Şeydayevlə Mahmudova bəslənən ümidlər və gözdən itən İsrafilov - LAYİHƏ
SportLine.az dəyərli oxucularına “Yığma komanda: son seçmə mərhələnin analitik-statistik yekunu; AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması; yığmanı gücləndirmək imkanı: islahat, yoxsa inqilab yolu?” adlı layihə çərçivəsində üçüncü yazını təqdim edir. Budəfəki yazımızda milli komandaya böyük ümidlərlə dəvət olunan üç futbolçudan söz açacağıq. Yəqin ki, Ramil Şeydayev, Emin Mahmudov və Eddi İsrafilovu nəzərdə tutduğumuzu anladınız. Bu futbolçuları fərqləndirməyimiz səbəbsiz deyil. Çünki biz onların Azərbaycan millisinin şərəfini qorumağa razılıq verməsini böyük sevinc hissi ilə qarşılamışdıq. Hər üçünə böyük ümidlə yanaşır, milliyə ciddi mənada xeyir verəcəklərinə inanırdıq. Ümidlərimiz doğruldumu? Bunu aydınlaşdırmaq üçün statistik məlumatlara nəzər salacağıq, daha sonra isə sizi mütəxəssislərin fikirləri ilə tanış edəcəyik.
Rusiya millisində 26 qol vurmuş hücumçu
Bizim “kürdəmirli balası” kimi tanıdığımız Ramil Şeydayev 1996-cı ilin 21 martında Rusiyanın Sankt-Peterburq şəhərində doğulub. Futbolla məşğul olmağa “Zenit”in uşaq komandasında başlayan Ramil “ağ-göylər”in əsas heyətinə qədər yüksəlib və beş oyunda meydana çıxıb. Bir müddət Kazanın “Rubin” komandasına icarəyə verilən həmyerlimiz Tatarıstan klubunda əsas heyət üzvünə çevrilə bilməyib. Bu səbəbdən də doğma Peterburqa geri qayıdıb. “Zenit-2”də keçirdiyi 44 oyunda 28 qola müəlliflik edən Ramilin yığma karyerası daha uğurlu alınıb. Rusiyanın U-17 komandasından U-21-ə qədər uzun bir yol keçən Şeydayev bu komandalarda 36 dəfə forma geyinib. Ramil bir hücumçu kimi üzərinə düşəni maksimum səviyyədə yerinə yetirməyi bacarıb. Hər halda, 36 oyuna 24 qol yeniyetmə hücumçu üçün pis nəticə deyil. 17 yaşadək futbolçular arasında Avropa çempionatının finalında iştirak və İtaliya üzərində qazanılan qələbə ilə qitənin ən güclüsü adını qazanmaq isə Ramil üçün zirvə idi. Ramilin 12 qolla 2015-ci ildə U-19 komandaları arasında keçirilən Avropa çempionatının bombardiri olduğunu da qeyd edək.
Bununla belə həm “Zenit”in əsas heyətində, həm də Rusiya millisindəki rəqabətin güclü olması Ramilin gələcək karyerasında dönüşü qaçılmaz edirdi. 2016-cı ilin yayında “Zenit”lə müqaviləsi bitən Ramil klubdan yeni sözləşmə üçün təklif almadı. Belədə üzünü qardaş Türkiyəyə tutan Şeydayevin növbəti dayanacağı Qara dəniz sahilləri oldu. “Trabzonspor”la 4 illik müqaviləyə imza atan gənc hücumçunun karyerasında yeni dönəm başladı. Rusiya Premyer Liqasında oynamaması onun milli məşqçilərinin də diqqətini cəlb etməsini əngəlləyəcəkdi. Onsuz da yüksək rəqabət, rusların milli ayrı-seçkliyə meyilli olması da Ramilin Rusiyanın əsas komandasındakı perespektivini mürəkkəbləşdirirdi. Bütün bunları nəzərə alanda doğma Azərbaycandan gələn təklifi qəbul etmək ağlabatan görünürdü. AFFA rəhbərliyi Ramillə birlikdə Rusiyada püxtələşmiş digər həmyerlimizi milli komandaya cəlb etmək üçün xeyli əvvəldən fəaliyyətə başlamışdı.
Saatlıdan Moskva “Spartak”ına qədər uzanan yol
Ramildən fərqli olaraq Emin Mahmudov 27 aprel 1992-ci ildə Azərbaycanda, daha dəqiqi Saatlı rayonunun Qara Nuru (keçmiş adı Krasnoselsk) kəndində dünyaya göz açıb. Daha sonra isə valideynləri ilə birlikdə Rusiyaya köç edib. Emin Mahmudov futbol həyatına “Saturn”un uşaq komandası olan “Master-Saturn”da başlayıb. 2009-cu ildə “Saturn”un əvəzedici heyətində daim oynaması ilə diqqət çəkəndən sonra əsas komandaya cəlb olunan Emin, 2010-cu ilin yanvar ayında Sankt-Peterburq şəhərində Vladimir Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə, karyerasında ilk uğurlarını qazanıb. Belə ki, Rusiyanın 19 yaşlılardan ibarət yığma komandasının qalibi olduğu turnirin bombardiri də məhz Mahmudov olub. Özü də maraqlıdır ki, adətən nadir hallarda qol vurduğunu etiraf edən hücumameylli yarımmüdafiəçi, turnirdə demək olar hər oyunda rəqib qapısına yol tapmağı bacarıb.
2010-cu ilin aprelində “Saturn”un əsas heyətində debüt edən Mahmudov 9 ay sonra Moskva “Spartak”ı ilə müqavilə imzaladı. Qırmızı-ağ formada 13 oyunda meydana çıxan futbolçu daha sonra icarə qaydasında “Tom” və “Krılya Sovetov” klublarının şərəfini qorudu. Samara təmsilçisi 2014-cü ildə Eminin transfer hüququna sahiblənsə də, Emin əsas heyətdə möhkəmlənə bilmədi. Yenə də icarə əsasında “Mordoviya”ya yollannan Emin üçün bu komanda Rusiyada sonuncu oldu. 2016-cı ilin iyulunda Emin Portuqaliyanın “Boavişta” klubu ilə müqavilə imzaladı. Rusiyanın U-18-dən U-21-ə qədər yığma komandalarında qədər çıxış edən Emin ümumilikdə 34 oyunda meydana çıxıb. Bu oyunlarda vurduğu 9 qol isə yarımmüdafiəçi üçün yaxşı göstərici sayılırdı.
FİFA-dan iki futbolçuya eyni gündə açılan qapı
2016-cı ilin avqust ayının 5-də FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Ramil Şeydayevlə bağlı müraciəti ilə əlaqədar qərar qəbul etdi. Həmin qərarda qeyd olunurdu ki, AFFA-nın, eləcə də futbolçular Ramil Şeydayev və Emin Mahmudovun milli komandalarını dəyişdirilməsi ilə bağlı xahişi təmin olunub. Şeydayevə və Mahmudova bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilib. FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.
Maraqlıdır ki, FİFA-nın bu qərarı, hər iki futbolçunun Rusiyanı tərk edib legioner həyatı yaşamağa başlaması ilə üst-üstə düşürdü. Deməli, futbolçular proseslərin məhz bu ssenari ilə inkişaf edəcəyinə inanırmışlar. Onu da başa düşürmüşlər ki, Azərbaycan pasportu aldıqdan sonra Rusiya çempionatında işləri xeyli çətinləşəcək. Çünki mövcud reqlamentə görə əvvəllər Rusiyanın aşağı yaş qrupları üzrə millilərində oynayan futbolçular sonrada başqa ölkənin vətəndaşlığını qəbul edərlərsə, onların ikili vətəndaşlıqla yerli statusunda çıxış etməsi qadağandır. Belədə həm Ramil, həm də Emin rus klublarında legioner sayılacaqdılar. Limitlə bağlı problemlər isə onların işini daha da çətinləşdirəcəkdi.
Eyni gündə Azərbaycan millisinə cəlb olunan bu iki futbolçunun yolları sonradan elə Bakıda kəsişdi. Ramil “Trabzonspor”da möhkəmlənə bilməyincə Slovakiyanın “Jilina” klubuna icarəyə göndərildi. Ötən mövsüm işləri yaxşı gedən hücumçu bu mövsümün startında əsas heyət üzünə həsrət qaldı. Oyun təcrübəsi sarıdan korluq çəkən Şeydayevi bu dəfə “Qarabağ” “Trabzonspor”dan icarəyə götürdü. Emin Mahmudovun Portuqaliyadakı çıxışını da uğurlu saymaq çətindir. 12 oyun və bir qolla yadda qalan “Boavişta” səhifəsini şübhəsiz ki, Emin də uğursuz sayır. Hazırda Mahmudov “Neftçi”nin futbolçusudur.
Ramil 3-cü, Emin isə 21-ci dir
Ötən ilin sentyabrın 4-də San Marino ilə səfərdə keçirilən oyun həm Emin, həm də Ramil üçün əlamətdar oldu. Komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada, baş məşqçi Robert Prosineçi hər iki futbolçunun meydana buraxdı. Bununla da onların Azərbaycan millisində debütü baş tutdu. Ramil 88-ci dəqiqədə Ağabala Ramazanovun əvəzinə meydana çıxdısa, Emin 77-ci dəqiqədə Dmitri Nazarovun yerini tutmuşdu. Həmin qarşılaşmada Emin Ramildən daha çox meydanda olsa da, sonradan bu göstərici əksinə dəyişdi. Özü də böyük fərqlə. Belə ki, Prosineçki Ramilə daha çox güvənməyə başladı. Seçmə mərhələ ərzində keçirdiyimiz 10 oyunun hamısında forma şansı qazanan və 534 dəqiqə meydanda olan Ramil bu göstəriciyə görə ümumi siyahıda 3-cüdür. Komandaya faydalı olmağa bütün gücü ilə çalışan Ramil bu etimadın qarşılığına yalnız sonuncu oyunda verməyi bacardı. Onun Almaniya ilə səfərdəki oyunun 34-cü dəqiqəsində Bernd Lenonun qoruduğu qapıya vurduğu qol seçmə mərhələdə Ramil üçün yeganədir. Emin isə cəmi iki oyunda Prosineçkidən şans qazanıb və üst-üstə 82 dəqiqə oynayıb. Bu isə 27 futbolçu arasında 21-ci yer deməkdir.
Maraqlıdı ki, Emin oyun sayına görə Eddi İsrafilovdan geridə olsa da, meydanda keçirdiyi dəqiqələrin cəminə görə ondan irəlidədir. Emin 2 oyunda 82 dəqiqə meydanda olubsa, Eddi 3 oyunda 69 dəqiqə forma geyinib. Şimali İrlandiya ilə Bakıdakı oyunu ehtiyat oyunçular skamyasından izləyən hər iki futbolçu ondan sonra Prosineçkidən dəvət almayıblar. Bu iki futbolçunu birləşdirən daha bir məqam var. Belə ki, onların hər ikisi seçmə mərhələdə cəmi bir dəfə start heyətdə meydana çıxıblar. Norveçi 1:0 hesabıyla məğlub etdiyimiz oyunda ilk dəqiqələrdən meydanda olan İsrafilov 65-ci dəqiqədə əvəzlənib. Emin isə Şimali İrlandiya ilə Belfastdakı qarşılaşmanın 70 dəqiqəsini meydanda keçirib.
İspaniyanın “Qranada” klubunda oynayarkən Azərbaycan millisində forma geyinmək təklifini qəbul edən Eddi İsrafilovsa 2015-ci ilin yanvarından bəri millimizin üzvü sayılır. Avropa çempionatının seçmə mərhələsinin yalnız sonlarında millimizə qoşulan Eddiyə də böyük ümidlər bəslənilirdi. Azarkeşlər və mütəxəssislər inanırdılar ki, futbolun sirlərini İspaniyada öyrənən İsrafilov dünya çempionatının seçmə mərhələsində öz oyunu ilə millimizə böyük fayda verəcək, onun liderlərindən birinə çevriləcək. Göründüyü kimi, arzularımız reallaşmadı. Bəlkə də səviyyəli komandada oynamaq şansı qazanmaması, tez-tez klub dəyişməsi onun karyerasının inkişafına imkan vermədi. O da böyük ümidlərlə dəvət olunduğu Azərbaycan millisinə fayda verməyi bacarmadı.
Bu üç futbolçunun çıxışı barədə mütəxəssislər nə düşünür? Ramil Şeydayev, Emin Mahmudov və Eddi İsrafilov Azərbaycan millisinə nə dərəcə faydalıdır, onlardan daha artığını gözləməyə dəyərmi?
Şahin Diniyev: “Eddinin millidə oynadılması yanlış addım idi”
İlk müsahib kimi 2005/2007-ci illərdə milli komandamızın baş məşqçisi olmuş, hazırda “Kəpəz”i çalışdıran Şahin Diniyevi seçdik. Təcrübəli mütəxəssis millimizin son seçmə mərhələdiki çıxışını belə dəyərləndirdi:
Ümumi götürsək millimiz normal çıxış etdi. Düzdür, 10 xal bizim üçün rekord nəticədir. Amma nəzərə almalıyıq ki, 6 xalı San Marino ilə oyunlarda qazanmışıq. Çexiya millisi ilə Bakıda daha yaxşı çıxış edə və xal qazana bilərdik. Eləcə də Norveçlə səfərdəki oyunu qeyd etməliyəm. Hadisələrə real baxmalıyıq. Almaniya ilə oyunlardan xalla ayrılmağımız inandırıcı deyildi. Buna görə də nə əla sayıram, nə də pis. Yaxşı qiymət vermək mümkdündür. Əsas odur ki,rəqiblərlə başabaş oynamağa çalışdıq. Əvvəlki illərdə olduğu kimi, tamamilə müdafiədə oturub, böyükhesablı məğlubiyyətlərdən qaçmağa çalışmadıq. İki amilin sayəsində bunu bacardıq. “Qarabağ”la “Qəbələ”nin avrokuboklardakı çıxışı futbolçuların təcrübə toplamasına əvəzsiz töhvə verib. Onlar böyük futbolun nə olduğunu hiss ediblər. İkincisi isə baş məşqçi amilidir. Prosineçkinin əməyini bir kənara qoymaq olmaz. Onun oyun fəlsəfəsi də xoş idi. Çalışırdı ki, baxımlı futbol oynayaq. Tam alındığını söyləmək olmaz. Amma çalışırdıq ki, nəsə göstərək. Həm müdafiədə, həm də hücumda futbol oynamağa çalışdıq. Azərbaycanlı futbolçuların üzərindən xof götürüldü. Günümüzün reallıqlarından qaçmaq olmaz. Biz futbol ölkəsi deyilik, hələ buna doğru gedirik. Ölkə futbolundakı problemlər milliyə təsir edir. Milli komanda futbolun pik nöqtəsi olduğu üçün mövcud problemlər özünü orada göstərir.
İstərdik ki, Ramil Şeydayevlə Emin Mahmudovun oyununa ayrıca toxunasız. Onların gəlişi ilə komandamızda nə dəyişdi?
Bu siyahını təkcə üç nəfərlə yekunlaşdırmayaq. Məncə ümumi baxmaq üçün Dmitri Nazarovu və Rüfət Dadaşovu da ora əlavə etməliyik. Xaricdə çıxış edən, orada yetişən hər bir futbolçunun milliyə gəlişinin müsbət tərəfi olur. Komandaya yenə bir sima gəlir. Bu mənada Ramili xüsusilə qeyd edərdim. Şeydayevi təkcə Almaniyaya qol vurduğuna görə fərqləndirmirəm. Meydanda sona qədər mübarizə aparır, rəqibin müdafiəsini xüsusi gərginlikdə saxlayır. İstiqaməti düz tutsa, yaxşı inkişaf etsə, gələcəkdə həm milliyə, həm də “Qarabağ”a çox fayda verəcək. Onda böyük bir istedad var.
Razalışarsız ki, Eminə də böyük ümidlər bəsləyirdik, amma ən azından bu seçmə mərhələdə ondan gözləniləni ala bilmədik?
Günah Emində deyil. Təkcə məşq etməklə “artırmaq” olmur. Emini geri salan onun “Boavişta”da şans qazanmaması, oyun təcrübəsinin olmaması idi. Mahmudovun istedadına şübhə etmirəm. Rusiya Premyer Liqasında yetərincə təcrübəyə sahibdir. Həm də ki, “qabında” nə isə olmasaydı, Portuqaliya klubundan dəvət almazdı. Amma obyektiv və ya subyektiv səbəblərdən orada lazımi qədər oynamadı. Bu da onu geri saldı. Hazırda “Neftçi”də çıxış edir, yavaş-yavaş formasını yığır. Şübhə etmirəm ki, gələcəkdə çox fayda verəcək. Emin də, Ramil də hələ gəncdilər. Azərbaycan üçün düzgün seçimdilər. Oynaya-oynaya püxtələşəcəklər, millimiz də bundan fayda görəcək. Birdən-birə böyük komandalara getmək yanlış idi. Necə ki, Ramil də “Trabzonspor”a getməklə çətinlik çəkdi, heyətə yol tapa bilmədi. Bu addımı onun zərərinə işlədi. İndi “Qarabağ”dadı, öz üzərində çalışır. Düzdür, “Qarabağ” da böyük klubdur. Amma orada Ramilin oynamaq şansı çoxdur, nəinki “Trabzonspor”da.
Eddi İsrafilovla bağlı nə düşünürsüz? Onu da böyük sevinc hissiylə qarşılamışdıq. İndi gözdən itib.
Fikrimi qısa və açıq ifadə edəcəyəm. Emosiyalardan uzaq olmaq lazımdır. Eddi İsrafilovun Azərbaycana gətirilməsi, millidə oynadılması yanlış idi. Onun səviyyəsində yetərincə futbolçumuz var. Hətta ondan da yaxşı. Meydana çıxıb 3-5 dəqiqə oynayacaq futbolçu bizim nəyimizə lazımdır?
Samir Musayev: “Ramil öz oyununu tapsa, qolları sıralayacaq”
Millimizin sabiq çalışdırıcısının fikirlərini öyrəndikdən sonra Samir Musayevə müraciət etdik. Hazırda “Qarabağ”ın aşağı yaş qruplarında çalışan Musayev bir vaxtlar Ağdam təmsilçisi ilə yanaşı milli komandamızın da “vuran ayağı” olub.
Azərbaycan futbolunun yetişdirdiyi azsaylı taran tipli forvardlardan olan Samir bəy də millinin sonuncu seçmə mərhələdəki çıxışını qənaətbəxş saydığını bildirdi:
Milli komandamız bu seçmə mərhələni 10 xalla başa vurdu. Yaxşı göstəricidir. Bəzi qarşılaşmalar oldu ki, həmin oyunlardan da xal götürə bilərdik. Amma futbolun içindəki xırdalıqlar buna imkan vermədi. Əvvəlki illərlə müqayisə də həm nəticə, həm də gənc futbolçuların milliyə cəlb olunması baxımından bu seçmə mərhələni yaxşı qiymətləndirə bilərəm. Addım-addım irəliləmək lazımdır. Nə vaxtsa inanmırdıq ki, Çempionlar Liqasının qrupunda komandamız olar. Artıq “Qarabağ” o zirvəni fəth edib. Eli millimiz də bu istiqamətdə gedir. İnanmaq lazımdır.
Siz də gənc oyunçuları xatırladınız. Elə bu barədə soruşmaq istəyirik. Ramil Şeydayevlə Emin Mahmudovun gəlişinə bəslədiyimiz ümidlər doğruldumu?
Tam mənada “hə” deməyə çətinlik çəkirəm. Öz futbolumuzun yetirdiyi Təmkin Xəlilzadədən daha çox effekt oldu, etimad doğruldu. Ola bilsin ki, Ramillə Eminin bir az zamana ehtiyacı var. Həm bizim futbolun mühitinə, həm də komanda yoldaşlarına uyğunlaşmaq üçün vaxt keçməlidirlər. Nəzər alaq ki, Rusiyada oynanılan futbolla bizim futbol arasında fərq var. Oyunçuların psixologiyaları da fərqlidir. Bunu mütləq nəzərə almalıyıq. Bizə elə gəlirdi ki, onlar gələn kimi qolları sıralamağa başlayacaqlar. Amma futbolun da öz reallıqları var.
Siz özünüz də hücumçu olmusuz. Ramilin oyununu necə qiymətləndirirsiz? Onun hücumçu kimi müsbət və mənfi tərəfləri hansılardır?
Oyun üslubu vacib faktordur. Bu məqam xüsusilə hücumçular üçün həlledici olur. Bəzi komandalar oyunu hücumçunun üzərində qurur, ona uyğunlaşdırır. Yaxud da məşqçi hücumçudan tələb edir ki, öz oyununu komandanın üslubuna uyğunlaşdırsın. Ramil kimi hücumçular üçün birinci hal arzuolunandır. Belə olanda onların işi yaxşı gedir, oyunları alınır. Ehtimal edirəm ki, Ramilin üslubla bağlı çətinliyi oldu. Hiss olunur ki, qol duyumu var. Hər dəqiqə qol vura bilər. Çox istərdim ki, “Qarabağ”da çətinlikləri arxada qoysun, “relsə” düşsün. Yalnız bundan sonra ondan davamlı qollar gözləmək olar. Oyun təcrübəsi ilə bağlı olan çətinliklər onun psixologiyasına da təsir edib, gərginlik yaradıb . Bu mərhələni arxada qoymalıdır.
Emin Mahmudovun problemini nədə görürsünüz? Millidə heç bir oyunu 90 dəqiqə meydanda keçirmədi...
Onun da problemləri oxşardır. Rusiya futbol məktəbinin yetirməsidir. Birdən-birə Portuqaliyaya yollandı. Mənim fikrimcə, burada bir qədər tələsdi. “Boavişta”ya yollanması səhv addım idi. Uğurlu legioner həyatı yaşamaq üçün əvvəlcə öz klubunda möhkəmlənməlisən, daim meydanda olmalısan. Tam hazır olandan sonra yollandığın xarici klubda da özünü təsdiqləyə bilərsən. Emində bu yox idi. Amma getdi və uzun müddət ehtiyat oyunçular skamyasında oturdu. Meydana çıxanda da özünü göstərə bilmədi, beləcə həm özünəinamı, həm də məşqçinin etimadını itirdi. Bunun da təsirini formasını qoruya bilməməkdə hiss etdi. Millidə isə belə vəziyyətdə oynamaq mümkün deyil. Oyun təcrübəsi olmayan futbolçu millidə necə uğurlu çıxış edəcək?!
Eddi İsrafilov üçün isə bu seçmə mərhələ daha uğursuz hesab oluna bilər. Onun oyununu necə qiymətləndirə bilərik?
Səmimi deyəcəyəm, Eddi ilə bağlı fikir söyləmək çox çətindir. İsrafilov gözdən itmək üzrədir. Baxmayaraq ki, İspaniyada oynayan futbolçunu da böyük ümidlərlə qarşılamışdıq. Amma indi fikirləşirəm, heç cür yadıma sala bilmirəm ki, Eddinin oyununa qiymət vermək üçün hansı epizodu xatırlayım. Belə bir məqam xatırlamıram.
Mütəxəssislərin fikrinin də ümumi mənzərəyə uyğun olduğunu əminliklə söyləmək mümkündür. Eddi İsrafilov ümidlərimizi heç cür doğrulda bilməyib. Eminlə Ramil isə bu seçmə mərhələni daha çox oyun təcrübəsindən əziyyət çəkdiklərinə görə qurban verdi. Ümid edək ki, Ramilin “Qarabağ”da, Eminin “Neftçi”də sabit çıxışı gələcəkdə onların milliyə daha çox fayda verməsinə yardım edəcək.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir