Bakı Şəhər Halqasının təşkil etdiyi müsabiqənin qalibləri Fransaya səfər edib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşəbbüsü ilə təşkil olunan “Fransa Qran Prisi” müsabiqəsinin qalib könüllüləri Fransaya səfər edib.

Sportline.az xəbər verir ki, Bakı Şəhər Halqası Akademiyası (“BCC Academy”) tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmiş, həmçinin, 2022 "Formula 1" Azərbaycan Qran Prisi zamanı göstərdikləri yüksək fəallığa görə fərqlənən bir qrup könüllü "Formula 1" Fransa Qran Prisini izləmək, paytaxt Paris ilə yaxından tanış olmaq imkanı əldə edib.

Bununla yanaşı, gənclər yarışın təşkili prosesi və əcnəbi könüllülər, onların iş fəaliyyəti ilə yaxından tanış ola biliblər. “Ölkəmiz altıncı dəfə olmaqla böyük idman yarışına ev sahibliyi etdi və möhtəşəm tədbirin təşkilində minlərlə könüllümüzün əməyi xüsusi qeyd olunmalıdır. Bakı Şəhər Halqası ənənəvi olaraq, hər il gənclərimizin yüksək motivasiyası üçün maraqlı layihələr, müsabiqələr həyata keçirir və fəal gənclərimiz sonda bu kimi təcrübə mübadilələrinə qatılmaq fürsəti qazanır. Biz könüllülərimizlə qürur duyur və yeni qazanılmış biliklərin onların gələcək fəaliyyəti üçün fərqli və faydalı təcrübə olacağına əminik”, – deyə nümayəndə heyətinin rəhbəri, BŞH-nın İnsan Resursları və İşçi Qüvvəsinin direktoru İranə Əhmədova bildirib.

Qeyd edək ki, 2022 ci il "Formula 1" Azərbaycan Qran Prisinin təşkilində 1500 -dən çox könüllü iştirak edib.