LAYİHƏ: Kamal Quliyev: “Yeni proqramın qəbulu futbolumuz üçün təkan olar”
SportLine.az Azərbaycan futbolunun problemləri və onların həlli yollarından bəhs edən layihə çərçivəsində 9-cu yazını dəyərli oxucularına təqdim edir. Bu dəfəki yazımızda müsahibimiz Kamal Quliyev olacaq. Onu həmsöhbət seçməyimiz isə heç də səbəbsiz deyil. Üç aydan artıq bir müddətdir ki, “Neftçi”nin uşaq futbol akademiyasında baş seleksiyaçı vəzifəsində çalışan Quliyev, bu zaman kəsiyində, sözügedən sahənin problemləri ilə tanış olmaq imkanı qazanıb.
Bu ilin noyabrında 41 yaşını tamamlayacaq Kamal bəyin futbolçu karyerası da yetərincə zəngindir. Sumqayıt futbol məktəbinin yetirməsi, “Neftçi”də, “Karvan”da, “Xəzər Lənkəran”da və “Standard”da forma geyinməklə yanaşı, legioner həyatı yaşamağa da imkan tapıb. 2002/2004-cü illərdə Ukraynanın “Volın” komandasında 39 oyunda meydana çıxan Quliyev, orada da adından söz etdirməyi, azarkeşlərin ürəyinə yol tapmağı bacarıb. Təsadüfi deyil ki, “Volın”ın rəsmi saytında keçirilən sorğuların birində həmyerlimiz “ən yaxşı futbolçu” adına da layiq görülmüşdü.
1999-cu ildən milli komandamıza da dəvət alan Kamal, növbəti 6 ildə millimizin əvəzedilməz üzvlərindən birinə çevrilmişdi.
Onun məşqçilik karyerası da elə top qovduğu vaxtlardakı kimi uğurlu olub. “Neftçi”nin 2011/14-cü illərdə keçirdiyi ardıcıl 3 uğurlu mövsümdə Kamal Quliyev də məşqçilər korpusunda yer alırdı. “Ağ-qaralar”ın ölkə çempionatında rəqib tanımamasında, Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olmasında da Quliyevin köməkçi-məşqçi kimi rolu var. Daha sonra “Neftçala”ya rəhbərlik edən Kamal Quliyev əyalət təmsilçisini ardıcıl iki mövsüm birinci divizionda 1-ci pilləyə yüksəltməyi, çempion olmağı bacarmışdı. Həm futbolçu, həm də məşqçi kimi yetərincə uğurlar qazanmış, 25 ildir Azərbaycan futbolunun içində olan Kamal bəylə söhbətimiz yetərincə maraqlı alındı.
“Uşaq futbolunun problemlərinin həlli üçün vahid proqram olmalıdır”
- Azərbaycan futbolunu “Neftçi”siz təsəvvür etmək mümkün deyil. “Xalq komandası” bizim futbolumuzun güzgüsüdür. Uzun müddət ağ-qara formada top qovmusunuz. Hazırda isə “Neftçi”nin uşaq futbol akademiyasında çalışırsız. Deməli, bizim uşaq futbolunun problemləri sizə yad deyil.
- Doğru qeyd etdiniz. Azərbaycanda futbol olan gündən “Neftçi” öz ənənələri, yetirmələri ilə fərqlənib. Biz uşaq olanda da belə idi. Hər birimiz böyük futbolçu olmağın yolunu “Neftçi”də oynamaqda görürdük. Əmin idik ki, o səviyyəyə qalxa bilsək, dünyanın ən xoşbəxt insanı olacağıq. “Neftçi”nin bu ad-sanını, ruhunu həmişə qoruyub saxlamalıyıq. Həmişə bunun üçün çalışmışıq. İndi də həm “Neftçi”yə, həm də Azərbaycan futboluna xidmət etməklə məşğulam. Uşaq futbolundakı problemləri öyrənmək, onların həllinə çalışmaq təkcə bir nəfərin, yaxud da bir klubun işi deyil. Azarkeşlər də, funksionerlər də, hətta mətbuat da bu işdə vəhdət halında çalışmalıdırlar. Uşaq futbolu yetərincə məsuliyyət tələb edən bir sahədir. Burada çalışan hər bir şəxsin özünün öhdəçiliyi, strategiyasi və proqramı olmalıdır. Başqa cür mümkün deyil. Sistemli iş aparılmasa, məqsədə çatmaq olmaz. Bir məqama diqqət yetirək. Almaniya futbolunun müəyyən bir uğursuzluqdan keçdiyi illər var idi. Hamımızın yadındadır. Almanların milli komandaları uğura həsrət qalmışdı, yeni adlar yetişmirdi. Onlar başa düşdülər ki, böhran həddinə çatıblar. Dünya və Avropa çempionatlarında titulsuz qalmaq almanlar üçün faciəyə bərabər idi. Dərhal da “həyacan təbili” çalındı. Federasiya bütün alman futbol mütəxəssislərinə müraciət etdi, böhrandan çıxmaq üçün proqramların araşdırılmasına başlandı. Ölkə futbolunun problemlərinə biganə qalmayan hər bir məşqçi uğura aparan yolu öz gördüyü formada göstərdi, yeni inkişaf mərhələsinə qədəm qoymaq üçün təkliflərini yazdı və müzakirəyə təqdim etdi. Bu proqramların arasından Zammerin yazdığını özləri üçün prioritet seçdilər və onun üzərində işlər görməyə başladılar. İndi Almaniya futbolunun gəldiyi zirvə nöqtəsi, yetişən futbolçular hamısı bu proqramın nəticələridir. Sözsüz ki, biz almanların yazdıqlarını bütünlüklə əzbərləyə və zorla öz futbolumuza tətbiq edə bilmərik. Çünki hər bir millətin özünəməxsus xüsusiyyətləri var. Ola bilər ki, bizim yaxşı bacardığımız işi almanlar düzgün yerinə yetirə bilməzlər, yaxud da əksinə. Bu səbəbdən də futbolumuzun hərtərəfli öyrənilməsinə, problemlərin həlli üçün optimal çıxış yolunu göstərən planın həyata keçirilməsinə ehtiyac var. Həmin planda uşaq futbolunun kütləviləşdirilməsindən tutmuş, infrasturktura və təhsilə diqqət ayrılmasına qədər hər bir detal nəzərə alınmalıdır.
- Yəqin ki, siz də uşaq futbolunda öz işinin incəliklərini dərindən bilən peşəkar mütəxəssislərin çalışmalı olduğu fikri ilə razılaşarsınız...
- Elə sözümün davamını ora gətirmək istəyirdim. Düzdür, iradım heç də hamıya aid deyil. Amma təəssüflər olsun ki, Azərbaycanda bu sahədə vəziyyət bir qədər mürəkkəbdir. Savadsız mütəxəssislərin sayı çoxdur. Onlar kateqoriya alırlar və özlərini hər şeyi bilən kimi aparırlar. Kateqoriya almaq üçün aparılan kurslarda öyrədilənlər təkcə imtahan vermək üçün deyil, orda öyrəndiklərini sonradan öz məşqlərinə tətbiq etməli, yetirmələrinə çatdırmalısan. Bunu etməyəcəksənsə, oxumağa nə ehtiyac var?! Futbol təkcə fiziki güc və idman deyil, həm də bir elmdir. Peşəkar uşaq futbolu mütəxəssisi bilməlidir ki, hansı yaşdakı uşağın “yüklənməsi” nə qədər olmalıdır, onun bərpa prosesi nə qədər çəkməlidir, həmin uşaq hansı vitaminləri necə qəbul etməlidir. Çünki hər bir yaş həddinin öz tələbləri var. Təəssüf ki, bizdə yaş hədlərini bir-birindən ayırmayan, onları qarışdıranların sayı yetərincədir. Buna güclü nəzarət olunmalıdır. Özbaşınalığa əsla yol vermək olmaz. Mühüm problemlərdən biri də yaxşı mütəxəssis çatışmazlığıdır. Şəraiti də bura əlavə edərdim. Uşaq komandaları üçün təkcə meydançalar və məşqlər vacib deyil. Müxtəlif beynəlxalq turnirlərdə iştirak, xarici komandalarla qarşılaşmalar da vacibdir. Onları müxtəlif turnirlərə aparmaq lazımdır. Orada özlərindən səviyyəli rəqiblərlə qarşılaşırlar, fərqli oyun modelləri görürlər. Həm də psixoloji baxımdan möhkəmlənirlər. Azərbaycanın daxilində bir-biri ilə oynamaqla həmin səviyyəyə çatmaq olmaz. “Qəbələ”nin uşaq komandaları il ərsinzdə 2-3 dəfə ölkə xaricinə çıxır, müxtəlif beynəlxalq turnurlərə qatılırlar. Bunu mütləq vurğulamaq lazımdır. Çox müsbət addımdır. Belə səfərlər təkcə orada yox, bütün klublarda, özü də mütəmadi şəkildə təşkil olunmalıdır.
“2005-ci ildən sonra avtobuslarımız, geyimlərimiz hamısı yaxşılaşmağa başladı”
- Söhbətimizin bu yerində 2005-ci ildə qəbul olunmuş dövlət proqramına toxunmaq istəyirəm. Siz həmin vaxtlarda da futbol oynayırdınız, vəziyyəti yaxşı bilirdiniz. Ondan sonra da oynadınız. Proqramın qəbulu Azərbaycan futbolunda nəyi dəyişdi?
- 2005-ci ildən sonra bizim futbolumuzda bir çox dəyişikliklər yaşandı. Klubların sayı artdı, onların maddi imkanları yaxşılaşdı, futbolçuların güzəranında sürətlə xeyli dəyişiklik oldu. Dövlət proqramının qəbulu rəqabətə də təkan verdi. Sözün yaxşı mənasında bəhskarlıq yarandı. İş adamları klub rəhbərlərinə çevrilirdilər və sanki bir-biri ilə yarışa çıxmışdılar. Hamı istəyirdi ki, özünün daha yaxşı olduğunu nümayiş etdirsin. Bunun üçünsə kluba ayrılan pullar artırılır, yeni bazalar tikilir, stadionlar təmir edilirdi. Ona qədər futbolçular oyunlara və məşqə adi marşrut xəttində işləyən avtobuslarda gedib-gəlirdilər. Bu narahat avtobusları tezliklə ən son model komfortlu nəqliyyat vasitələri əvəz etdi. Xırda detal kimi görünsə də, bunun özü də vacib amildir. Sonra geyim dəstləri, məşq ləvazimatları keyfiyyətliləri ilə əvəzləndi. Səhv etmirəmsə, ona qədər bir dəfə “Neftçi” ilə təlim-məşq toplanışı üçün Antalyaya getmişdik. O da 1997-ci ildə olmuşdu. Dövlət proqramının qəbul olunmasından sonra isə həm qışda, həm də yayda ölkə xaricinə toplanışlara getməyə başladıq. Bu sadaladıqlarım mənim futbolçu kimi gördüklərim, bilavasitə hiss etdiklərimdir. Sözsüz ki, proqramın gətirdiyi müsbət tərəflər təkcə bunlar deyildi. İnfrastrukturda da, peşəkarlaşmaq yolunda da irəliyə doğru ciddi addımlar atıldı.
- Necə düşünürsüz, biz həmin 10 il müddətində bütün imkanlardan maksimum yararlanmağı, yetərincə inkişaf etməyi bacardıqmı?
- Müəyyən mənada zamanı və imkanları da əldən buraxmışıq. Şəraitdən maksimum faydalanmağı bacarmadıq. Bunu etiraf etmək lazımdır. Dövlətin futbola ayırdığı diqqətdən daha çox faydalanmaq, indikindən də çox yol qət etmək mümkün idi. Nəzarət daha ciddi olsaydı, nəticələr də daha yaxşı olardı. İstənilən işdə belədir. Kiməsə hansısa işi tapşırırsansa, mütləq bir başqası da onun həmin işi necə yerinə yetirməsinə nəzarət etməlidir. Xüsusən də bölgələrdə buna ehtiyacımız var idi. Şəxsən belə düşünürəm ki, nəzarəti idirdik, bölgələrə lazımınca diqqət ayırmadıq, ordakı işlərin gedişi ilə dərindən maraqlanmadıq. Bu da ümumi işimizə öz mənfi təsirini göstərdi. Azərbaycan futbolunun daha da irəli getməsini ləngitdi.
- Sözlərinizdən belə başa düşmək olar ki, yeni bir dövlət proqramının qəbulunu faydalı hesab edirsiz. Bizə ikinci belə bir proqram lazımdırmı?
- Bu mütləqdir. Həmin proqram futbolumuz üçün yeni bir təkana çevriləcək. Amma bu dəfə daha ciddi nəzarət olunmalıdır. Futbolun dili birdir. Afrikada da, İspaniya və İtaliyada da eyni qayda ilə oynayırlar, məşq edirlər. İşi qəlizləşdirən bizim özümüzük. Proqramı icra edənlərin və nəzarətçilərin üzərinə böyük yük düşür. Bunu dərk etməliyik ki, biz “Qarabağ”la böyük uğura imza atmışıq. Deməli, bizim üçün futbolda keçilməyəcək maneə yoxdu. “Qarabağ”ın uğuruna çox sevinirəm. Ona görə ki, digər klublar da ona baxıb müəyyən nəticələrə gələ, böyük həvəslə futbola yatırım edə bilərlər. Allah min bərəkət versin, daha da artırsın. “Qarabağ” Çempionlar Liqasının qrupuna yüksəlməklə həm də maddi baxımdan xeyli irəli düşdü. Bu gün dünyada futboldan böyük biznes yoxdur. 3 milyona alınan futbolçunu sonradan 100 milyona satırlar. İş adamları bu amili mütləq nəzərə almalıdırlar. Futbola ağılla yanaşan iş adamı bu sahədən ciddi gəlir götürə bilər. Bundan isə yalnız və yalnız Azərbaycan futbolu qazanar, ortaya yeni adlar çıxar, klublarımız və millimiz güclənər.
- Klub rəhbərləri daha çox nəyə diqqət etməlidirlər?
- Bizim başımıza legionerlərlə bağlı çox işlər gəlib. Əcnəbi futbolçu transferində çox uduzmuşuq, gəlmələr onlara xərclənən böyük pulların və bəslənən ümidlərin qarşılığını verə bilməyiblər. Klub xərclədiyi pulları geri qaytara bilməyincə iş adamı da futboldan soyuyur, özünə daha rahat qazanc mənbəyi axtarır. Əcnəbi transfer edərkən bu amil nəzərə alınmalıdır. Məşqçilər və seleksionerlər öz işlərinə vicdanla, peşəkarlıqla yanaşmalıdılar.
“Ukrayna futbolundakı nizam-intizamın Azərbaycanda da olmasını arzulayıram”
- Sonuncu sualımız sizin legioner həyatı yaşadığınız Ukrayna ilə bağlıdır. Oranın futbolunda gördüyünüz hansı xüsusiyyətlə Azərbaycanda da qarşılaşmağı arzulayırsınız?
- Ukrayna böyük ənənələri olan futbol ölkəsidir. SSRİ dönəmində də belə olub, indi də belədir. Ukrayna millisi böyük turnirlərin final mərhələsinin daimi iştirakçılarındandır. Həm çempionatının, həm də millisinin səviyyəsinə görə dünya səviyyəsində ön sıralardadır. “Dinamo” və “Şaxtyor” Avropanın “top-klub”larından sayılır, avrokuboklarda fərqlənməyi bacarıblar. Özü də Ukrayna futbolu daim sabitliyi ilə seçilir. Deməli, özləri üçün düzgün inkişaf yolu və strategiya seçməyi bacarıblar. Oradakı rəqabətin, çox sayda istedadlı futbolçunun Azərbaycanda olmasını arzulayardım. Onlarda oyun nizam-intizamı çox güclüdür. Söhbət kobud oynamamaqdan getmir. Məhz oyun intizamı. Hər bir futbolçu çalışır ki, məşqçinin verdiyi tapşırığı dəqiq yerinə yetirsin, üzərinə düşən işi sona qədər səhvsiz görsün. Ukraynalı futbolçular öz işlərinə də məsuliyyətlə yanaşırlar. Klubdaxili də sərt qaydalar var. Hər kəs ona əməl edir. Uğura aparan yol da elə həmin nizam-intizamdan, məşqlərə və oyuna ciddi yanaşmaqdan keçir. Üstəlik, onların legioner siyasətləri də çox maraqlıdır. Əcnəbilərə qarşı çox tələbkardırlar. Seleksiya siyasəti güclüdür. Səviyyəli legionerlər tapmağı, onları üzə çıxarmağı bacarırlar. İstedadları zamanında görüb, Ukraynaya gətirirlər. Bizə elə gəlir ki, milyonlar xərclənir və həmin futbolçular bizim üçün əlçatmazdır. Biz 400-500 minə futbolçu ala bilirik. Amma həmin məbləğin üzərinə 200 min də əlavə etməklə gələcəkdə satışından pul qazana biləcəyimiz legionerlər tapmağımız mümkündür. Ukraynada bunu yaxşı bacarırlar. Onların stadion və bazalarına söz ola bilməz. Aleksandriya orada kənd sayılır. Orada elə bir stadion var idi, ot örtüyünə görə İngiltərənin “Uembli” stadionunu da geridə qoyardı. İndiyə qədər xatırlayıram ki, uşaqların məşq etməsi üçün nə qədər meydançası var idı. Bizim klublarda yaş qrupları ayrı-ayrı meydançalarda məşq edirlər. Vahid baza sistemi yoxdur. Ukraynadakı şəraitin bizdə olmasını arzulayıram. Bir də ki, yaxşı mütəxəssislərin.
Kamal Quliyevin Ukrayna futbolu ilə bağlı dedikləri ilə söhbətimizi yekunlaşdırdıq. Əminik ki, onun sözlərindən həm futbol funksionerləri, həm məşqçilər, həm də futbolçular özləri yetərincə maraqlı məlumatlar əldə etdilər. Bizim isə layihəmiz və araşdırmalarımız davam edir.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir