“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər”.
Sportline.az “Report"a istinadən xəbər verir ki, bunu "Borussiya"nın baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Sabah"a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbə qazandıqları (2:1) qarşılaşmanı şərh edib: "Bu, bizim üçün çox vacib qələbə idi. Matçdan çox razıyam. Hücum xəttində çox yaxşı çıxış etdik. Rəqibimiz çox güclü idi. Onlar özlərini çox yaxşı tərəfdən göstərdilər, bizə qarşı baxımlı çıxış etdilər. Əlimizə düşən fürsətlərdən maksimum istifadə etdik. Bir həftədə üçüncü dəfədir ki, səfərdə çıxış edirdik. Rəqib komanda vəziyyətdən çox yaxşı çıxırdı. İlk 10 dəqiqədə qapıya çoxsaylı zərbələr endirdik. Futbolçularım meydanda verilən tapşırıqları layiqincə yerinə yetirdilər".
O, "Sabah"ın vurduğu qolu da dəyərləndirib: “Standart vəziyyətdən qol buraxmaq bizi qəzəbləndirir. Çalışırıq ki, bu vəziyyətdə qapımızda qol görməyək. Əslində, həmin vəziyyətdə qapımızı toxunulmaz saxlaya bilərdik. Lakin "Sabah" həmin epizodda daha dəqiq oynadı. Bundan sonra künc zərbələrində və digər standart vəziyyətlərdə daha diqqətli olmalıyıq".
Niko Kovaç "Sabah"ın "Borussiya"ya qarşı layiqli mübarizə apardığını söyləyib: “Sabah"a göstərdiyi futbola görə təbriklər düşür. Həqiqətən, layiqli mübarizə apardılar. Sözün açığı, təəccüblənmədim. Çünki "Sabah"ı araşdırarkən onların yaxşı oyun nümayiş etdirdiklərini görmüşdüm. Çoxları düşünürdü ki, Norveç və Azərbaycana yollanarkən asan qələbələr qazanacağıq. Lakin bu, belə deyil. Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər".