Rio-2016: Azərbaycanlı hakimin idarə etdiyi medal uğrunda görüşdə qalmaqal

Rio-2016 Yay Olimpiya Oyunlarının son günündə maraqlı hadisə yaşanıb. SportLine.az xəbər verir ki, sərbəst güləş yarışlarının 65 kq çəki dərəcəsində keçirilən üçüncülük uğrunda görüşdə qalmaqal baş verib. 

Mandaxanar Qanzoriq (Monqolustan) və İxtiyar Navruzov (Özbəkistan) arasında keçirilən bürünc medal uğrunda görüşün son saniyələrində hakimlər tərəfindən qəbul edilən qərar Monqolustan idmançısı və məşqçilər tərəfindən etirazla qarşılanıb. Belə ki, sona bir neçə saniyə qalmış 7:6 hesabı ilə öndə olan Mandaxanar Qanzoriq vaxtından əvvəl, sona 5 saniyə qalmış qələbəni xalçada qeyd edib. Onun hərəkətlərinə görə Özbəkistanlı güləşçisə əlavə 1 xal da verilib. Belədə, sonuncu xalı qazandığı üçün İxtiyar Navruzov qalib elan olunub. 

Bundan sonra monqolustanlı məşqçilər hakimlər qarşısında etiraz əlaməti olaraq paltarlarını soyunublar. Bir neçə dəqiqədən sonra hakimlər onların etirazını qəbul etsələr də, epizoda təkrar baxışdan sonra nəticə dəyişməyib. Əlavə bir xal da qazanan özbəkistanlı güləşçi bürünc mükafata sahib çıxıb. 

Qeyd edək ki, görüşün əsas hakimi azərbaycanlı Hicran Şərifov olub.