"Sürix"in futbolçusu: "Qarabağ"la oyun bizim üçün finaldır"

"Sürix" klubunun xorvat hücumçusu İvan Santini evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə İsveçrə klubunun rəsmi saytına açıqlama verib.

Sportline.az xəbər verir ki, 33 yaşlı forvard oyun ərzində hər şeyə hazır olacaqlarını deyib:

"90 dəqiqə kompakt oynamalı, hər bir detala diqqətlə yanaşmalıyıq. Mənim fikrimcə, bunlar mərhələ adlamağa kifayət edəcək. Bu oyun bizim üçün demək olar ki, final görüşüdür. Düzdür, mövsüm yeni başlayıb. Amma bu oyunu udsaq, fantastik mövsüm keçirə bilərik. Oyun ərzində səbirli olacağıq".

Qeyd edək ki, iyulun 27-də keçiriləcək "Sürix" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. 

İlk oyunda Ağdam təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.