Prosineçki üçün 2 milyon avro
Bir neçə gündür Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin adı "Bursaspor"la hallanırdı. Hətta, Türkiyə mətbuatı xorvatiyalı mütəxəssisin "timsahlar"la razılığa gəldiyini yazırdı. Bu gün isə bu məsələyə nöqtə qoyulub.
SportLine.az xəbər verir ki, bursasporum.com saytı baş məşqçinin "Bursaspor"a keçidinin alınmadığını bəyan edib. Buna səbəb kimi AFFA-nın məsələyə razılıq verməməsi göstərilir. Belə ki, keçidin baş tutması üçün klub 2 milyon avro təzminat haqqı ödəməli imiş. Bu isə Türkiyə klubunun prezidenti Ali Ayı qane etməyib. Nəticədə, keçid də reallaşmayıb.
İhlas Xəbər Agentliyinə danışan vitse-prezident Ali Adəmoğlu artıq başqa variantları nəzərdən keçirəcəklərini söyləyib: “Təəssüf ki, Prosineçki alınmadı. Başqa mütəxəssislərlə görüşlərimiz olacaq”.