Xanlar Allahverdiyev: "Uşaqlar ədəb qaydalarını məktəbdən əvvəl şahmat dərslərində öyrənirlər"
SportLine.az "Qambit" layihəsi çərçivəsində əməkdar məşqçi Xanlar Allahverdiyevlə Azərbaycan şahmatının hazırkı vəziyyəti ilə bağlı söhbətləşib.
Xanlar Allahverdiyev 1947-ci ildə Gəncə doğulub. Uşaqlıqdan şahmatla məşğul olub. Onu peşəkar idmana Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov cəlb edib. İlk dəfə Bakıya yarışa da onun rəhbərliyi ilə gəlib. SSRİ dövründə məktəblilərdən ibarət seçmə komandanın üzvü olub. SSRİ birinciliyinin və Xalqlar Spartakiadasının iştirakçısı olub. Həyatının 25 ildən çoxunu şahmata həsr edən Xanlar Allahverdiyev hazırda Azərbaycan Həmkarlar İttifaqlarının Respublika Şahmat və Dama klubu İctimai Birliyinin şagirdlərinə bu idman növünün sirlərini öyrədir.
- Hazırda ölkəmizdə uşaqların şahmata marağı hansı səviyyədədir?
- Əksər insanların şahmatın uşaqların inkişafındakı müsbət rolundan xəbəri var. Buna görə də, maraq böyükdür. Valideynlər uşaqlarının intellektual cəhətdən inkişaf etməsi üçün bu idman növünü seçirlər. Ümuiyyətlə, hazırda bütün dünyada şahmata münasibət fərqlidir. Bu idman növü getdikcə məşhurlaşır və şahmatla məşğul olanların sayı tədricən artır.
- Sovet dövrü ilə müqayisə etsək, hansı dövrdə maraq daha böyük idi?
- Dövr fərqli olduğu üçün maraq da fərqlidir. İndi uşaqların məşğuliyyəti üçün müxtəlif seçimlər var. Sovet dövründə isə belə deyildi. Seçim az idi. Buna görə də, şahmatla da məşğul olanların sayı çox idi. İndi ölkədə idmanla məşğul olanlara münasibət tamam fərqlidir. Sovet dövrü ilə müqayisə etsək, hazırda idmançılara dövlət tərəfindən böyük qayğı göstərilir. Bu da uşaqların digər idman növlərinə də marağının artmasına səbəb olub.
- Şahmat insanın intellektual inkişafına kömək edir. Bəs, bu idman növünün başqa hansı faydaları var?
- Şahmat insanı formalaşdırır. 4-cü dünya çempionu Aleksandr Alyoxin bu idman növü haqda danışarkən, "Özümü şahmatın köməyi ilə tərbiyə etmişəm", - deyirdi.
Bəzən, 5 yaşında hələ məktəbə getməyən uşaqları gətirirlər. Onlar ədəb qaydalarını məktəbdən əvvəl burada öyrənirlər. Yəni, bəzi valideynlər bu idman növündən, hətta məktəbə hazırlıq kimi də istifadə edirlər.
- Azərbaycan yeganə ölkədir ki, Şahmatın inkişafına dair Dövlət Proqramı qəbul olunub və icra edilib. Bu proqramın hansı müsbət təsirləri oldu?
- Proqram çərçivəsində xeyli iş görüldü. Mən özüm də Gənclər və İdman Nazirliyi yanında təşkil olunan komissiyanın üzvü idim. Proqramın icrasının xeyirləri çox keçmədən özünü göstərdi: kişilərdən ibarət komandamız beynəlxalq yarışlarda bir-birinin ardınca uğurlar qazandı, qadın şahmatçılarımız da uğurlu çıxışlarla yadda qaldılar, uşaqlar arasında dünya və Avropa çempionatlarında mükafatçılarımız oldu.
- Hazırda hansı çətinliklər var və hansı işlər görülməlidir?
- Sözsüz, həmişə görülməyə iş olur. Yeni nəticələr qazanmaq, ölkədə şahmatın inkişaf tempini qorumaq üçün işlər daim görülməlidir. Bu idman növü diqqətdə saxlanılmalıdır. Burada bir çox insanların üzərinə yük düşür, eləcə də, bizim.
- Qeyd etdiyiniz kimi, kişilərdən ibarət komandamız son illər uğurlu nəticələrlə bizi sevindirir. Ancaq qadın şahmatçılarımızın səviyyəsində bir qədər geriləmə nəzərə çarpır. Müstəqillik dövrünün ilk illəri ilə müqayisə etsək, nəticələrimiz də azalıb. Buna səbəb nədir?
- Qadın şahmatçılardan ibarət komandamız SSRİ Xalqlarını Spartakiadasının qalibi olub. Ancaq mən bu iki dövrü də müqayisə etmək istəməzdim. Şahmatçılarımız həmin vaxt SSRİ xalqaları arasında keçirilən yarışlarda qələbə üçün mübarizə aparırdılarsa, indi dünya və Avropa çempionatlarında çıxış edirlər. Miqyaslar fərqlidir. Təbii ki, mən köhnə uğurları alçaltmaq fikrində deyiləm. Sadəcə, müqayisə zamanı miqyasları da nəzərə almaq lazımdır. Müstəqilliyin ilk illərində Aynur Sofiyeva, Firuzə Vəlixanlı, Nigar Sultanova kimi bir neçə ad var idi. İndi adlar daha çoxdur. İndiki qadın şahmatçılarımızın da kifayət qədər uğurları var. Buna görə, mən deməzdim, qadın şahmatında geriləmə müşahidə olunur.
- Bir neçə gündən sonra Bakı möhtəşəm yarışa - Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Azərbaycan, həm kişilərin, həm də qadınların mübarizəsində üç komanda ilə təmsil olunacaq. Şahmatçılarımızdan hansı nəticələri gözləyirsiniz?
- Kişilərdən ibarət komandaya ümidim böyükdür. Təcrübəli heyətə sahibdir. Bir neçə dəfə beynəlxalq yarışlarda layiqincə çıxış edib. Çempion olmağa real namizədlərdəndir. Qadınlardan ibarət komandamız da mükafatçılar sırasına düşə bilər.
- Sizcə, əsas rəqiblərimiz hansı komandalar olacaq? Ümumiyyətlə, hansı seçmələri Şahmat Olimpiadasının favoritlərindən sayırsınız?
- Fikrimcə, Rusiya, ABŞ, Macarıstan və Hindistan komandaları Azərbaycan komandalarının əsas rəqibləri olacaq.
Vüsal Məmmədzadə
Qambit | SportLine.az
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir