Bakıda hərəkət məhdudlaşdırıldı

Bu gündən Bakıda "Formula 1" Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Sportline.az xəbər verir ki, Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - "Azneft" meydanı istiqamətində - Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda Hökumət Evi istiqamətində - Üzeyir Hacıbəyov küçəsi ilə Afiyəddin Cəlilov, Yusif Səfərov küçələrinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyat Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib.

Yarışlarla əlaqədar həmin küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

Həmin istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir.

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyəddin Cəlilov — Yusif Səfərov, Yusif Səfərov — 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.

Eyni zamanda, Bakı şəhərində nəqliyyatın sıxlığının azaldılması, habelə nəqliyyat vasitələrinin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara aprelin 30-dək ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslarından istifadə etmək tövsiyə olunur.