Bakı dünyanın ən həyəcanlı drift yarışına ev sahibliyi edəcək

Dünyanın ən həyəcanlı drift yarışı ilk dəfə Bakıda keçiriləcək.

Sportline.az xəbər verir ki, oktyabrın 16-da Dənizkənarı Bulvar ərazisində dünyanın ən maraqlı və həycanlı yarışlarından biri olan “Red Bull Car Park Drift”in milli finalı keçiriləcək. Seçiləcək qalib, yəni ən yaxşı drifter, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Səudiyyə Ərəbistanına yola düşəcək.

Özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən yaxşı şou göstərən 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksələcək. Burada isə beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaşı şou göstərən iştirakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək. 

“Red Bull Car Park Drift” yarışının iştirakçıları bu ilin avqust ayında dünya şöhrətli livanlı driftçi, 2012-ci ildə Əbu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran Abdo Feqalidən master klasslar alıb. O həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir.

“Red Bull Car Park Drift” yarışı Azərbaycan Avtomobil Federasiyası, Bakı Şəhər Halqası və AmsOil maşın yağlarıın təşkilatı dəstəyi ilə keçirilir.

Tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün “Fan Zone” ərazisində müxtəlif aktivliklər nəzərdə tutulub.

Tədbirə giriş sərbəstdir. Bütün sürət həvəskarları 16 oktyabr saat 12:00-da Bakı Kristal Zalın parklama ərazisində yarışı izləyə bilər.  

Banner