Sənan Əliyev: "Bu il çempionatımızda çox səviyyəli legionerlər var"

“Basketbol üzrə Azərbaycan çempionatında 8 komanda var. Çempionat 4 dövrədən ibarətdir. Hazırda 2-ci dövrə gedir. 13-cü turun oyunları keçirilir. NTD, “Sərhədçi”, “Gəncə”, “Sabah”, “Xırdalan” favoritlərdən sayılır. Sonluqdakı 3 komanda “Neftçi”, “Zirvə”, “Olimpik Şəki” pley-off zonasından uzaqdadır”.

Bunu Sportline.az saytına açıqlamasında, Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev deyib. O, bildirib ki, yeni legionerlərin gəlişi çempionatın səviyyəsini artırır.

“İlk 4 komanda pley-offa yüksələcək. Pley-offda 1-ci yer 4-cü yerlə, 2-ci yer 3-cü yerlə qarşılaşacaq. Yarımfinal seriyası 2, final seriyası isə 3 qələbəyə qədər oynanılacaq. Yanvarın 15-də transfer pəncərəsi açılır. Legionerlərin gəlməsi gözlənilir. Transfer pəncərəsi 15 fevrala kimi davam edəcək.

Oyunlar “CBC Sport” və Azərbaycan Basketbol Federasiyasının yutub kanalında canlı yayımlanır. Çempionatda 3+2 sistemi mövcuddur. Yəni, komandalarda 3 əcnəbi varsa, mütləq 2 azərbaycanlı basketbolçu olmalıdır. Ümumiyyətlə, ötən illərlə müqayisədə bu il çempionatımızda çox səviyyəli legionerlər var. Bu, yarışa xüsusi rəng qatır”.