LAYİHƏ: Azərbaycanın müstəqilliyinin ilk illərində “Neftçi”yə yeni rəqiblərin peyda olması

Qorbaçovun hakimiyyətə gəlişi ilə SSRİ-də təlatümlər geniş vüsət aldı.  70 ilə yaxın müstəmləkə altında yaşayan xalqların azadlıq mübarizəsi, müstəqilliyə can atmaq həvəsi daha da artdı. Artıq dünyanın siyasi xəritəsi yeni dəyişikliklər astanasında idi. SSRİ-nin dağılması prosesi daha da sürətlənirdi. 1988-ci ilin noyabrın 17-də Bakının “Azadlıq” meydanında fasiləsiz mitinqlər başladı. Bu, xalqın müstəqil dövlətimizin bərpa etmək istəyinin bariz nümunəsi idi. 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Bakıda baş verənlər isə, yeni bir qəhrəmanlıq səlnamasiylə yanaşı, SSRİ-nin suqutunun qaçılmaz olduğunu isbatladı. Çox keçmədi ki, xalqımızın mübarizəsi bəhrəsini verdi və Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayının 18-də qəbul etdiyi Müstəqillik Aktı ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətini bərpa etdiyini dünyaya bəyan etdi.

Xatırlatma: “Vəziyyətin düzələcəyinə ümid etsək də, hər şey daha da pisə doğru gedirdi”

Ötən yazımızda “Neftçi”nin veteranı və uzun müddət dövlət televiziyasında idman verlişləri redaksiyasında çalışmış Çingiz İsmayılov həmin günləri belə xatırlamışdı: “80-ci illərin ortalarına doğru bizdə yeni-yeni gənclər üzə çıxırdı. Tərlan Əhmədov, Vladislav Qədirov, Arif Əsədov, İqor Ponamoryov SSRİ yığmasının heyətində fərqlənməyi belə bacarırdılar. Alekandr Jidkovu biz min əziyyətlə Azərbaycana gətirmişdik. Onu əsgərlik adı ilə ordu klubuna aparmaq istəyirdilər. Biz onu tibb universitetinin sanitariya fakultəsinə qəbul etdirdik ki, əsgərliyə getməsin. Həmin vaxtlar bu universitetdə oxuyanları əsgər aparmırdılar.

Təsadüfi deyil ki, uzun illərdən sonra “Neftçi” 1987-ci ilə ilk “onluğa” düşə bildi, 9-cu yeri tutdu. Gələcəyimiz daha yaxşı olacaqdı. Amma təəssüf ki, həmin vaxtlar Ermənistanla Azərbaycan arasında münasibətlər gərginləşdi, sonra da Sumqayıt hadisələri baş verdi. Bakıda yaşananları bəhanə edən SSRİ Futbol Federasiyasının rəhbərliyi “Neftçi”yə ev oyunlarını doğma meydanda keçirməyə imkan vermədi. Növbəti çempionatda komandamız ilk dövrədə rəqiblərini Rusiyanın müxtəlif şəhərlərində qəbul edirdi, Bakıya və azarkeşlərimizə həsrət qalmışdıq. Əminliklə söyləyirəm ki, bu hadisələr olmasaydı, həmin komanda SSRİ çempionatında mükafatçılar sırasına adını yazdıracaqdı. Heyətimizdə yetərincə istedadlı futbolçular var idi. Vəziyyətin düzələcəyinə ümid etsək də, hər şey daha pisə doğru gedirdi. Sonrasını isə hamımız bilirik”.

Sonrası necə oldu?

1987-ci ildə “Neftçi” SSRİ Çempionatının Güclülər Dəstəsində 16 komanda arasında 9-cu oldu. Çingiz İsmayılovun xatırlatdığı kimi, həmin vaxt Bakı klubunun həqiqətən də kifayət qədər səviyyəli futbolçulardan qurulmuş heyəti var idi. Bəzi adları çəkməyimiz kifayətdi: Aleksandr Jidkov, Əsgər Abdullayev, Şakir Qəribov, Yaşar Vahabzadə, İsgəndər Cavadov, Maşallah Əhmədov, Nazim Süleymanov, Vidadi Rzayev, Vəli Qasımov. Yunis Hüseynov, Novruz Əzimov... Göründüyü kimi, illər öncə aparılmasına başlanmış siyasət öz nəticəsini vermişdi. Artıq komandanın heyətinin böyük əksəriyyətini xalis azərbaycanlılar təşkil edirdi. Həmin futbolçular da Azərbaycan klubunun şərəfini uca tutur, rəqiblərə qarşı meydanda sona qədər döyüşürdülər. 

Düşünmək olardı ki, növbəti il bu komanda daha yüksək yerlər uğrunda mübarizə aparacaq, uzaq 66-cı ildən sonra Azərbaycan futbolunun tarixində yeni səhifə yazılacaq. Amma Dağlıq Qarabağda baş verən hadisələr, gərgin siyasi proseslər futbola da öz təsirini göstərdi. Yaranmış siyasi və hərbi vəziyyət SSRİ Futbol Federasiyasının rəhbərliyinin də əlinə fürsət verdi və “Neftçi” birinci dövrədə əksər ev oyunlarını da respublikadan kənarda keçirməli oldu. Bu isə səfərdə onsuz da yaxşı çıxış etməyən bakılılar üçün əlavə çətinlik idi. Nəticədə 15 komanda arasında sonuncu olan “ağ-qaralar” birinci dəstəyə yuvarlanmaqdan xilas ola bilmədilər. 

Beləcə, 1989-cu ilə “Neftçi” aşağı dəstədə başladı. İsveçə yollanan İqor Ponomaryovu itirən Bakı klubunun heyətində Arif Əsədov, Nazim Süleymanov, Yaşar Vahabzadə, Rasim Abuşov kimi bacarıqlı futbolçular özlərini göstərməyi bacarırdılar. Ağasəlim Mircavadovun çalışdırdığı komanda birinci dövrəni 10-cu sırada tamamlayır və rəhbərlik məşqçi dəyişikliyini labüd hesab edir. Əlcəzairdən dəvət edilən Ruslan Abdullayev yekunda 8-ci pillədən yuxarı qalxa bilmir. Rəhbərliklə görüşündə komandadakı problemləri diqqətə çatdıran Abdullayev elitaya qayıtmaq üçün bəzi nöqsanların aradan qaldırılmasının vacib olduğunu onların diqqətinə çatdırır. Ruslan Abdullayevin hesabatını qəbul edən rəhbərlik onun işini qənaətbəxş sayır və yeni mövsümün hazırlıqlarına rəhbərlik etməyi də ona tapşırır.

1989-cu ildən peşəkar klub statusuna yiyələnən “Neftçi” həmin ərəfədə böyük dəyişikliklərin astanasında idi. Ölkədəki çətin ictimai-siyasi vəziyyət insanların futbola marağına da təsir etmişdi. İnsanlar diqqətini daha çox mitinqlərə, nümayişlərə, tətillərə cəlb edir, futbol o qədər də yada düşmürdü. Bununla paralel olaraq, klubun daxilində futbolçularla məşqçilər arasında fikir ayrılıqları, xırda münaqişələr yaranırdı. SSRİ rəhbərliyi də imperiyanı qorumağa çalışsa belə, tezliklə ittifaqın da tarixin yaddaşına qovuşacağı hər kəsə məlum idi. Bakıda qanlı yanvar hadisələri yaşanan günlərdə “Neftçi” Türkiyədə təlim-məşq toplanışında idi. “Qalatasaray”la 2:2 bitən yoxlama oyunundan sonra birbaşa Bakıya qayıdan komandanın paytaxtda ilk işi şəhidlər xiyabanına baş çəkmək olur...

53-cü SSRİ çempionatına birinci dəstədən qoşulan “Neftçi” kubokda iştirakdan ümumiyyətlə imtina edir. Qeyd edək ki, artıq ona qədər Litva və Gürcüstan təmsilçiləri SSRİ çempionatına qatılmaqdan imtina etmişdilər. Türkiyə mətbuatının yazdığı kimi, futbolçudan əsgərə çevrilən “Neftçi” isə yarıxoş-yarızor qatıldığı çempionatı bu dəfə də 8-ci pillədə başa vurur. 

1991-ci ildə yaşananları xatırlayan veteranlar etiraf edirlər ki, həmin vaxt komandayla heç kim maraqlanmırdı. Ölkədə vəziyyət o qədər acınacaqlı idi ki, “Neftçi”yə geyim dəstlərinin alınması və komandanın səfərə yollanması üçün pul tapılmırdı. Tez-tez məşqçi dəyişikliyinin yaşandığı, komandadaxili problemlərin pik həddə çatdığı “Neftçi” həmin mövsümü birinci dəstədə çox bərbad keçirir və 22 komanda arasında 15-ci pilləni tutur.

Həmin mövsümün sonunda Baltikyanı respublikalardan və Gürcüstandan savayı, Ukrayna da SSRİ çempionatından imtina edir. Bakıda isə, Əhməd Ələsgərov futbolçularını başına toplayıb, “Neftçi”nin ruhunu və itirilmiş imicini bərpa etmək həvəsində idi. Bakı komandasını SSRİ çempionatında yarışmağa razı salmaqdan ötrü SSRİ-nin sələfi rolunu üzərinə götürən MDB-nin futbol təşkilatının rəhbəri Vyaçeslav Koloskov “Neftçi”nin güclülərlə bir çempionatda oynayacağını bildirir və bizimkilər buna razı olur. Amma püşk atılandan sonra Moskva “Spartak”ı Bakıya gəlməkdən imtina edir. Ruslar bu addımlarını uzaq səfərlərə yollanmağın iqtisadi cəhətdən sərfəli olmaması ilə əsaslandırırlar. Bu isə, Azərbaycanda oturan futbol funksionerlərini də ayıldır və müstəqil Azərbaycanın futbol çempionatının keçirilməsi qərarlaşdırılır. 

Əlvida, imperiya! Yaşasın müstəqillik!

İlk Azərbaycan çempionatında ölkənin az qala bütün bölgələrinin təmsilçiləri var idi. Medallar uğrunda “Neftçi” ilə birlikdə daha 25 komanda mübarizə aparırdı. Sözsüz ki, bu rəqiblərin arasında “Neftçi”yə tay olacaq komanda yox idi və çempionatın gedişi də bunu sübut edirdi. İş o yerə gəlib çatmışdı ki, çempionatın gedişində ardıcıl 15 oyun uduzmayan “Neftçi” birdən-birə 9 oyunda qapısını toxunulmaq saxlamağı da bacarmışdı. “Ağ - qaralar” belə bir rəqabətsizlik fonunda  iki yarımqrupda keçirilən və iki mərhələdən ibarət olan ilk Azərbaycan çempionatının qalibi adını qazanırlar. “Neftçi” ən yaxın izləyicisi Sumqayıt “Xəzər”ini 5 xal qabaqlamağı da bacarır. 

Amma, növbəti mövsümdən bu rahatlıqdan və rəqabətsizlikdən əsər-əlamət qalmadı. “Neftçi”nin hökmranlığına son qoymağa çalışan qərb təmsilçiləri “Turan” və “Kəpəz” “ağ-qaralar”ın bir çox əsas heyət üzvünü paytaxtdan əyalətə köç etməyə razı sala bilmişdi. Paytaxt təmsilçisinin maddi vəziyyətinin yaxşı olmaması, komandaya sponsorluq edəcək iş adamının tapılmaması da bu reallığı şərtləndirirdi. Ölkədə neft sektoru hələ inkişaf etməmişdi. Bu səbəbdən də “Neftçi” uzun müddət ayrı-ayrı biznesmenlərin səxavətinin ümidinə qalacaq, keşməkeşli günlər keçirəcəkdi. Pulsuzluq komandanı xeyli zəiflədir və təsadüfi deyil ki, II Azərbaycan çempionatında “Neftçi” “Kəpəz” və “Turan”ın hegemonluğu ilə barışır. “Xalq komandası”nın həmin il ümumiyyətlə, medalsız qalmasının səbəbləri isə, həm də AFFA-nın verdiyi cəzalar idi.

1993-cü il maddi çətinliklərlə yanaşı “Neftçi” və AFFA arasındakı problemlərin dərinləşməsi ilə də yadda qaldı. Ölkə kubokunun Ağdamda “Qarabağ”la keçirilən qarşılaşmasında yaşanan qalmaqaldan sonra komandanın əksər əsas heyət üzvləri, onurğa sütunu sayılacaq futbolçular uzun müddətə cəzalandırılır. Baş məşqçi Sergey Kramarenko isə baş verənlərdən sonra “Neftçi”dəki vəzifəsindən ayrılmaqla yanaşı Azərbaycanı tərk edir. 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.