Rio-2016: "Qələbəmi anama həsr edirəm"

"Hələlik, yalnız ayaqlarımın ağrısını hiss edirəm. İlk döyüşümdən ağırıyır". SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi, taekvondo seçəmizin üzvü Radik İsayev deyib.

Çempionluğundan danışan idmançı, "Döyüşə çıxanda qalib gələcəyəm, çempion olacağam, demirəm. Sadəcə, çıxıram və bacardığımın ən yaxşısını etməyə çalışıram. Rəqibin kimliyinin də fərqi yoxdur. Rəqibimi tanıyandan sonra ona görə hazırlaşmağa başlayıram. Onsuz da rəqiblər hamısı bir-birini yaxşı tanıyır. Əlavə nəsə araşdırmağa da ehtiyac yoxdur. İdmandır: biri udur, digəri uduzur", - deyə bildirib.

"Qələbəmi anama həsr edirəm", - deyən Radik İsayev, "O, mənim ilk azarkeşimdir. Medallarımı yığır. Bunun üçün otaq da ayırıb. Onun üçün fərqi yoxdur, Avropa çempionatı olsun, ya Olimpiada. Çempion olduğum üçün, sadəcə, qürur duyuram", - söyləyib.

Olimpiadada bütün mükafatların böyük uğur olduğunu bildirən idmançı, ən azından, daha bir qızıl medal qazanacağımız inanır: "Qızıl barədə düşünmürdüm. Məqsədim, mükafatçılar sırasına düşmək idi. Hələ, ən azı, bir qızıl da qazana bilərik. Lorenzo Sotomayorun finalda qələbə qazanacağına inanıram".

Xatırladaq ki, Radik İsayev Azərbaycan idmanı tarixində taekvondo idman növündə ilk Olimpiya qızılını qazanıb.

Səmayə Məmmədova
GİN-in mətbuat katibi