"Atletiko" - "Valensiya": Baş məşqçi fikirləri

İspaniya çempionatında 34-cü turun maraqla gözlənilən matçlarından biri Madriddə keçiriləcək.
 
Sportline.az xəbər verir ki, La Liqadakı son 2 matçında qalib gələn və qapısını toxunulmaz saxlamağı bacaran “Atletiko” növbəti görüşünə hazırlığı yekunlaşdırıb.

Simeonenin komandası bu dəfə “Vanda Metropolitano”da “Valensiya” ilə üz –üzə gələcək. Oyundan əvvəl “Atletiko” 68 xalla 2-ci yerdədir. 52 xalı olan “Valensiya” isə “Sevilya” ilə birlikdə 5-ci, 6-cı yerləri bölüşdürür. Xatırladaq ki, komandalar arasında Mestalyadakı ilk matçda 1:1 hesabı qeydə alınmışdı. Madriddəki qarşılaşma ərəfəsində baş məşqçilər mətbuat konfransına qatılıblar. Əvvəlcə Dieqo Simeone media nümayəndələrinin suallarını cavablandırıb.

“Görüşə yaxşı hazırlaşmışıq. Hazırda bir məqsədimiz var: çempionatdakı bütün oyunlarda qələbə qazanmaq. Əlbəttə, işimiz asan olmayacaq. “Valensiya” son görüşlərdə əla formadadır. Amma biz də öz meydanımızda oynayacağıq. Azarkeşlərimizin dəstəyi sayəsində qalib gələcəyimizə inanıram”.

“Valensiya”nın baş məşqçisi Marselino Qarsiya Toral isə ehtiyatlı danışıb.

“Atletiko”nun meydanında mübarizə aparmaq daim çox çətindir. Onlar rəqibi daim təzyiq altında saxlayaraq səhv etməyə məcbur edirlər. Daha sonra uzun ötürmələr sayəsində təhlükəli əks-hücumlar təşkil edirlər. Buna görə də müdafiə zamanı diqqətli olmalıyıq. Lakin, sırf müdafiə haqqında da düşünmürük. Sərfəli nəticə qazanmağa çalışacağıq”.

Qeyd edək ki, “Atletiko” – “Valensiya” matçı Bakı vaxtı ilə saat  21:30-da başlanacaq.