"Qarabağ" Avropanın ən yaxşıları sırasında

Avropada bu mövsüm milli çempionatlarda ən uzunmüddətli qələbə seriyasına malik 50 klubun adı açıqlanıb.

Sportline.az xəbər verir ki, siyahıda Azərbaycanın bir klubu yer alıb.

Premyer Liqanın lideri “Qarabağ” ardıcıl 10 qalibiyyətlə siyahının yuxarı pillələrində qərarlaşıb. XXII turda “Sabah”la qarşılaşmada (3:3) seriyası qırılan Ağdam təmsilçisi qitə üzrə 6-cı yeri bölüşür.

“Qarabağ”ın büdrəməsi İsrail təmsilçisi “Hapoel”in ona çatmasına səbəb olub. Beer Şeva klubu artıq növbəti turda ağdamlıları geridə qoya bilər.

“Qarabağ”la yanaşı, Türkiyə nəhəngləri “Qalatasaray” və “Fənərbağça” da cari mövsüm daxili birincilikdə 10 matçlıq qalibiyyət seriyasına imza atıblar. Onlar da Azərbaycan klubu kimi uğurlu nəticəni davam etdirə bilməyiblər.

Siyahıya Uels təmsilçisi TNS başçılıq edir. Adıçəkilən komanda ölkə çempionatının son 18 matçının hər birində hesabına 3 xal yazdırmağı bacarıb. TNS seriyanı hələ də davam etdirir. İkinci pillədə Niderland PSV-si qərarlaşıb. Lakin ardıcıl 17 qalibiyyəti olan eyndhovenlilərin seriyası qırılıb.

TNS və “Hapoel”lə yanaşı, ilk “12-lik”də yer alanlardan daha biri qələbələri sıralamaqda davam edir. San Marino komandası “Kosmos” son 12 çempionat matçının hamısında rəqiblərini üstələyib.

2023/2024 mövsümündə ən uzunmüddətli qələbə seriyasına malik klublar:

1. TNS (Uels) – 18

2. PSV (Niderland) – 17

3. “Partizan” (Serbiya) – 13

4. “Kosmos” (San Marino) – 12

5. “Virtus” (San Marino) – 11

6-12. “Slovan” (Slovakiya) – 10

“La Fiorita” (San Marino) – 10

“Makkabi” (Təl-Əviv, İsrail) – 10

“Hapoel” (Beer Şeva, İsrail) – 10

“Qarabağ” (Azərbaycan) – 10

“Qalatasaray” (Türkiyə) – 10

“Fənərbağça” (Türkiyə) – 10