Azərbaycan millisində Qurban Qurbanov erası  - LAYİHƏ

SportLine.az dəyərli oxucularına “Yığma komanda: son seçmə mərhələnin analitik-statistik yekunu; AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması; yığmanı gücləndirmək imkanı: islahat, yoxsa inqilab yolu?” adlı layihə çərçivəsində 12-ci yazını təqdim edir.

Son üç ay ərzində icra etdiyimiz layihə çərçivəsində diqqətləri milli komandamızın üzərinə yönəltmişdik. Dünya çempionatının seçmə mərhələsində keçirilən oyunların hər birinə ayrılıqda nəzər saldıq, qarşılaşmaların analitik-statistik təhlilini aparmağa çalışdıq. Robert Prosineçkinin seçmə mərhələdə hansı futbolçulara güvəndiyini, kimin neçə dəqiqə meydanda olduğunu, nələrlə yadda qaldığını birlikdə xatırladıq. Sözsüz ki, bu işləri həyata keçirməkdə bizə dəyərli futbol mütəxəssislərinin də köməyi oldu. Onların dilindən millimizin zəif və güclü tərəflərini, yaxşı və pis oyunların səbəblərini öyrəndik, peşəkarların fikirləri ilə tanış olmaq imkanı qazandıq. “Alman maşını”nın sirrini öyrənməyə cəhd etdik, Şimali İrlandiya ilə hər iki qarşılaşmada nə üçün məğlub olduğumuz barədə müzakirələr apardıq. “Niyə də yox?!” şüarının real olub-olmadığını də məhz bu layihə çərçivəsində öyrəndik. İlk üç oyunda topladığımız 7 xalın davamının sonradan niyə gəlməməsində hansı amillərin rol oynamasını da məhz mütəxəssislərin yardımı ilə müəyyənləşdirməyə, problemin nədə olduğunu aydınlaşdırmağa da yazılarımız da geniş yer verdik.

Əvvəlcədən müəyyənləşdirdimiz bölgüyə və layihənin icrası proqramına əsasən, sonuncu yazıda milli komandanı gücləndirmək üçün nələrin tələb olunduğunu, müsbət dəyişiklikərə gedən yolun islahatlardan, yoxsa inqilabdan keçdiyini araşdırmalı idik. Tale elə gətirdi ki, layihəmizin icrası müddətində Azərbaycan futbolunda əhəmiyyətli proseslər, qlobal dəyişikliklər başladı. AFFA uzun müddətdən bəri səslənən çağırışları, sosial sifarişi qəbul etdi və milli komandamız Qurban Qurbanova tapşırıldı. Bir növ gündəmin özü və hadisələrin axarı bu layihə çərçivəsində sonuncu yazımızın mövzüsünü müəyyənləşdirmiş oldu.

Prosineçkiylə başlamışdıq...

Layihəmizin icrası müddəti çox maraqlı bir dövrə təsadüf etdi. Milli komandamızla bağlı yazılarımıza start verərkən xorvatiyalı çalışdırıcı Robert Prosineçki hələ öz postunda idi. Öz gələcəyi ilə bağlı konkret açıqlama verməyə tələsmir, onun adı tez-tez müxtəlif klublar və yığma komandalarla birlikdə hallanırdı. Qəribədir ki, onun Azərbaycan millisindən ayrılacağı noyabrın əvvəllərindən rəsmən məlum olsa da, xorvatiyalı çalışdırıcı hələ də işsizdir. “Müştərilər”i də qeybə çəkilib. Prosineçkinin Azərbaycan millisindəki fəaliyyəti üç il çəkdi. Berti Foqtsun boşaltdığı posta xorvatiyali mütəxəssis rəsmən 2014-cü ilin dekabr ayının 3-də təyin olunmuşdu. İcraiyyə Komitəsinin rəsmi təsdiqindən təxminən bir ay əvvəl Bakıya gələn Prosineçki Azərbaycan çempionatının oyunlarını izləmiş, hətta “Qarabağ”ı iş başında görmək üçün Fransanın Sent-Etyen şəhərinə də yollanmışdı. Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsində eyni adlı şəhərin komandası ilə oyununa canlı baxmışdı. Həmin vaxt AFFA ilə Prosineçki arasında münasibətlər hələ rəsmiləşməmiş, İcraiyyə Komitəsinin iclasında yekun qərar qəbul olunmamışdı. Buna baxmayaraq, Prosineçki yeni işinin icrasına başlamaq üçün xeyli həvəs göstərir, özünün müsbət keyfiyyətlərini nümayiş etdirməyə çalışırdı. O yaxşı başa düşürdü ki, azərbaycanlılar etinasız, Bakıya yalnız millinin oyunları ərəfəsində gələn Foqtsun davranışlarından cana yığılıblar. Özünü azarkeşlərlə və ictimaiyyətə sevdirmək üçün Prosineçki Azərbaycan millisində çalışacağı halda ailəsini də Bakıya gətirəcəyini, övladlarını burada məktəbə göndərəcəyini də bəyan etmişdi. Beləliklə İcraiyyə Komitəsinin dekabrın 3-də keçirilən iclasında AFFA ilə Prosineçki arasında müqavilə rəsmiləşdi və milli komandanın yeni baş məşqçisi ictimaiyyətə təqdim olundu.

AFFA prezidenti Rövnəq Abdullayev təqdimat mərasimindən sonra keçirilən mətbuat konfransında Prosineçkinin qarşısına qoyulan tələblər haqqında belə demişdi: “Bizim əsas məqsədimiz Azərbaycan yığmasının 2020-ci ildə keçiriləcək Avropa Çempionatında iştirak etməsidir. Milli komandanın heyətinin gəncləşdirilməsini də Prosineçkidən tələb etmişik”. Zaman göstərdi ki, Prosineçki Azərbaycan millisini qarşıya qoyulan hədəflərə çatdırmaq iqtidarında deyil. Millinin az-çox uğurlu oyunlar sərgilədiyi dönəm Prosineçkidə özündənrazılığın baş qaldırması, onun Bakıda az-az görünməsi, Zaqrebdə müxtəlif açılış mərasimlərinə qatılması ilə üst-üstə düşdü. Daha sonra isə xorvatiyalı çalışdırıcıya müxtəlif iş təkliflərinin gəlməsi haqda məlumatlar ortaya çıxmağa başladı. Nəticədə onun işinə münasibəti dəyişdi, AFFA ilə məşqçinin arasında soyuqluq yarandı. Ümumilikdə Robert Prosineçkinin rəhbərliyi altında Azərbaycan millisi 23 oyuna çıxdı. Bu oyunlarda 6 qələbə qazanan millimizin aktivində eyni sayda da heç-heçə var. “Prosineçkili millimiz” 11 oyunda meydandan məğlubiyyətlə ayrılıb.

...Qurban Qurbanovla bitirdik

Oktyabrın 8-də Almaniya ilə səfərdə keçirdiyimiz oyun Prosineçki üçün Azərbaycan millisinin “sükanı arxasında” sonuncu oldu. Düzdür, oyundan sonra keçirilən mətbuat konfransında məşqçi qərarını açıqlamadı. O, Almaniyadan Bakıya qayıdacağını, AFFA rəhbərliyi ilə görüşdən sonra gələcək planları ilə bağlı danışa biləcəyini demişdi. Amma sözünü dərhal yerinə yetirmədi. Millimiz Kayzerslauterndən Bakıya gətirən təyyarədə Prosineçki yox idi. AFFA rəsmiləri, azarkeşlər və mətbuat nümayəndələri onu düz 18 gün gözlədilər. Oktyabrın 26-də Bakıya gələn xorvat mütəxəssis AFFA-nın ona yeni müqavilə təklif edəcəyinə ümid etsə də, Rövnəq Abdullayevlə görüşdən məyus ayrıldı. Onunla müqavilənin uzadılmamasına qərar verildi. Millimizdə Prosineçki dövrü başa çatdı. Hamı həyacanlı yeni eranın başlanmasını gözləyirdi. Çoxdandı ki, Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunacağı haqda müzakirələr aparılır, üstüörtülü mesajlar səslənirdi. Bu təyinat sözün əsl mənasında sosial sifarişə çevrilmişdi. Nəhayət ki, gözlənilən oldu.

AFFA İcraiyyə Komitəsinin noyabrın 3-də Bakı Olimpiya Stadionunda keçirilən iclasında çoxlarının gözlədiyi tarixi qərar açıqlandı. Məhz həmin iclasda Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu. Bu təyinat həm də onunla əlamətdar oldu ki, Qurbanov millimizin 20-ci baş məşqçisi idi. İclasdan sonra mətbuat nümayəndələrinin qarşısına çıxan AFFA prezidenti Rövnəq Abdullayev Qurbanovla 6 il müddətinə müqavilə bağlanılacağını, onun vəzifəsinin icrasına Robert Prosineçkinin sözləşməsi başa çatdıqdan sonra başlayacağını bildirdi. Cənab Abdullayev sözlərinə onu da əlavə etdi ki, Qurban Qurbanov təkcə əsas millini çalışdırmayacaq, ümumiyyətlə, bütün yaş qrupları üzrə yığmalara rəhbərlik edəcək, həmin komandalara da məşqçi təyinatları onunla razılaşdırılacaq.

AFFA prezidentindən sonra mikrofonlar qarşısına keçən Qurbanov təyinatı ilə bağlı belə danışdı: “Hamının gözü millidədir. Azarkeşlər daha yaxşı nəticə istəyir. Bu, mənim üçün böyük məsuliyyətdir. Bu, bir ayın, bir ilin işi deyil. Uzun bir proqramımız olacaq. Pillə-pillə irəli getməliyik. Bir azərbaycanlı kimi, futbolumuz üçün daha artığını etməyə çalışacağam. İşimiz çoxalır. Çalışacağıq ki, rəhbərliklə birgə vəzifəmizin öhdəsindən gələk. Etimadınıza görə də təşəkkür edirəm”.

Həm inqilab, həm də islahat yolu

Həmin toplantıda Qurban Qurbanov milli barəsində geniş danışmaq istəməmişdi. Bu addımını də həm vəzifəsinin icrasına rəsmən başlamaması ilə, həm də “Qarabağ”ın Çempionlar Liqasında keçirəcəyi məsul oyunlara köklənməsi ilə izah etmişdi. Milli komandalarla bağlı əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsinə dekabrın sonlarına doğru başlanılacağı gözlənilirdi. Elə gözlənildiyi kimi də oldu. AFFA İcraiyyə Komitəsi dekabrınn 20-də keçirilən iclasında aşağı yaş qruplarına da gənc mütəxəssislərin təyinatlarını rəsmiləşdirdi. Bu, Azərbayca futbolunda yeni eranın rəsmən başlanması demək idi. İK-nin qərarına əsasən Rəşad Sadıqov U-21 və U-20, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev U-17 millilərinin baş məşqçisi vəzifəsinə təsdiqləndi. Deməli, milli komandalarda vahid sistem tətbiq olunacaq və bütün proseslərə Qurban Qurbanov nəzarət edəcəkdi. Azərbaycan futbolu dəyişikliklərə həm islahat, həm də inqilab yolu ilə gedirdi. Milli komandaların vahid oyun sisteminə cəlb olunması, komandaların gənc mütəxəssislərə tapşırılması islahatların göstərəciydi. Yeni baş məşqçilərin nisbətən təcrübəsiz hesab olunması, onların əvvəllər belə məsuliyyətli işdə çalışmaması isə inqilab etmək həvəsinin qığılcımları sayılmalıydı.

İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandıran Qurban Qurbanov problemlerin çox olmasından, onların həlli yollarından belə bəhs etmişdi:

“Çox istərdim ki, azərbaycanlı futbolçular yuxarı səviyyəyə qalxsın. Onların inkişafı çox önəmlidi. Mən “Qarabağ”a gələndə yeganə əcnəbi Admir Teli idi. Getdikcə legionerlər cəlb etdik. Sırf yerlilərlə oynasaydım, bəlkə də, mənə hörmətiniz daha çox olacaqdı. Amma hansısa mövqedə problem varsa, bunu düzəltmək vacibdi. Məsələn, “Qarabağ”da 4 müdafiəçimiz zədəli idi. Bizdə hələ legioner var, bu problemlə üzləşirik. Düşünürəm ki, qərarımı normal qarşılayacaqsınız. Çox istəyərəm ki, azərbaycanlı futbolçularla birlikdə uğur əldə edək. Amma biz ölkəmizi təmsil edirik. Lazım olduğu qədər bütün mövqelərdə sağlam rəqabətə çalışacağıq. Ola bilsin ki, bəzi dəyişikliklər edilsin.

Milli komandada köməkçilərim Elçin Rəhmanov və Çudomir Çakarov, qapıçılarla iş üzrə məşqçi isə Dmitri Kramarenko olacaq. Futbolçudan əvvəl biz təcrübəli məşqçi, həkim, fizioterapist yetişdirməliyik ki, aşağı yaşlı futbolçularımız sağlam böyüsünlər. Uşaq futbolunun inkişafına da təkan veriləcək. Mən Azərbaycan futboluna qürurla xidmət etmək istəyirəm. Çox istəyirəm ki, Azərbaycan futbolçuları yüksək nəticə göstərsinlər”. 

Ağasəlim Mircavadov: “Futbolumuzun inkişafını istəyiriksə, yumruq kimi birləşməliyik”

Azərbaycan futbolunu zaman-zaman bu cür dəyişikliklər yaşayıb. Bütün bunlar isə təcrübəli Ağasəlim Mircavadovun gözlərinin önündə baş verib. 70 yaşlı mütəxəssis sözün əsl mənasında saçlarını Azərbaycan futboluda ağardıb. Elə bu səbəbdən də bu dəfə həmsöhbət kimi onu seçdik, SportLine.az oxucuları üçün dəyərli fikirlərini bölüşməsini istədik.

Hazırda Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərən Ağasəlim müəllim sözlərinə millimizin son seçmə mərhələdəki çıxışını dəyərləndirməklə başladı:

-          Seçmə mərhələnin nəticələrinə həm xal, həm də oyun baxımından yaxşı qiymət vermək mümkündür. Topladığımız xal göz qabağındadır. Yeni rekord müəyyənləşdirmişik. Yaxşı olardı ki, bu 10 xalı daha da artırardıq, təkcə San Marinodan deyil, digər rəqiblərdən də 6 xal götürməyi bacarardıq. Amma aktivimizdə olanı da dəyərləndirməliyik. Tarixdə həmin 10 xal, qazandığımız nəticələr qalacaq. Keçirdiyimiz oyunlar arasında elələri oldu ki, göz oxşadı. Futbolçular meydanda inamlı görünürdülər, məşqçinin verdiyi tapşırıqları dəqiq yerinə yetirirdilər. Bundan artığını etmək, final mərhələsinə yüksəlmək üçün mübarizə aparmaq hazırkı oyun səviyyəsi ilə mümkün deyil. Reallığı da qəbul etməliyik. Bizim gücümüz buna çatmaz. Oyun keyfiyyətini nəzərdə tuturam. Səviyyəli futbolçu seçimi azdır. Etiraf edək ki, milli üzvlərinin 90 faizi yerli çempionatda çıxış edir. Xarici klublarda oynayanlar çox olmalıdı ki, səviyyə yüksəlsin, rəqabət olsun. Bizdə legioner kim idi? Dmitri Nazarov Almaniyanın 2-ci bundesliqasından gəlirdi. Bir də ki, Kamran Portuqaliya və Çexiya klublarından çıxış edəndə legioner sayılırdı. Başqa kimsə varmı? Əlbəttə ki, inkişaf baxımından cəmi iki legioner azdır. İndi AFFA tərəfindən yığma komandalara böyük diqqət göstərilir. Əvvəlki dövrlərlə müqayisə edəndə şəraitdə ciddi fərq nəzərə çarpır. 10-15 il bundan əvvəl millini xaricə yollanması, yaxşı təlim-məşq toplanışı keçməsi üçün maddi vəsait yox idi. İldə bir dəfə ölkədən çıxanda sevinərdik. Maşallah olsun, indi ilin planı əvvəlcədən tutulur. Milli Avropanın müxtəlif ölkələrinə toplanışa yollanır, yaxşı hazırlıq keçir. Belə də olmalıdır. Nəticə, inkişaf istəyiriksə, buna şərait də yaratmalıyıq. Qalır bu şəraitin qarşılığını vermək. İşə hərtərəfli yanaşmaq lazımdır. Perespektivli futbolçular, gənclər təkcə Azərbaycan klublarında oynamaqla və il ərzində bir-neçə dəfə millinin düşərgəsində yüksək səviyyəli hazırlıqlar keçməklə böyük uğurlar qazanacaq səviyyəyə çata bilməzlər. Hər şey kompleks şəkildə olmalıdır.

-          Bütün bunların fonunda Prosineçkinin millimizdəki fəaliyyətinə hansı qiyməti verərdiz?

-          Xorvatiyalı mütəxəssis əlindəki “materialla”, məhdud seçim imkanları ilə işlədi. Nəticələri də ona uyğun oldu. Bunu birmənalı olaraq demək lazımdır. Hansısa böyük dəyişikliklər ondan asılı deyildi. Üzdə olanları, potensialı millidə oynamağa imkan verənləri komandaya çağırırdı. Detallar üzərində dayanmaq, “yaxşı” və ya “pis” qiymət vermək istəməzdim. Futbolçular barədə danışa bilərəm, amma özüm də məşqçi olduğum üçün həmkarımın işinə qiymət verməyi düzgün saymıram. Məşqçi məşqçinin işinə qiymmət verməməlidir. Bizi belə öyrədiblər. Prosineçkinin məşqlərinə baxmışam, dəfələrlə millinin düşərgəsində olmuşam. Onu müşahidə etmişəm ki, öz işinə ürəklə yanaşırdı, futbolçularla dil tapırdı. Bəzən olurdu ki, zədəli futbolçular belə məşqə qatılmaq, komandaya fayda vermək istəyirdi. Bu məqamın özü də məşqçinin millidə yaratdığı ab-havanın göstəricidir.

-          Artıq Prosineçki millimizlə vidalaşıb. Qurban Qurbanov qarşıdakı illərdə millini çalışdıracaq, aşağı yaş qruplarına nəzarət edəcək. Ona inananlar çoxdur. Siz Qurbanovdan nə gözləyirsiz?

-          Mən də ona inanlar və uğur arzulayanlar sırasındayam. Əminəm ki, Qurban Qurbanovun rəhbərliyi altında millimiz daha inamlı oynayacaq, yüksək nəticələr göstərəcək. Bununla belə bəzi vacib məqamları da nəzərə almalıyıq. Milli və klub fərqli anlayışlardır. Klubda çıxış edənlər ilboyu məşqçinin əlinin altında olur. Onları hər gün görürsən, fiziki, psixoloji, taktiki hazırlığına nəzarət edirsən. Çatışmazlıq olanda birbaşa çatdırırsan, səhvləri aradan qaldırırsan. Hansısa mövqedə axsama olanda gedib xaricdən legioner tapırsan, heyətə qatırsan. Millidə isə belə deyil. Oyuna 4-5 qalmış futbolçu düşərgəyə gəlir. Psixoloji baxımdan uyğunlaşmaq, ümimi ailə yaratmaq tələb olunur. Bunları qısa müddətdə etməyə məcbursan. Əminəm ki, bütün bu məqamları Qurban Qurbanov da bilir və nəzərə alacaq, çətin vəzifənin öhdəsindən gələcək. Millinin özəyini ötən seçmə mərhələdə oynayanlar təşkil edəcək. Birdən-birə heyəti bütünlüklə dəyişmək mümkün deyil. Ola bilsin ki, 3-4 yeni gənc futbolçu olacaq, milliyə cəlb ediləcəklər. Onların püxtələşməsinə, “bişməsinə” də vaxt tələb olunur. Vacib bir məqama diqqət yetirək: Rəşad Sadıqov millidən gedib, onun yerinə başqa mərkəz müdafiəçisi yoxdur. Bu cür problemlər olacaq. Həmin problemləri də zamanla həll etmək mümkündür, dərhal yox.

-          Problemlər var və onların həlli üçün dəyişikliklər olmalıdır. Biz bu dəyişikliyi necə etməliyik: inqilab yolu ilə, yoxsa mərhələli islahatlarla?

-          Əvvəlcə ona baxmaq lazımdır ki, millinin və Qurban Qurbanovun qarşısına hansı hədəflər qoyulub, biz nə uğrunda mübarizə aparırıq?! Bunu unutmayaq. Hələ Robert Prosineçkinin zamanında millinin qarşısına 2020-ci ildə keçirilən Avropa çempionatının final mərhələsinə çıxmaq vəzifəsi qoyulmuşdu. Ona da deyilmişdi ki, işinə davam etsə, bu məqsəd üçün mübarizə aparılmalıdır. Belə yüksək hədəflərə çatmaq üçün bizə radikal dəyişikliklər olmalıdır, zamanla yarışmalıyıq. Amma ən doğrusu məqsədə doğru pillə-pillə irəliləmək, vaxtı düzgün dəyərləndirməkdir. Bununla belə nəticəni də unutmamalıyıq. Çünki psixoloji baxımdan nəticələr, qələbə qazanmaq vacibdir. Belə olanda özünəinam da artır, ruh yüksəkliyi yaranır. Amma böyük qələbələr birdən-birə qazanılmır. İstənilən halda milli komanda bizim hamımızındır, onu qürur mənbəyi kimi görmək istəyirik. Məşqçilər Komitəsi olaraq da əlimizdən gələn dəstəyi göstəririk, məsləhətlərimizi veririk. Yığma komandaların hamısına eyni cür yanaşmalıyıq.

-          Sonuncu sualımız aşağı yaş qruplarına təyin olunan məşqçilər barəsində olacaq. Yeni adlar var və onlar müəyyən mənada təcrübəsizdilər. İlk dəfə milli səviyyəsində çalışacaqlar. Təcrübəsizlik həmin mütəxəssislərə problem yarada bilərmi?

-          Bir məqama diqqət yetirək. Məşqçilər Komitəsi yaranandan sonra verdiyimiz ilk təkliflərdən biri elə keçid yaş dövrlərində milli komandaların formalaşdırılması ilə bağlı idi. U-15-dən sonra U-21-ə qədər bütün yaş qruplarında millilərin olması təklifini vermişdik və bunu əsaslandırmışdıq. Bir dəfə U-20-nin yaradılmasına cəhd olundu, amma bunu sona qədər həyata keçirmək mümkün olmadı. İndi sevinirik ki, bu ideya həyata keçirilib. Bunun özü də bir islahatdır. Bizim kimi ölkələrdə mütləq hər yaş qrupu üzrə millilər olmalıdır. Əks halda, futbolçu itkisi olacaq. Şərt deyil ki, onlar xaricə getsinlər, seçmə mərhələdə oynasınlar. Elə ölkə daxilində toplanış keçsələr, birlikdə məşq etsələr də futbolumuz üçün faydalıdır. Perespektivli futbolçu daim milli məşqçilərin diqqətində olmalı, sistemli komanda şəklində ardıcıllıqla inkişaf etməlidir. Dediyiniz gənc məşqçilərin hamısını tanıyıram. Bir vaxtlar rəhbərliyim altında da oynayıblar. Xarakterlərinə, istedadlarına bələdəm. Onlar öz işlərinə məsuliyyətlə yanaşacaqlar, gənc mütəxəssislər də elə yeni yaradılan milli komandalarla birlikdə püxtələşəcəklər. Bizim də borcumuz onlara dəstək olmaqdır. Çox vaxt bizdə hamı tənqid edir, nəticə tələb edir. Mən bir ağsaqqal kimi öz köməyimi göstərməyə hazıram. Gənc məşqçilər də öyrənmək arzusunda olmalıdılar. Onlar gəncdilər, enerjili və istəklidilər. Amma təcrübə mütləq lazımdır. İnanıram ki, zamanla təcrübə də toplayacaqlar. Futbolçu kimi necə olublarsa, məşqçi kimi də o cür peşəkar, özlərinə tələbkar davranacaqlar. Mətbuat da, mütəxəssislər də, azarkeşlər də tənqid etməyi sevirlər. Köməyə gələndə hərə yaxasını bir kənara çəkir. “Yumruq kimi birləşmək” deyimi var. O “yumruğa” indi bizim futbolumuzun ehtiyacı çoxdur. Biz futbolumuzun inkişafını istəyiriksə, mütləq yumruq kimi birləşməliyik.

Ağasəlim Mircavadovun sonuncu cümləsini bütün futbol ictimaiyyətinə çağırış kimi qəbul etmək də olar. Biz özümüz də o çağrışa səs verməyə həmişə hazır olmuşuq. Bundan sonra da belə davam edəcəyik.

 

             Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir