LAYIHƏ: Vaqif Sadıqov: “Qarabağ”ın uğuru futbolumuzun inkişafına təkan verəcək”
SportLine.az Azərbaycan futbolunun problemləri və onların həlli yollarından bəhs edən layihə çərçivəsində 8-ci yazını dəyərli oxucularına təqdim edir.
Budəfəki yazımızda 2005-ci ilin oktyabrında təsdiqlənmiş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamın icra vəziyyətinə, ötən müddət ərzində Azərbaycan futbolunun keçdiyi yola AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovla birlikdə nəzər salacağıq.
58 yaşlı Sadıqov bir mütəxəssis kimi Azərbaycan futbolunda öz dəsti-xəttini yazmağı bacarıb. Cəmi 34 yaşında “Neftçi”nin sükanı arxasına keçən çalışdırıcı 1994 və 1995-ci illərdə “xalq komandası”na Azərbaycan kubokunu qazandırıb. Müxtəlif illərdə millimizi də çalışdıran Sadıqov məşhur “Azərbaycansayağı künc zərbəsi”nin də ideya müəllifidir. Həm milli komandamız, həm də, klublarımız beynəlxalq görüşlərdə dəfələrlə künc zərbəsini belə yerinə yetirərək qol vurmağı bacarıblar. Belə qollardan ən möhtəşəmi və vacibi isə sözsüz ki, Rəşad Sadıqovun Bakıda Türkiyə millisinin qapısından keçirdiyi qələbə qoludur.
Sadıqovla söhbətə uşaq futbolundakı hazırkı durumu soruşmaqla başladıq. Hər halda, illərdir Azərbaycan futbolunun içində olan biri kimi problemləri də, onların həlli yollarını da Məşqçilər Komitəsinin sədri yaxşı bilər.
“Problemdən qorxmaq yox, onu həll etmək lazımdır”
- Azərbaycan futbolunun problemləri dedikdə ilk ağla gələn uşaq futbolu olur. Çoxları inkişaf yolunun məhz oradan başlamalı olduğunu deyir. Necə düşünürsüz, uşaq futbolundakı problemlər nə qədər ciddidir? Onları həll etməyi bacaracağıqmı?
- Futbolun inkişafının uşaq qruplarından başlamalı olduğunu düşünənlər düzgün qənaətdədirlər. Bu oyunun incəliklərinə bələd olan hər kəs elə o cür də düşünməlidir. Ümumiyyətlə, bütün həyatda belədir. Hansısa iş görürsənsə, mütləq bünövrəni düzgün qurmalısan, təməldə səhv etməməlisən, ilk addımların doğru və qətiyyətli olmalıdır. O cümlədən də futbolda. Bir vacib məqam da var ki, bütün sistem bir-birinə bağlı çalışmalıdır. Yalnız bir istiqamətə bütün qüvvə və potensialımızı sərf etsək, gördüyümüz işin də nəticəsi olmaz. Təsəvvür edin, biz yalnız uşaq futbolunun inkişafına çalışırıq, amma böyükləri, klubları, infrastrukturu, hakimliyi unuduruq. Sizcə, belə olan halda inkişaf edə, böyük uğurlar qazana bilərikmi? Yəqin ki, siz də mənimlə razılaşarsız, eləcə də oxucularımız. Ona görə də hər şey mərhələli və əhatəli şəkildə həyata keçirilməlidir. Biz sistemi məhz bu cür qurmalıyıq. Uşaq futbolunun problemləri deyəndə bir az gurultulu səslənir. Bəli, problemlər var, həmişə də olub. Elə bir iş yoxdur ki, orada problem olmasın. Vacib olan həmin problemlərin həlli imkanlarını tapmaqdır. Düşünürəm ki, biz də problemləri kifayət qədər dərindən öyrənməyi və onlardan çıxış yollarını tapmağı bacarmışıq. Bu gün də həmin istiqamətdə işlərimiz uğurla gedir. Hazırda Azərbaycanda uşaqların futbol oynaması, məşq etməsi üçün hər cür şərait yaradılıb. Eyni zamanda da əsas prioritet savadlı mütəxəssislərin hazırlanması idi. AFFA-nın bu istiqamətdə gördüyü işlər də öz nəticəsini verib. Bütün klublarda, uşaq məktəblərində yetərli sayda ixtisaslaşmış, bu işin incəliyini öyrənmiş və müvaqfiq kateqoriyalarla təmin olunmuş insanlar uşaqlara məşq keçir. Klublar da bu prosesə cəlb olunub. Futbolun inkişafı üçün klublarla AFFA daim işbirliyi içində olmalıdırlar. Çünki tək əldən səs çıxmaz. Gördüyümüz işlərin bəhrəsi də göz qabağındadır. Bu gün artıq 19-20 yaşlarında gənclərimiz Azərbaycanın milli komandasına cəlb olunurlar. Həmin gənclər respublikamızda son illərdə aparılan düzgün futbol siyasətinin, uşaq futboluna göstərilən qayğının “meyvə”ləridir. Bir müddət gənc nəsillə bağlı durğunluq yaranmışdı, millidə yeni gənclər görmək çətinləşmişdi. Bu gün isə durum fərqlidir. Ən vacibi də budur. Problemin olmasından qorxmamalıyıq, onların həllinə çalışmalıyıq.
- Azarkeşlər daha çox itirilən zamandan narahat olurlar. Belə düşünənlər var ki, bütün dünyada futbol inkişaf edir, biz isə yerimizdə sayırıq.
- Bizim sanki xarakterimizdə bir az səbrsiz davranış var, tez təlaşlanırıq. Bəzən tələsirik, istəyirik tez nəticə qazanaq. Nəyi isə əldə etməkdən ötrü həm də zaman lazımdır. Amma sonra görürük ki, narahatçılığa əsas yox imiş. Azərbaycan futbolunun inkişafına yönələn bir çox layihələr həyata keçirilir. Bundan sonra da belə olacaq. Artıq bir çox yeni təkliflərlə bağlı müzakirələr gedir. Bu gün Mahir Mədətov, Elnur Cəfərov, Coşqun Diniyev, Budaq Nəsirov kimi gənclərimiz var. Onlar gənc yaşlarından məsul oyunlarda özlərini göstərə biliblər. Həm klubda, həm də millidə. Gələcəkdə də belə olacaq. Yeni adlar və istedadlı gənclər üzə çıxara biləcəyik. Sözsüz ki, bu mənada həmin o yeniyetmə və gənclərin üzərinə də böyük vəzifə düşür. Axı hər şeyi AFFA, yaxud klublar edə bilməz. Heç məşqçilərdən də 100 faizlik nə isə asılı deyil. Uşağın özü məsuliyyətini başa düşməli, özündəki istedadı inkişaf etdirmək üçün çalışmalıdır. Bizim işimiz isə ona şərait yaratmaq, düzgün yol göstərmək, dəstək verməkdir.
“Dövlət Proqramının qarşıya qoyduğu hədəflərə çata bilmişik”
- Az əvvəl həyata keçirilən layihələrdən danışdınız. Elə biz də bu barədə soruşmaq istəyirdik. 2005-ci ildə futbolun inkişafına dair qəbul olunmuş Dövlət Proqramı necə icra olundu? Həmin 10 il bizə nə qazandırdı?
- Çox gözəl məqama toxundunuz. Qəbul olunmuş proqram dövlətimizin və onun başçısı cənab prezident İlham Əliyevin ölkə futboluna göstərdiyi diqqətin təzahürü idi. Mən Azərbaycan müstəqilliyini bərpa edən ilk günlərdən bəri futbolun içindəyəm. Həm futbolçu kimi, həm məşqçi kimi illərimi Azərbaycan futboluna vermişəm, bir çox hadisələrin şahidiyəm. Bir mütəxəssi kimi haqqım var ki, əvvəlki vəziyyətlə indiki günləri müqayisə edim və nəticəyə gəlim. Səmimi sözümdür ki, yerlə göy arasında fərq var. Futbolun inkişafı piramida şəklində olmalıdır. Aşağıdan tikə-tikə gəlirsən və görürsən ki, ucalmağa başlamısan. Bizdə futbolun inkişafı məhz bu prosesi keçir. Artıq uğurlar qazanmağa başlamışıq, dünyada bizi ciddi qəbul edirlər, qələbələrimiz təsadüfi yox, işlərimizin məntiqi nəticəsinə çevrilib. Azərbaycan dünyada çox nadir ölkələrdəndir ki, burada futbolun inkişafına dair dövlət proqramı qəbul olunub. Bu proqram futbolun dövlətimiz üçün əhəmiyyətli yer tutduğunun göstəricisidir. Həmin 10 il müddətində biz bir çox işlər gördük, ciddi layihələrə imza atdıq, gələcəkdə qazanacağımız bir çox uğurların təməlini qoyduq. Proqramın qəbulu ilə biz gördük ki, dövlətimiz futbola dayaq durur, ona yaxından qayğı göstərir. Xüsusi ilə infrastruktur probleminin həllinin tapdığını demək istəyirəm. İndi bölgələrə gedəndə görürsən ki, Olimpiya Kompleksləri var. Onların da hamısında bir və ya iki futbol meydanı salınıb. Adicə bir mini-futbol meydançasının olması belə sevindiricidir. Bundan başqa ayrı-ayrı klubların nəzdində uşaq komandaları yaradılıb, bəzisində bu iş akademiya səviyyəsində həyata keçirilib. Bu yaxınlarda yenidən Qəbələyə baş çəkdik. Orada yaradılan şəraiti, 6-7 mükəmməl örtüyə malik meydançanı görəndə adamın ürəyi açılır. Qəbələdəki meydançaların hamısı azyaşlıların ixtiyarına verilib, onlara peşəkar səviyyədə məşqlər keçilir. Deməli, artıq bizim klublarımız da sözün tam mənasında peşəkar futbol klubuna çevrilmək yolunda böyük addımlar atıblar. Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun əsaslı təmir edilməsi, müasir standartlara uyğunlaşdırılması də məhz bu proqramın icra edildiyi illərdə həyata keçirildi. Çempionlar Liqasının finalını qəbul etməyə hazır olan Olimpiya stadionu, “Bakcell Arena”, “Dalğa Arena” və digər arenalar göz oxşayır. Sözsüz ki, bu idman qurğuları bəzək üçün tikilməyib. Bizim futbolçularımız bu gün həmin arenalardan yetərincə yararlanırlar. İnfrastrukturun inkişafı ən vacib şərtlərdəndir. Əvvəl məşq etməyə, futbol oynamağa yer olmalıdır ki, orada məşqlərini keçəsən, futbol oynayasan və inkişaf etməyə çalışasan. Qeyd etdiyimiz kimi, bütün bunlar zəncirvari bir-birinə bağlıdır. Hamısı da dövlət proqramında öz əksini tapmışdır. İnfrastrukturun yaradılması, yüksək ixtisaslaşmış mütəxəssislərin yetirşdirilməsi və uşaq futbolunun kütləviləşdirilməsi. Əminliklə söyləmək olar ki, qarşıya qoyulan hədəflərin hamısına çata bilmişik. Mən AFFA-da işləməyəndə bir çox layihələrdən xəbərsiz idim. Amma bu gün görülən böyük işlərin, vacib layihələrin hamısının iştirakçısı və şahidiyəm. “Elit məşq layihəsi” çərçivəsində mütəxəssislər bölgələrə göndərilirdi, orada yetişməkdə olan istedadlı futbolçular nəzarətdə saxlanılırdı, onlara düzgün istiqamət verilirdi. Onların bütün göstəriciləri milli komandaların məşqçilərinin diqqətinə çatdırılıb, texniki departament tərəfindən elektron sistemə daxil edilib. Bir çox orta məktəblərdə pilot layihə kimi futbol dərsləri keçirildi. Bu istiqamətdə işlər də həmin proqramın tələblərinə uyğun olaraq Təhsil Nazirliyi ilə birlikdə reallaşdırılıb. Eyni zamanda AFFA-nın dəstəyi ilə “Mançester Yunayted” futbol məktəbi” 6-10 yaşlı uşaqları əhatə edir. Həmin layihə çərçivəsində ən istedadlı uşaqlar seçilir və nəzarətə götürülür.
- 10 illik müddətin başa çatması ilə bütün işləri gördüyümüzü düşünmək də yanlış olar. Yəqin ki, dövlət proqramı çərçivəsində start götürən fəaliyyəti elə eyni templə davam etdirmək vacibdir.
- Futbol da həyatın bir parçasıdır. Bir yerdə dayanmır, daim inkişaf edir. Deməli, onunla bağlı işlər də ara vermədən yerinə yetirilməlidir. Biz 10 il ərzində bütün işləri tamamladığımızı, bundan sonra futbolumuzun öz-özünə inkişaf edəcəyini düşünmürük. Hazırda da bir-çox layihələrimiz davam edir. Ötən ildən daha bir layihə start götürüb. Milli komandalarda çalışan məşqçilərimiz Mahmud Qurbanov, Təbriz Həsənov, Vüqar Məmmədov, Elxan Abdullayev kimi mütəxəssilər klublarda çıxış edən istedadlı gəncləri diqqət mərkəzində saxlayır. Bu layihəyə Nazim Süleymanov da cəlb olunub. Onun da U-19-u çalışdırmış bir məşqçi kimi bu işdə faydalana biləcəyimiz təcrübəsi var. Həmin tanınmış mütəxəssislər üçün xüsusi siyahı hazırlanıb. Siyahıda adı olan futbolçular milliyə namizəd sayılanlardır. Müxtəlif yaşlarda olan futbolçuların hər birinə fərdi şəkildə yanaşırıq. Məşqçilər onlarla həm texniki-taktiki, həm də psixoloji məşqlər keçir, fiziki hazırlığa nəzarət olunur. Bu layihə çərçivəsində bölgələrdəki futbolçular da nəzarətimizdədir. Müəyyən vaxtlar təyin olunur, oradakı istedadlı gənclərə də məşqlər keçilir.
“Qarabağ”ın uğurunda yerli gənclərinin payının olması sevindiricidir”
- Proqram futbolun kütləviləşdirilməsini də nəzərdə tuturdu.
- Futbol elə bir idman növüdür ki, onun kütləviləşdirilməsi üçün bəzin kiçik bir qığılcım, vacib oyunlardakı qələbələr də kifayət edir. Diqqət yetirin, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması insanlarımızda necə ruh yüksəkliyi, futbola maraq yaradıb. Eyni hal milli komandamızın uğurlarını bayram edərkən də yaşanır. Seçmə mərhələnin əvvəlində millimiz məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib, 7 xal toplayanda xeyli xoş hadisələr yaşandı. Bundan sonra uşaqların və yeniyetmələrin marağı daha da artacaq. Millimizin və “Qarabağ”ın hər bir uğuru bizim ümumi işimizə təkan verir. Futbol məşqlərinə qatılan, oynamaq istəyən, özlərinə kumir seçdikləri futbolçulara bənzəməyə çalışanların sayı artır. Sevindirici haldır ki, “Qarabağ”ın böyük uğurunda yerli gənclərin, o cümlədən də Mahir Mədətovun böyük payı var. Bizim üzərimizə düşən vəzifə indi futbola maraq göstərən uşaqlara da peşəkar yanaşmaq, onları davamlı məşqlərə cəlb etməkdir.
- Necə düşünürsüz, yeni bir Dövlət Proqramının qəbul olunmasına zərurət varmı?
- Artıq ilkin mərhələni uğurla geridə qoymuşuq. Hazırda strateji hədəf 2020-ci ildə keçiriləcək Avropa çempionatında iştirak edəcək komanda formalaşdırmaqdır. AFFA-nın qarşısında bu tapşırıq durur və fəaliyyət istiqaməti budur. Burada da əsas prioritet uşaq futbolundan tutmuş çempionatın səviyyəsinin yüksəldilməsinə qədər bütün vacib sahələri əhatə edir. Əminəm ki, qarşıya qoyulan hədəfə çatmağı bütövlükdə Azərbaycan futbolu olaraq bacaracağıq. Bilirsiz ki, Avropa çempionatının final mərhələsinin bəzi oyunları Bakıda keçiriləcək. İnşallah, bizim millimiz də ora vəsiqə qazanar. Ondan sonra Azərbaycan futbolu yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Bu uğur yeni və daha təkmilləşdirilmiş proqramın qəbulu üçün stimula çevriləcək. Ən vacibi odur ki, hamımızın ürəyində bu istək var. Həm dövlətimizin və AFFA-nın rəhbərliyi, həm də mütəxəssislər və sıravı azarkeşlər bunu arzulayır, ona çalışırlar.
- Vaqif müəllim, indiyə qədər yetərincə xarici səfərlərdə olmusuz. Dünya və Avropa futbolu ilə tanışsınız. Orada gördüklərinizdən nəyinsə bizim futbolumuzda tətbiqini təklif etmisinizmi?
- Artıq dünyada böyük inteqrasiya prosesləri gedir, texnologiya inkişaf edib. Biz də zaman-zaman müxtəlif proqramlar çərçivəsində müxtəlif ölkələrin futbol modelini tətbiq etmişik, sınaqdan keçirmişik. Amma gəlin razılaşaq ki, hər bir cəmiyyətin özünəməxsus mentaliteti, fiziki hazırlıq imkanları var. Biz hansısa ölkənin futbolunun qayda-qanunlarını tamamilə özümüzə tətbiq edə bilmərik. Fərqlər mütləq olmalıdır. Bizə faydası dəyə biləcək təcrübədən isə yararlanırıq. İnsan görə-görə öyrənir. Bu yaxınlarda “Bakı Cup” turniri keçirdik. “Vətən”in 11 yaşadək futbolçulardan ibarət komandası həmin turnirin qalibi oldu. Həmin komanda bir müddət əvvəl Avstriyada keçirilən turnirdə çıxış etmişdi. Avropanın tanınmış klubların təmsilçiləri o turnirə qatılmışdılar. Avstriyadan qayıtdıqdan sonra biz “Vətən”in baş məşqçisi və rəhbərliyi ilə görüşdük. Onlardan eşitdik ki, Avstriyadakı turnirdə maraqlı reqlament tətbiq olunub. Eşitdiyimizi rəhbərliyə də çatdırdıq və qarşılıqlı razılıq əsasında “Baku Cup”da həmin reqlamenti tətbiq etdik. Yenilik ondan ibarət idi ki, qapıçı oyunu başlayarkən topu irəli vura bilməz, müdafiəçi yoldaşlarına ötürmə etməlidir. Bunun faydası odu ki, qapıçı komanda yoldaşları ilə daha yaxşı anlaşmağı öyrənir. Bütün Avropada hazırda bundan yararlanırlar. Yeni mövsümdən Premyer Liqa klubları iştirak ərizəsinə 18 yox, 23 futbolçunun adını yaza bilərlər. Bu yenilik də Məşqçilər Komitəsinin təklifi ilə çempionatın reqlamentinə salındı. Əvəzedici komandaların əsasdan bir gün sonra oynamasını da biz əsaslandırdıq və təklifimiz qəbul olundu. Bütün bunlar bizim xarici səfərlərimiz, onların futbolları ilə tanış olduğumuz zaman öyrəndiyimiz təcrübəmizə əsasən gəldiyimiz qənaətdir. Söhbət təkcə məndən getmir. Məşqçilər Komitəsinin bütün üzvləri bu istiqamətdə səylərini əsirgəmirlər. Milli ilə birlikdə də səfərlərə gedirik, oradakı təəssüratlarımız əsasında AFFA rəhbərliyinə hesabat təqdim edirik. Bu gün futbol məşqlərinə ilk addımlarını atan uşaqlar bizim gələcəyimizdir, millimizin formasını geyinməyə namizədlərdir. Onları da daim diqqət mərkəzində saxlayırıq. Hamımızın məqsədi Azərbaycan futbolunun daha sürətlə inkişafı və böük uğurlar qazanmasıdır. Bu işdə rəhbərliklə yanaşı mütəxəssislər də, futbolçular da, mətbuat da, azarkeşlər də birləşməli, ölkə futbolu naminə çalışmalıdır.
Vaiqf Sadıqovla bu nikbin ruhlu söhbətdən sonra bizim də ürəyimizdə Azərbaycan futbolunun gələcəyi ilə bağlı ümid işartıları gücləndi. Əminik ki, həmin hissləri dəyərli oxucularımız da keçirir. Gələcək yazılarımızda da həmsöhbətlərimizdən futbolumuzun xoş gələcəyi ilə bağlı fikirlər eşidəcəyimizə, onları sizə çatdıracağımıza inanırıq.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir