Azərbaycan millisi daha 20 pillə irəliləyə bilər
DÇ-2018-in təsnifat mərhələsinə uğurlu start verməklə FİFA reytinqində xeyli irəliləyən Azərbaycan millisi vəziyyətini daha da yaxşılaşdıra bilər. SportLine.az xəbər verir ki, bunun üçün Robert Prosineçkinin komandası Şimali İrlandiya ilə səfər matçında qələbə qazanmalıdır. Belə olan halda, aktivindəki xalların sayını 538-ə çatdıracaq seçmə komandamız, ən azı, 20 pillə irəliləyəcək. Futbolçularımız Şimali İrlandiya səfərində 3 xal qazansalar, FİFA reytinqində 63-68-ci pillələrdə qərarlaşacaqlar.
Komandamız Belfast səfərində heç-heçəyə nail olsa, xal ehtiyatını 437-ə çatdıracaq ki, bu da mövqeyimizin yaxşılaşmasına şərait yaradacaq. Bu halda, Azərbaycan millisi FİFA reytinqində 81-83-cü pillələrdə yer tutacaq.
Üç oyundan sonra qapısını toxunulmaz saxlayan Prosineçkinin komandası bu görüşdə məğlub olsa, mövqeyini itirəcək. Hazırda 404 xalla 88-ci yerdə qərarlaşan millimiz səfərdən xalsız dönsə, iki pillə geriləyəcək və 386 xalla 90-cı yerin sahibi olacaq.
Qeyd edək ki, DÇ-2018-in təsnifat mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı noyabrın 11-i keçiriləcək.