Vəli Qasımov: "Növbəti mərhələyə "Qarabağ" yüksələcək"

"Qarabağ" bu gün çox vacib oyuna çıxacaq. Əminəm ki, komandamız etimadı doğrultmağı bacaracaq".

Bunu Sportline.az saytına açıqlamasında Azərbaycan futbolunun ən tanınmış simalarından olan Vəli Qasımov deyib.

Vaxtilə Portuqaliyanın "Vitoriya Setubal" komandasının da formasını geyinən veteran futbolçu Braqa təmsilçisi ilə oyunda narahatlığa əsas görmür: "Qarabağ" səfərdə vacib nəticəyə imza atdı. Bəli, bugünkü oyun fərqli olacaq. Rəqib Bakıya ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaq üçün gəlib. Ona görə də mümkün qədər hücumameyylli futbolla istəyinə nail olmağa çalışacaq. Düşünürəm ki, baş məşqçi Qurban Qurbanov bütün bunları nəzərə alıb və komandanı oyuna lazımınca hazırlayıb. Məncə, narahatlığa əsas yoxdur. "Qarabağ" cütün taleyini səfərdə həll edib və növbəti mərhələyə də komandamız vəsiqə qazanacaq. Bəli, "Braqa" güclü komandadır. Amma, səfərdəki nəticə əsas rol oynayacaq".

Xatırladaq ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsindəki ilk oyunda "Braqa"ya 4-2 hesabı ilə qalib gəlmişdi.

Cavab matçı bu gün saat 21:45-də başlanacaq.