Şahin Şahniyarov: "Milli forması ilə ilk oyunuma çıxdığım üçün çox sevincliyəm"
"Ümid edirəm ki, millinin heyətində və oyunlarda mütəmadi şəkildə yer alacam".
Sportline.az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Şahin Şahniyarov Azərbaycan millisində debüt etməsi ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Belarusla yoxlama görüşündə start heyətdə yer alan və 62 dəqiqə oynayan 20 yaşlı yarımmüdafiəçi öz üzərində çox işləməli olduğunu söyləyib:
“Komanda yoldaşlarıma və məşqçilərimizə təşəkkürümü bildirirəm. Yığmaya dəvət alanda özümü çox xoşbəxt hiss edirdim. Debüt matçı isə daha maraqlı oldu. Milli forması ilə ilk oyunuma çıxdığım üçün çox sevincliyəm. Necə çıxış etdiyimi deyə bilmərəm, buna məşqçilərim qərar verəcək. Lakin istənilən halda öz üzərimdə daha çox işləməli olduğumu bilirəm. Ümid edirəm ki, millinin heyətində və oyunlarda mütəmadi şəkildə yer alacam”.
Qeyd edək ki, ötən gün "Bank Respublika Arena"da baş tutan Azərbaycan - Belarus matçı qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.