Konfrans Liqası: Yarımfinalçılar bəlli oldu

Avropa Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Sportline.az xəbər verir ki, artıq bütün yarımfinaçılar məlumdur.

“Vest Hem” səfərdə “sülh bağladığı” “Gent”lə bu dəfə doğma meydanda qarşılaşıb. Darmadağınla qalib gələn ingilislər yarımfinala yüksəliblər.

“Nitsa” da səfərdə məhsuldar heç-heçə etdiyi “Bazel”i bu gün evdə sınağa çəkib. Üç qolun qeydə alındığı matç qonaqların gözlənilməz qələbəsiylə yekunlaşıb. Nəticədə “Bazel” yarımfinala vəsiqə qazanıb.

“Anderlext” “Alkmaar”ın qonağı olub. İlk oyundakı məğlubiyyətin əvəzini çıxan niderlandlılar oyunu penaltilərə qədər davam etdiriblər. Məhz 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Alkmaar” yarımfinala yüksəlib.

“Fiorentina” isə səfərdə darmadağın etdiyi “Lex”i bu dəfə doğma meydanda sınağa çəkib. Florensiyalılar bu dəfə məğlub olsalar da, yarımfinala yüksəlməyə nail olublar.

Beləliklə, yarımfinalda “Vest Hem” “Alkmaar”la, “Fiorentina” isə “Bazel”lə mübarizə aparacaq.

Avropa Konfrans Liqası
1/4 finalın cavab oyunları
20 aprel

Alkmaar (Niderland) - Anderlext (Belçika) 2:0 (penaltilər 4:1)
Qol: Pavlidis, 5-pen; 13. 
İlk oyun – 0:2.

Fiorentina (İtaliya) - Lex (Polşa) 2:3
Qol: Sottil, 78. Kastrovilli, 90+2 – Souza, 9. Velde, 65-pen. Sobiex, 69.
İlk oyun – 4:1.

Vest Hem (İngiltərə) - Gent (Belçika) 4:1
Qol: M.Antonio, 37; 63. Paketa, 55-pen. Rays, 58 – Kuypers, 26.
İlk oyun – 1:1.

Nitsa (Fransa) - Bazel (İsveçrə) 1:2
Qol: Laborde, 9 – Auqustin, 85. Adams, 98.
İlk oyun – 2:2.