Prosineçki Türkiyə klubunun hədəfində
Milli komandamızın baş məşqçisi Robert Prosineçki "Bursaspor"un baş məşqçisi adına namizəd olub. Bu günlərdə gündəmə gələn xəbəri bursa.com saytı yayıb. Sayt iddia edir ki, xorvat mütəxəssis sözügedən kluba təklif olunub. Səbə isə, Bursa təmsilçisinin baş məşqçisi Hamza Hamzaoğlunun istefa açıqlamasıdır. Dekabrın 26-da "Gənclərbirliyi"nə səfərdə 1:3 hesablı məğlubiyyətin ardından Hamzaoğlu komandadan getmək istədiyini bildirib. Həmin vaxt kluba yaxın şəxslər bu posta ən ideal namizədin xorvatiyalı mütəxəssis olduğunu deyiblər. Lakin "Bursaspor"un idarə heyəti iclasda baş məşqçinin istefasını qəbul etməyib və Hamzaoğlu komandadakı işinə davam edib. Xatırladaq ki, millimizin üzvü Dəniz Yılmaz "Bursaspor"un şərəfini qoruyur. Prosineçki isə əvvəllər Türkiyədə "Kayserispor"u çalışdırıb.