LAYİHƏ: "Qəbələ"də uğurlu gələcəyin təməli necə qoyulub?

SportLine.az Azərbaycan futbolunun problemləri və onların həlli yollarından bəhs edən layihə çərçivəsində beşinci yazını dəyərli oxucularına təqdim edir. Vəd etdiyimiz kimi, bu dəfəki yazımızda “Qəbələ” Futbol Akademiyasından bəhs olunacaq. “Qırmızı-qaralar”a xüsusi diqqət yetirməyimiz səbəbsiz deyil. Etiraf etmək lazımdır ki, bölgədəki futbol akademiyası hazırda şəraitinə görə Azərbaycanda yeganədir. 2009-cu ildən fəaliyyətə başlayan bu akademiya ötən 8 ildə ölkə futboluna yetərincə fayda verməyi bacarıb.

11 komandaya 10 medal

“Qəbələ”nin müxtəlif yaş qrupları üzrə komandaları başa çatan mövsümdə 10 medal qazanıblar. Bundan əvvəlki mövsümdə isə, “qırmızı-qaralar” qatıldıqları bütün liqalarda mükafatçılar sırasına düşməklə ölkə rekordu müəyyənləşdirmişdilər. Ardıcıl 4 il Premyer Liqada mükafatçılar sırasına düşməyi bacaran “Qəbələ”nin əsas komandası, son mövsümdə gümüş medallara yiyələnməklə klubun kolleksiyasını yeni qənimətlə zənginləşdirməyi bacardı. Hüseynqulu Quliyevin çalışdırdığı əvəzedicilər də, Roman Qriqorçukun yetirmələrinin uğurunu təkrarlayaraq, çempionatın gümüş medallarına sahib çıxdılar. “Qəbələ”nin AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatdakı hegemonluğundan hələ ötən yazımızda bəhs etmişdik. Belə ki, bölgə klubunun U-16, U-15, U-13, U-12 və U-11 komandaları, iştirak etdikləri müvafiq çempionatlarda 2016/17-ci illər mövsümünün qalibidir. “Qırmızı-qaralar” təkcə yarışdıqları çempionatda qalib olmaqla kifayətlənmirlər. Həm Qəbələni Azərbaycan Premyer Liqasında və avrokuboklarda təmsil edən əsas komanda üçün futbolçular yetirşdirir, həm də, müxtəlif yaş qrupları üzrə millinin heyətinə, akademiyada püxtələşmiş istedadları göndərirlər. Bu gün Azərbaycanın bütün milli komandalarında “Qəbələ” Futbol Akademiyasının izlərinə rast gəlmək mümkündü. Sözsüz ki, uğurun sirri düzgün qoyulan təməl və 2009-cu ildən bəri aparılan məqsədyönlü fəaliyyətdir. Bütün bunlar barədə isə, “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimovla söhbətləşdik.

“İstedadlı uşaq üçün, zəka və intizam önəmli faktordur”

- Sizinlə söhbətə ənənəvi sualla başlamaq istərdik. Çünki, uşaq futbolunda hər şey istedadın vaxtında üzə çıxarılmasından başlayır. Məlum məsələdir ki, yaşı və təcrübəsi az olan uşaq öz istedadını biruzə verməyə də bilər. İstedadı necə müəyyənləşdirməli, onu zamanında digərlərindən necə fərqləndirməlisən?

 - Düzdür, istedadlı uşaqları seçmək bilavasitə mənim işim deyil. Bununla daha çox, bizim seleksiya qrupunda yer alan mütəxəssislər məşğul olurlar. Amma, mən də uzun müddətdir ki, prosesin içindəyəm. Təvəzökarlıqdan uzaq olsa da, deməliyəm ki, müəyyən təcrübə toplaya bilmişəm. Ona görə də, öz mülahizələrimi sizinlə paylaşacağam. Bizim seleksiya qrupunda xüsusi məşqçilərimiz var ki, gözaltı etdikləri uşaqların oyunlarına baxır, həmin uşağı müşahidə edirlər. Özü də təkcə bir oyunda yox. Bəzən 5-10, hətta daha artıq oyunda uşaqlara göz qoymaq tələb olunur. Mövsüm ərzində həmin müşahidələrdə müəyyən fikir formalaşandan sonra yekun qərar verilir və məlumatlar Akademiyaya təqdim edilir. Seleksiya qrupunun da özünün kriteriyaları var və seçim məhz onlar üzrə aparılır. Həmin kriteriyalara uşağın zəkası, intizamı, sürəti, texnikası, intizamı və özünəinamı daxildir. Əsas prinsiplər bunlardır və bu xüsusiyyətlər qazanılmayanlar adlanır. Biz də bu axtardığımız xüsusiyyətləri tapdığımız uşaqları öz akademiyamıza cəlb edirik. Uşağa sonradan fiziki hazırlıqlar sayəsində güc qazandırmaq olar. Amma onun sürəti və ya zəkası yoxdusa, bunu necə qazandıracaqsan? Zəkayla bağlı problemlərlə tez-tez qarşılaşırıq. Özü də bu problem çox aktualdır. Sürəti var, texnikası var. Görürsən ki, rəqibləri aldadır, sürəti hesabına onları geridə qoyur, amma zəkası zəif olduğuna görə məşqçilərin tapşırıqlarını unudur, qərar qəbul etməyə çətinlik çəkir. Qavraması zəif olan uşaqlara akademiyada nəsə öyrədə bilməzsən. Belələri ilə məcbur oluruq ki, yollarımızı ayıraq. Akademiyada ona nəsə öyrədə bilməyəcəyiksə, vaxt itirməyə dəyməz. Digər nöqsanları isə, zamanla həll etmək mümkün olur. Sizin verdiyiniz sualın da cavabı elə buradadır. İstedadlı uşağın ən əsası zəkası olmalıdır. O zaman həmin zəka hesabına, həm istedadını göstərəcək, özünü inkişaf etdirəcək, həm də, nisbətən zəif olan xüsusiyyətlərini artıracaq.

- Hazırda “Qəbələ” Futbol Akademiyasında nə qədər uşaq futbolla məşğul olur?

- Bizim Akademiyamızda U-7-dən U-19-a qədər bütün yaş qrupları üzrə komandalar fəaliyyət göstərir. U-10, U-11, U-12 və U-13 kateqoriyasında isə iki komandamız var. Səbəb də odur ki, bu yaşdakı qruplarımızda uşaq sayı çoxdur. Onlar hər biri 7-7, 9-9 oynayırlar. Hansısa komandanın heyətində 18-20 uşağı gözlətməkdənsə 12-14 nəfərdən ibarət iki komanda yaradırıq. Hamının da oynamaq şansı yaranır, heç kimin önünü kəsmirik. Çünki belə yaşda olan uşaq üçün, oynamaq vacibdir. Onlar oynadıqca açılışırlar, püxtələşirlər. Lisenziyalı oyunçularımızın sayı isə 250-yə yaxındır. Burada dəqiq rəqəm ona görə söyləmək mümkün deyil ki, aşağı yaşlarda mövsüm ərzində oyunçu sifariş etmək olar. Belədə, say da tez-tez dəyişilir. Amma 250-dən o qədər də çox artıb-azalmır. Aşağı yaşlarda “transfer pəncərəsi” olmur.

 - Bu uşaqlardan neçəsi bilavasitə Akademiyada yaşayır?

- Hal-hazırda 75 nəfər orada yaşayır və təhsil alır. Qəbələdəki orta məktəblərin biri ilə əməkdaşlıq edirik. Hər gün xüsusi avtobuslar həmin uşaqları məktəbə aparıb-gətirir. Orada da müəllimlərin xüsusi nəzarəti altında olurlar. Orta məktəbin müəllimlərindən savayı özümüzün üç tərbiyəçi-müəllimimiz və bir məktəb koordinatorumuz var. Onlar daim uşaqlara nəzarət edirlər. Uşaqlar məktəbdə özlərini necə aparırlar, dərslərini necə oxuyurlar hamızı diqqət mərkəzindədir. Bundan başqa gündəlik müəyyən olunmuş dərs saatlarımız var. Axşam məşqindən sonra 1-2 saat dərsə hazırlıq keçirilir. Bu müddət növbəti günün dərslərinin ağırlığına görə dəyişir. Tərbiyəçi-müəllimlər məşqçilərlə birlikdə sakitliyin riayət olunmasına və uşaqların dərslərinə yaxşı hazırlaşmasına nəzarət edirlər.

 “Avropalı uşaqlarla bizimkilər arasındakı fərq təkcə uşaqların problemi deyil”

 - İllərdir bu işin içindəsiniz. Bilirik ki, dünyanın və Avropanın bir sıra aparıcı futbol akademiyalarında olmusunuz. Azərbaycanlı uşaqlar Avropada yaşayan həmyaşıdlarından ən çox hansı xüsusiyyətinə görə geri qalırlar?

- İnanmıram ki, dediyiniz fərqi tam anlamında kimsə bilir. Bunun reseptini bilsəydik, elə Avropa səviyyəsində futbolçu yetişdirərdik. Biz futbolun kütləviləşdirilməsi üçün təkcə Azərbaycanın bölgələrini deyil, Qəbələnin kəndlərini də gəzirik. Çalışırıq ki, ayağı top tutanları, futbola marağı olanları sıralarımıza cəlb edək, onları itirməyək. Gözaltı etdiyimiz uşaqları akademiyaya dəvət etməzdən əvvəl, nümayəndələrimizi onların təhsil aldığı orta məktəblərə qədər göndəririk. Bilmək istəyirik ki, uşağın dərsə davamiyyəti, təhsilə marağı necədir? İstəmirik ki, sonradan peşiman olaq. Məncə əsas problem intellektədəki nöqsanlardır. Biz 2009-cu ildə akademiyanı qurmuşuq. O zamandan bəri, xeyli inkişaf yolu keçmişik, nöqsanları görüb, onların üzərində daha çox çalışmağa başlamışıq. Amma indinin özündə də dəqiq demək çətindir ki, biz nədə geridə qalırıq. Hələ də axtarışdayıq, öyrənməyə çalışırıq. Futbol da cəmiyyətin bir parçasıdır. Bütün sahələr paralel inkişaf etməlidir. Məsuliyyət məsələsi də önəmlidir. Bizim uşaqlarımızın da, məşqçilərimizin də məsuliyyətində axsamalar olur. Təsəvvür edin, məşq keçirilir və 20 uşaq eyni vaxtda orada iştirakçıdır. Sonda görürsən ki, onlardan yalnız beşinin köynəyi tərdən islanıb. Deməli, bu beş nəfər məşq zamanı dayanmadan çalışıb. 15-i isə, onlardan daha az tərləyiblər. Sizə bir maraqlı məqam danışım. Akademiyamıza bir müddət rəhbərlik etmiş Stenli Brard ilk gəldiyi gün bizə dedi ki, uşaqlar üçün 90 dəqiqə məşq çoxdu, gəlin bunu 60 dəqiqəyə endirək. Biz təklif etdik ki, qərar verməyə tələsməsin, özü də müşahidələr aparsın. Sonda, o da, biz deyənlə razılaşdı. Başa düşdü ki, azərbaycanlı uşaqlar avropalılar kimi deyil. Orda 60 dəqiqənin hər saniyəsində uşaq canla-başla çalışır, hər şeyi məşqçinin ilk sözündəcə qavrayır. Amma bizdə bəzən elə olur ki, eyni şeyi beş dəfə təkrarlamaq lazım gəlir. Bunda uşaqların günahı yoxdur.

 - Bəzən uşaqların böyük hədəflərə köklənməməsindən, futbola yalnız çoxlu pul qazanmaq vasitəsi kimi baxmasından da şikayətlənirik.

- İradınızla razıyam. Uşaqlarla böyüklər arasında stimullar fərqli olmalıdır. Bunu məşqçilər də nəzərə almalıdırlar, valideynlər də. Uşaq özü bilməlidir ki, futbolçu olmaq istəyir, ya istəmir? Böyük futbolçu olmağın yollarını ona göstərmək lazımdır. 13 yaşında uşağa desən ki, sən gələcəkdə PSJ-də oynayacaqsan, milyonçu olacaqsan, bu onun psixologiyasına mənfi təsir edəcək. Çünki yetərincə uzaq hədəfdir. Həmin uşağın hədəfi növbəti oyunda qələbə, mövsümün sonundakı çempionluq, məşqçisinin tərifi, azarkeşin alqışı olmalıdır. Bunları uşaqlara aşılamağa çalışırıq.

- Bu günkü mənzərə sanki bir rəqabətsizlik mühitini xatırladır. Görünən odur ki, “Qəbələ”nin aşağı yaş üzrə komandalarına layiqli rəqib yoxdur. Bu sizin üçün əlavə problem yaradırmı?

- Biz Azərbaycan üçün öz hədəflərimizə çatmışıq. Ölkədə ən yaxşı futbol akademiyası bizdədir. Amma daha böyük hədəflər üçün çalışırqsa, yerimizdə dayana bilmərik. Söhbət Avropa səviyyəli futbolçuların yetişdirilməsindən gedir. Bunun üçün də, futbolçu, oynaya-oynaya, rəqabət hiss edə-edə püxtələşməli, gərgin oyunlarda özünü göstərməlidir. Rəqabətsizlik ciddi problemdir, amma bunu özümüzə bəhanəyə çevirə bilmərik. Mövsüm ərzində bütün liqalarda əsasən 6-8 maraqlı oyun keçiririk. Qalanlarında böyük hesabla qalib gəlirik. Xüsusən daha aşağı yaş qruplarında belədir. Bəzən məşqçilər komanda qarşısında hədəf qoyur ki, 20:0 hesabıyla qələbə qazanmalıyıq. Növbəti oyunda deyir ki, ancaq cinah asmalarından vurulan qolları sayacam. Digər oyunda isə, məşqçi yetirmələrinə mərkəzdən daha çox hücum etməyi tapşırır. Bu cür tapşırıqlarla çalışırıq ki, o çətinliyi aradan qaldıraq. Gürcüstandakı vəziyyət də belədir. Hazırda orada Tbilisi “Dinamo”suna müəyyən mənada yalnız “Saburtalo”nun uşaq komandaları rəqabət təklif edə bilir. Digərləri ilə oyunlar isə böyük hesabla başa çatır. Bu nöqsanı aradan qaldırmaq üçün hər il müxtəlif komandalarımızı ölkə xaricinə göndəririk. Orada onlar güclü rəqiblərlə qarşılaşır, səhv etməyin və bunun nəticəsində də məğlubiyyətin nə olduğunu bilirlər. Bu cür xırda məqamların arxasında gizlənmirik. Rəqabət yoxdursa, özümüz həmin problemlərdən çıxmağın yollarını axtarırıq.

Sonda onu qeyd edək ki, ötən mövsüm Premyer Liqada mübarizə aparan müxtəlif klublarda “Qəbələ” Futbol Akademiyasının 17 yetirməsi meydana çıxıb. Həmin futbolçuların arasında Tellur Mütəllimovun, Elnur Camalovun, Amil Yunanovun, Fərid Nəbiyevin olduğunu xatırlatmaq kifayətdir ki, söhbətin kimlərdən getdiyini bilək. Bu rəqəm əvəzedicilərdə 13, birinci divizionda isə 10-dur. Qeyd etdiyimiz 40 gənc, akademiyanın 8 illik fəaliyyətinin Azərbaycan futboluna verdiyi bəhrədir. İşin bünövrəsi düzgün qoyulubsa, gələcəkdə daha böyük uğurlar gözləməyə dəyər.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir