Prosineçki: "O, bu gün 5 nəfərin yerinə vuruşdu"
“Oyunun çətin keçəcəyini bilirdik. 90 dəqiqədən sonra xoşbəxtəm”. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
DÇ-2018-in seçmə mərhələsində Norveçi qəbul edən yığmamız Maksim Medvedevin yeganə qolu sayəsində qələbə qazanaraq, yoluna itkisiz davam edir.
Prosineçki qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında qələbəni şərh edib: “Komandam mübarizə apardı. Əzmkar oyunla 3 xalı Bakıda saxladıq. Bizim üçün vacib oyun idi. Rəqib bizə imkan vermirdi ki, oyun göstərək. Çox çətin idi. Bunun müqabilində qələbə qazanmaq əla hissdi. Çox sevinməyə vaxt yoxdu. Çünki 3 gündən sonra daha bir vacib oyuna çıxacağıq. Sabah Çexiyaya yola düşəcəyik. Səfərdəki matçda da eyni futbolu göstərməli, əzmkar oyun sərgiləməliyik. Ordan da yaxşı nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik”.
- Bu qələbə Çexiya ilə oyunöncəsi komandada arxayınlıq yarada bilərmi?
- Oyundan sonra komanda ilə danışdım. Dedim ki, sevinin, amma çox yox. Çünki 3 gündən sonra Çexiya ilə oyundu. Həkimlərdən cavabları gözləyəcəm ki, oyunçuların vəziyyəti necədi? Çexiya ilə matçda bir neçə mövqedə dəyişiklik edəcəm. Bu gün uşaqlar çox güc qoydular. Sabah bərpa məşqi olacaq. Çexiya ilə görüşə kimlərin tam hazır olacağı orda bilinəcək. Bütün dünyada 3 gündən bir oyun keçirirlər, mənim futbolçularım da buna öyrəşməlidilər. Məncə, bu qələbə Çexiya ilə oyunöncəsi bizə daha çox motivasiya verəcək.
- Sizin üçün əsas nəticədi, yoxsa komandanızın sərgilədiyi oyun?
- Sözsüz ki, sonda nəticə çox önəmlidi. Biz futbolu nəticə üçün oynayırıq. Matçdan öncə komandamıza təzyiq böyük idi. Biz necə rəqiblə qarşılaşacağımızı bilirdik. Norveç yığmasının əksər oyunçuları İngiltərə çempionatında çıxış edirlər. Bəlkə də, bu gün gözəl oyun görmədik. Amma bütün futbolçular canlarını qoydular, əllərindən gələni etdilər. Bildiyim qədərilə, Azərbaycan yığması seçmə mərhələyə ardıcıl qələbələrlə başlamamışdı. Buna görə hamını təbrik edirəm.
- Araz Abdullayev və Rauf Əliyevi bu gün meydana görməməyimizin səbəbi nədi?
- Bu, mənim fikrimdi. Araz və Rauf meydana çıxacaq formada deyildilər. Əgər məğlub olsaydıq, o sualı sərt formada verəcəkdiz. Heyətlə bağlı səhvlərə yol vermədim. Belə rəqiblə matçda qələbə qazandıq. Bu, asan deyildi.
- Ağabala Ramazanovu top itkilərinə rəğmən, daha erkən əvəzləmədiniz...
- Çox sürətlidi. Müdafiəçilər üçün belə futbolçuya qarşı oynamaq çətindi. Onun oyunundan çox razı qaldım, çalışırdı, vuruşurdu. Hücumda birə-bir mübarizəyə girəndə, şübhəsiz ki, top itkiləri oldu. Ağabala bu gün 5 nəfərin yerinə vuruşdu. Qələbədə onun zəhməti böyükdü. Baxımlı futbol görməsək də, bu gün bütün uşaqlardan razı qaldım. Norveç millisini təhlil edəndə başa düşdük ki, onlara qarşı oynamaq çox çətindi. Avropa çempionatının final mərhələsinə yüksəlməyə yaxın idilər.
- Ardıcıl qələbələrdən sonra azarkeşlər möcüzəyə inanmağa başlayıblar. Siz necə, möcüzənin baş verəcəyinə inanırsızmı?
- Azərbaycana gələndən ölkənizdə futbolla bağlı ən optimist adam mənəm. Siz pessimitsiz, inanmırsız. Mən hələ yeni gələndə demişdim ki, Azərbaycan yığması güclüdü. Komandam bunu Xorvatiya və İtaliya ilə oyunlarda da sübuta yetirib. İtaliyaya uduzsaq da, futbolçularım gözəl oyun nümayiş etdirmişdilər. Bəlkə də, möcüzə edə bilərik. Komandam 90 dəqiqə ərzində öz oyununu göstərə bilsə, belə qələbələr mümkündü.
- Stadionun ot örtüyündən və azarkeş dəstəyindən razı qaldızmı?
- Azarkeşlərin dəstəyi möhtəşəm idi. 90 dəqiqə komandanı irəli səslədilər. Məndə olan məlumata görə, 25-30 min azarkeş gəlmişdi. Qələbədə onların da rolu böyükdü. Ot örtüyünə gəlincə, qazon yaxşı vəziyyətdə deyildi. UEFA qadağa qoyduğundan, dünən əsas meydançada məşq edə bilmədik. Ümid edirəm ki, gələn həftələrdə meydanın ot örtüyü yaxşı olacaq. Əsas odu ki, qələbə qazanan tərəf biz olduq.
- Çexiya ilə oyunda yığmamızın qələbəsinə pul qoyuluşu etmək olarmı?
- Çexiya yığmasını Avropa çempionatında canlı izləmişəm. Turnirdən sonra heyətdə çox dəyişiklik ediblər. Çexiyanın da futbol ənənəsi güclüdü. Sabahdan onların təhlilinə başlayacağıq. Əlimizdən gələni edəcəyik ki, Çexiyaya qarşı da yaxşı oyun göstərək və istədiyimiz nəticə ilə Bakıya qayıdaq.