Namiq Abdullayev: "Bu görüş bizim üçün böyük stimul olacaq"
"Əminliklə deyə bilərəm ki, bu görüş bizim üçün böyük stimul olacaq".
Sportline.az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi Namiq Abdullayev Prezident İlham Əliyevlə görüşdə deyib.
51 yaşlı mütəxəssis gələcək yarışlarda da uğur qazanmaq istədiklərini bildirib: "Sizi və xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik. Bizimlə görüşdüyünüz üçün Sizə həm Azərbaycan Güləş Federasiyası adından, həm məşqçilər və idmançılar, həm də bütün güləş ailəsi adından dərin təşəkkürümüzü bildirirəm. Sizin idmana diqqət və qayğınızı hər zaman hiss etmişik. Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatından sonra bizi qəbul etməyiniz də bu diqqətin göstəricisidir. Bildiyiniz kimi, millimiz Avropa çempionatında hər üç güləş növü üzrə uğurlu çıxış etdi. Yunan-Roma güləşi üzrə 2 qızıl, 1 gümüş və 2 bürünc, qadın güləşi üzrə 1 qızıl, 1 gümüş və 2 bürünc, sərbəst güləşdə isə 4 qızıl və 3 bürünc medal qazandıq. Sərbəst güləşçilərimiz komanda hesabında Avropa çempionu oldu. Yunan-Roma güləşçilərimiz isə üçüncü yeri tutdu. Ümumilikdə 16 medal qazandıq. Azərbaycan 7 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq ümumi sıralamada birinci yeri tutdu. Bu da Azərbaycan güləşi tarixində rekord nəticədir".
Abdullayev noyabrda yunan-Roma güləşi üzrə Dünya Kubokunun Azərbaycanda gerçəkləşəcəyini xatırladıb.