Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Bakıda Dortmund “Borussiya”sına 1:2 hesablı məğlubiyyəti şərh edib.

Sportline.az xəbər verir ki, litvalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

– Xal qazanmaq üçün nə çatmadı?

– Keyfiyyət fərqi özünü göstərdi. Yaxşı imkanlarımız oldu, amma onlardan yararlana bilmədik. Əlimizdən gələni etdik. Son saniyəyə qədər oyunun içində qaldıq. Lakin rəqibin ustalığı özünü göstərdi. Onlar yaranan imkanlardan istifadə etdilər. Futbolçularımın göstərdiyi mübarizə ilə fəxr edirəm.

– Komandanın taktiki planı necə idi?

– Görünür, oyuna tam baxmamısınız. Baxın, görəcəksiniz. Nə etməyə çalışdığımızı, necə hücum etdiyimizi və necə müdafiə olunduğumuzu başa düşəcəksiniz.

– Orfe Mbina komandanın jokeridir. O, dəfələrlə vacib məqamlarda meydana çıxaraq faydalı olub. Bu gün də qol epizodları yaratdı. Onun çıxışından razısınız?

– Komandadakı hər kəsdən razıyam. Hamı bacardığını etdi. Futbolçular başa düşürlər ki, hər oyunda meydana çıxmaq mümkün deyil. Bizdə rəqabətə davamlı sistem var. Bəzən hansısa futbolçu daha faydalı olur. Mbina da bu gün komandaya töhfə verə bildi. Ondan çox razıyam.

– Bu oyunda sizi ən çox nə məyus etdi?

– Razıyam ki, daha keyfiyyətli komanda qalib gəldi. Unutmayaq ki, “Borussiya” hazırda Avropanın ən yaxşı komandalarından biridir. Bəli, ilk hissədə onların yaxşı epizodları oldu. Amma fasilədən sonra biz də qol imkanları yaratdıq. Hesabı bərabərləşdirə bilərdik. Ümumilikdə vəziyyət pis deyil.

Ən məyusedici məqam oyuna pis başlamağımız idi. Çempionlar Liqasında sürət və gərginlik tamamilə fərqlidir. Hər iki hissəyə pis başladıq və erkən qollar buraxdıq. Bəzi epizodlarda bəxtimiz gətirmədi. İstənilən halda, futbolçularımla fəxr edirəm. Onlar son dəqiqəyə qədər təslim olmadılar.