Azərbaycan Qran-prisi ilə bağlı yeni müqavilə

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Qran-prisinin yenidən təxirə salınma riskini göz önünə gətirərək "Formula 1" şirkəti ilə yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, bu barədə BŞH-nin icraçı direktoru Arif Rəhimov açıqlama verib. O bildirib ki, yarışın yeni tarixini koronavirus təhlükəsi sovuşduqdan sonra təsdiqləyəcəklər. Üstəlik, A.Rəhimovun fikrincə, Qran-priyə hazırlıq üçün azı 10 - 12 həftə lazım gələcək.

BŞH rəsmisi və digər promouterləri belə ehtiyatlı danışmağa 13 - 15 martda keçirilməli olan Avstraliya Qran-prisinin yarış başlar-başlamaz təxirə salınması vadar edib. Onlar bildirirlər ki, hər hansı mərhələ bu cür təxirə salındıqda satılmış biletlərin pulunu azarkeşlərə qaytarmaq lazım gəlir. Bu isə çox çətindir. Çünki həmin pulla müvəqqəti quraşdırmaq üçün tribunalar alınır.

Digər tərəfdən, xaricdən gələn tamaşaçıları biletləri öncədən almağa, otel bron etməyə inandırmaq lazımdır.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. Yarış qeyri-müəyyən müddətə təxirə salınıb.