"Vüqar Həşimov Memorial"ının bağlanış mərasimi keçirilib

Qəbələnin ev sahibliyi etdiyi şahmat üzrə "Vüqar Həşimov Memorialı" başa çatıb.

 

Sportlline.az turnirin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki,  yarışın bağlanış mərasimində əvvəlcə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edib. Federasiya rəhbəri yarışın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, qalib şahmatçını təbrik edib. AŞF rəhbəri Azərbaycan şahmat ailəsi adından şahmata göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

Turnirin Təşkilat Komitəsinin rəhbəri Qasım Həşimov yarışın keçirilməsinə dəstək olan qurumlara minnətdarlığını bildirib.

 

Yarışın qısa xülasəsi ekranda nümayiş olunub. Ardınca baş hakim İlahə Qədimova yekun nəticəni açıqlayıb.

 

Mükafatlandırma mərasimində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, ərazi vergi idarəsinin rəisi Elxan Süleymanlı və Vüqar Həşimovun atası Qasım Həşimov iştirak edib.

 

9-cu Vüqar Həşimov Memorialının qalibi olan Hindistan şahmatçısı Vidit Santoş Qujratiyə kuboku Qasım Həşimov təqdim edib.