Bakı Şəhər Halqası təlim keçirib

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu qurumun əməkdaşları, media nümayəndələri və məktəblilər üçün genişmiqyaslı təlim keçirib.

BŞH-dan Sportline.az saytına verilən məlumata görə, təlimin əsas məqsədi yarış zamanı yarana biləcək fövqəladə hallar və qarşılıqlı fəaliyyət planlarının sınaqdan keçirilməsi, təhlükəli halların qarşısının alınması və nəticələrin çevik şəkildə aradan qaldırılması üçün yerli marşalların peşəkarlığının daha da artırılmasıdır.

Yarış simulyasiyasından əlavə, media nümayəndələri və məktəblilərə "Formula 1" avtoidmanı ilə yaxından tanışlıq məqsədi daşıyan xüsusi təlim də keçilib.

Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində təşkil olunmuş təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Nəzəri hissədə Bakıdakı yarışın idarə olunması prosesində əsas məqamlar, cari mövsümün strateji və texniki yenilikləri təlim iştirakçılarının diqqətinə çatdırılıb.
Praktiki hissədə isə təlim üçün salınmış xüsusi simulyasiya trekində marşallar texniki bacarıqlarını real olaraq tətbiq ediblər. Tədbir zamanı Azərbaycan Avtomobil Federasiyasına məxsus "Volkicar" maşınlarının sürücüləri iştirakçılar üçün xüsusi yarış keçirib. Bundan əlavə, tədbir məkanında təşkil olunmuş lüks avtomobillər sərgisi və drift (avtomobillərin şou xarakterli yarışı) iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, bu il Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək. Yarışın təşkilində 1 470 marşal iştirak edəcək.