AAF "Formula 1" çərçivəsində klassik avtomobillərin sərgisi və yürüşünü təşkil edəcək
Azərbaycan Avtomobil Federasiyası (AAF) "Formula 1" Azərbaycan qran-prisi çərçivəsində klassik avtomobillərin sərgisi və yürüşünü təşkil edəcək.
Sportline.az xəbər verir ki, sərgi və yürüş aprelin 28-30 tarixlərində baş tutacaq.
"Formula 1"in fan zonasında keçirilən sərgidə müxtəlif illərə aid klassik avtomobillər nümayiş etdiriləcək.
"Formula 1" günlərinə rəng qatacaq daha bir tədbir aprelin 29-da Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında keçiriləcək Bakı Kartinq Turniri olacaq. Turnirdə 10-16 yaş arasında 12 pilot iki mərhələdə - kvalifikasiya və final mərhələlərində bacarıqlarını sınayacaqlar. Finalda qalib gələnlər müxtəlif hədiyyə və sertifikatlar ilə mükafatlandırılacaqlar.
AAF-ın avtomobil həvəskarlarına daha bir sürprizi aprelin 30-a təsadüf edəcək. Belə ki, "Formula 1"in yarış halqasında (trek) böyük maraqla qarşılanan klassik avtomobillərin yürüşü təşkil olunacaq. Yürüşdə 30-a yaxın klassik avtomobil iştirak edəcək.