırdı ki, Azərbaycan respublikasında ən kütləvi və ən çox sevilən idman növü olan futbolun zəngin tarixi və ənənələri var. Bakının "Neftçi", Gəncənin "Dinamo" komandalarının qazandığı uğurlar futbol tariximizin şanlı səhifələridir. XX əsrdə Azərbaycanda dünya səviyyəli futbolçular, məşqçilər və hakimlər yetişib.

Daha sonra təəssüf hissi ilə aşağıdakılar qeyd olunurdu: “Son on beş il ərzində futbolumuz şöhrətini itirmiş, bu idman növünə maraq və diqqət azalmışdır. Göstərilən dövrdə ölkədə futbolla məşğul olanların sayı 200 min nəfərdən 74 min nəfərə enərək, iki dəfədən çox azalmışdır. Yaranmış acınacaqlı vəziyyət futbol üzrə milli yığma komandaların nəticələrinə mənfi təsir göstərir. 1992-ci ildən etibarən dünya və Avro-pa çempionatlarının seçmə mərhələlərində Azərbaycan milli yığma komandası öz qrupunda sonuncu yerlərlə kifayətlənmişdir. Yeniyetmələrdən və gənclərdən ibarət yığma komandalarımız da beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edə bilməmişlər”.

Sərəncamda ölkə futbolunun problemləri dəqiqliklə göstərilir, onlardan çıxış yollarının tapılması üçün kompleks tədbirlərin həyata keçirilmə nəzərdə tutulurdu.

Dövlət Proqramının əsas məqsəd və vəzifələri nə idi?

Cənab prezidentin imzaladığı sərəncamda geniş bir tərkibi əhatə edən nazirlik və dövlət qurumlarının qarşısına konkret tapşırıqlar qoyulmuşdu. Əsas yük Gənclər və İdman Nazirliyi ilə AFFA-nın üzərinə düşsə də, Ədliyyə, İqtisadi İnkişaf, Maliyyə nazirliklərinin də konkret tapşırıqları müəyyənləşdirilmişdi. Bundan başqa yerli icra hakimiyyəti orqanları da dövlət proqramının icrasına öz dəstəklərini verməli, üzərlərinə düşən tapşırıqları yerinə yetirməyə çalışmalı idilər.

Dövlət Proqramının icrası zamanı qarşıya qoyulmuş məqsədlər 6 bölməyə ayrılmışdı. Bu bölmələr aşağıdakılar idi:

1) futbolun infrastrukturunu genişləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək;

2) futbol mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması sistemini təkmilləşdirmək;

3) uşaq-yeniyetmə futbol məktəbləri şəbəkəsini inkişaf etdirmək, futbolda xüsusi istedadı olan uşaqlar üçün ixtisaslaşdırılmış futbol internat məktəblərini, ehtiyat futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzlərini yaratmaq;

4) futbolla bağlı məlumat-maarifçilik və təbliğat işini gücləndirmək;

5) futbol sahəsində qabaqcıl texnologiyaları tətbiq etmək məqsədilə xarici futbol təşkilatları və qurumları ilə əlaqələr qurmaq və onları inkişaf etdirmək;

6) əhalinin bütün təbəqələrinin futbol meydançalarından və qurğularından istifadəsinə imkan yaratmaq

Göründüyü kimi, bu 6 bənddə futbolun inkişafı üçün bütün zəruri məqamlar nəzərə alınıb. İlk növbədə yeni futbol meydanlarının, məşq bazalarının tikintisi, mövcud olanları isə müasir standartlara uyğunlaşdırmaq, daha sonra isə həmin idman qurğularında uşaq və yeniyetmə futbol məktəblərinin inkişafl, eyni zamanda müasir futbolun incəliklərindən xəbərdar olan mütəxəssislərin hazırlanması hədəflənib. Bununla yanaşı idmanın ən sevilən növünün təbliğatı da unudulmayıb. Proqramın icrası zamanı əhalinin bütün təbəqə və yaş qruplarının futbola olan marağının artırılması, eləcə də qabaqcıl texnologiyanın imkanlarından yararlanmaq üçün beynəlxalq əlaqələrin qurulması da xüsusi vurğulanıb.

Proqrama əsasən, təhsil müəssisələrində futbol bölmələrinin açılması, metodik vəsaitlərin hazırlanması, futbolun xüsusi fənn kimi tədris edilməsi üçün proqramların işlənməsi, şagird və tələbələrin, eləcə də məhəllə komandalarının arasında çempionatların keçirilməsi nəzərdə tutulurdu.

Proqramın icrası müddətində nələr olmalı idi?

12 il bundan əvvəl imzalanmıış dövlət proqramına nəzər yetirdikdə onun həqiqətən də hərtərəfli hazırlandığını, Azərbaycan futbolunun problemlərini əhatə etdiyini və onlardan çıxış yolu tapmaq üçün düzgün istiqamətlər müəyyənləşdirdiyini görmək mümkündür. Futbol da idmanın ən populyar növü kimi sağlamlığa və düzgün həyat tərzinə xidmət edir. İnsanlar arasında heç də əbəs yerə “sağlam bədəndə sağlam ruh olar” deyimi məşhurlaşmayıb. Məlum məsələdir ki, idmanla məşğul olan uşaq və yeniyetmələr pis vərdişlərdən uzaq olur, asudə vaxtını səmərəli keçirir, eləcə də sağlam və gümrah, fiziki cəhətdən güclü şəxsiyyət kimi formalaşır. Dövlətimizin və onun başçısının idmana qayğısının da kökündə məhs bunlar durur. Eləcə də artıq dünyada qəbul olunmuş bir qayda var ki, idman ( o cümlədən futbol) ən yaxşı təbliğat vasitəsidir. Beynəlxalq miqyasda imdançılarımızın qazandığı hər bir uğur ölkəmizə olan diqqəti artırır.

Bu səbəbdən də sözügedən dövlət proqramının icrasından gözlənilən nəticələr sırasında, ilk bənddə məhz gənc nəslin sağlam ruhda böyüdülməsinin vacibliyi vurğulanır. Ümumilikdə isə gözlənilən nəticələr sırasında 7 bənd yer alır:

1) cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin tətbiq edilməsinə;

2) futbolun populyarlaşması nəticəsində ölkədə bədən tərbiyyəsi və idmanla, o cümlədən futbolla məşğul olan vətəndaşların sayının artırılmasına;

3) ölkənin ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsil müəssisələrində, uşaq-yeniyetmə idman məktəblərində futbolla məşğul olan uşaq, yeniyetmə və gənclərin sayının artmasına;

4) ölkənin bütün bölgələrini əhatə edən futbol sahəsində istedadlı uşaqlar üçün ixtisaslaşdırılmış regional internat məktəblərinin yaradılmasına;

5) futbolun maddi-texniki bazasının inkişafı nəticəsində  yeniyetmə və gənclərin futbola cəlb edilməsinə;

6) ölkənin bütün şəhər və bölgələrində əlavə iş yerlərinin açılmasına;

7) beynəlxalq arenada ölkənin imicini qorumağa layiq olan beynəlxalq səviyyəli peşəkar futbolçuların hazırlanmasına.

10 illik proqram Azərbaycan futboluna nə verdi?

Bu suala müxtəlif cür cavab verənlər, razı və narazı olanlar var. Sovet İmperiyasının süqutundan sonrakı illərdə müstəqil dövlət kimi ilk kövrək addımlarını atan Azərbaycanda, bütün digər sahələrdə olduğu kimi, futbolda da ciddi çətinliklər var idi. Məcburən cəlb edildiyimiz amansız müharibə də gənc respublikamız üçün ciddi çətinliklər yaradırdı. Bu mənada mövcud idman qurğularının və stadionların dağılması, yeniyetmələrin futboldan uzaq düşməsi də həmin çətinliklərin nümunəsi idi. 90-cı illərin sonlarında və 2000-ci illərin əvvəllərində sürət götürən sosial iqtisadı inkişafın futboldan da yan keçməməsi üçün dövlətin diqqət və qayğısı vacib sayılırdı. Elə bu qayğının da bir təzahürü, 2005-ci ildə qabul olan dövlət proqramıdır.

Hər bir işin icrasında müəyyən nöqsanların olması qaçılmazdır. Şübhəsiz ki, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməsi zamanı da hansısa çatışmazlıqlar, çətinliklər yaşanmış, müəyyən tapşırıqların ideal səviyyədə sona çatdırılması mümkün olmamışdır. Amma nəzərə almaq lazımdı ki, futbolu inkişaf etdirmək yetərincə ciddi və mürəkkəb prosesdir. Burada uğur qazanmaq fərdi idman növlərində olduğu qədər asan deyil.

2005-2015-ci illər ərzində Azərbaycan futbolunda xeyli dəyişikliklər baş verdi. Artıq Azərbaycan çempionatında sabitlik yaradıldı, ölkə birinciliyinin yarışları peşəkar futbolun tələblərinə uyğun, yüksək təhlükəsizlik şəraitində keçirilməyə başladı. Premyer Liqada yarışan klubların əvəzedici komandaları arasında keçirilən çempionatla yanaşı, aşağı yaş qruplarının da mübarizəsinə start verildi. Bu isə futbolun kütləviləşdirilməsinə doğru atılmış ciddi addım idi. Milli komandalara diqqət artırıldı. Almaniya millisini Avropanın ən güclüsü etmiş Berti Foqts ölkəmizə dəvət olundu. Əvvəllər təsadüfi qələbələrinə sevindiyimiz millimiz 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində 9 xal toplamaqla yeni rekorda imza atdı. Məhz dövlət proqramının icrası müddətində ölkəmizin futbol klubları peşəkarlığa daha çox meyl etdilər, Premyer Liqa iştirakçılarına sponsorların diqqəti və maddi dəstəyi artdı. Bunun nəticəsində dünyanın bir çox tanınmış məşqçi və futbolçuları Azərbaycana ayaq açdılar. Ölkə çempionatında rəqabət yüksəldi. Çox keçmədi ki, ölkəmizi təmsil edən “Neftçi”, “Qarabağ”, “Qəbələ” kimi klublar avruboklarda ardıcıl uğurlar qazandı, qrup mərhələsinə yüksəlməyi bacardı. Ardıcıl iki il Avropa Liqasının qrupunda oynayan “Qəbələ” ilə yanaşı “Qarabağ” artıq bütün Avropada tanınır. Azərbaycan çempionu “Qarabağ” avrokubokların qrup mərhələsinin daimi iştirakçısına çevrilib. Bu il isə, ölkəmizin qitənin ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək.

Müasit tələblərə cavab verən futbol meydanlarının istifadəyə verilməsi də məhz bu dövrə təsadüf etdi. FİFA və UEFA-nın tələblərinə cavab verən stadionlar sayılan “Bayıl Arena”, “Dalğa Arena” və “Bakcell Arena” məhz bu proqramın nəticəsi sayılmalıdır. Möhtəşəm Bakı Olimpiya Stadionu isə Çempionlar Liqasının finalını keçirməyə iddiaçılar sırasındır. Halbuki, 10-15 il əvvəl belə stadionlara sahib olacağımızı xəyal edə bilməzdik.

Proqramda qeyd olunduğu kimi, futbol hakimlərinin yetişdirilməsi sahəsində də xeyli irəliləyə bilmişik. Azərbaycanlı FİFA referilərinin sorağı Avropanın bir çox meydanlarından, nüfuzlu yarışlardan gəlir. Gənc Əliyar Ağayev isə, Avropa Liqasının qrup mərhələsinin qarşılaşmalarını, milli komandalar arasında rəsmi seçmə oyunu və 19 yaşadək futbolçular arasında keçirilən qitə çempionatının finalını uğurla idarə edib. Deməli, AFFA-nın və düzgün inkişaf yolunu tutmuş klubların  fəaliyyəti sayəsində, futbolumuzun inkişafı naminə ilk addımları atmağı, bünövrə formalaşdırmağı bacarmışıq.

Bu yazımızda Dövlət Proqramının mahiyyətinə diqqət ayırdıq və onun icrası zamanı görülən işlərə qısa nəzər saldıq. Növbəti dəfə mütəxəssislərin fikirləri ilə davam edəcəyik.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir