Belfast uğursuzluğunun səbəbləri - LAYİHƏ
SportLine.az dəyərli oxucularına “Yığma komanda: son seçmə mərhələnin analitik-statistik yekunu; AÇ-2020 üçün baza rolunu oynayacaq yığmanın seçimi və formalaşdırılması; yığmanı gücləndirmək imkanı: islahat, yoxsa inqilab yolu?” adlı layihə çərçivəsində beşinci yazını təqdim edir. Bu yazıda söhbət açacağımız oyun yaddaşımızda elə də xoş xatirələrlə qalmayıb. Baxmayaraq ki, 2016-cı ilin noyabr ayının 11-də Belfast şəhərinin “Windsor Park” stadionunda keçirilən oyun bizim üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki bu oyuna qədər meydana çıxdığımız hər üç qarşılaşmadan xalla ayrılmış, qapımızı toxunulmaz saxlamağı da bacarmışdıq.
Bizim yuxarıdan aşağı baxdığımız Şimali İrlandiya...
Həmin qarşılaşmaya qədər millimiz qrup ikincisi idi. Son Avropa çempionatının sürpriz komandalarından biri olan Şimali İrlandiyanın isə işləri qaydasında getmirdi. Maykl Onilin komandası ilk turda səfərdə Çexiya ilə qolsuz bərabərliyə razılaşmış, daha sonra isə San Marinonun qapısından 4 cavabsız top keçirmişdi. Bununla belə almanlara müqavimət göstərmək mümkün olmamışdı. Şimali İrlandiya Almaniyaya 0:3 hesablı məğlubiyyətdən sonra qrupda 3-cü pillədə qərarlaşmışdı. Irlandlar Azərbaycanı məğlub etməklə 2-ci yerə yüksəlməyin planlarını qururdular. Axı onların bizimlə köhnədən yarımçıq qalan haqq-hesabları var idi...
2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının seçmə oyunları zamanı da Şimali İrlandiya bizimlə eyni qrupda mübarizə aparırdı. Berti Foqtsun çalışdırdığı millimiz qrupdakı yeganə qələbəsini məhz Şimali İrlandiya üzərində qazanmış, ümumilikdə isə bu rəqiblə oyunlardan 4 xal toplamağı bacarmışdı. Rəqib meydanında keçirilən oyun xüsusi ilə bizim üçün yaddaqalan olmuşdu. İlk dəqiqələrdə Rauf Əliyevin vurduğu möhtəşəm qolla hesabı açmış, qələbəni yalnız oyuna əlavə olunmuş vaxtda əldən vermişdik. Cavab oyununda isə millimiz tarixinin ən unudulmaz qələbələrindən birini qazanmışdı. “Quru hesablı” qələbənin memarları isə 58-ci dəqiqədə fərqlənən Rüfət Dadaşovla son saniyələrdə yerinə yetirdiyi cərimə zərbəsini qola çevirən Mahir Şükürov idi.
Şimali İrlandiyadan “qopardığımız” 4 xal sayəsində yekunda onları geridə qoymuş, 9 xalla qrupda 4-cü pilləni tutmuşduq. Yaxın keçmişdə qazandığımız bu qələbə həm futbolçuların, həm də azarkeşlərin xatirində silinməz izlər buraxmışdı. Bəlkə də elə bu səbəbdən idi ki, püşkatmadan sonra Şimali İrlandiyanın bizə rəqib olduğunu eşidincə sevinir, Onilin çalışdırdığı komandayla oyunlarda yenidən azı 4 xal qazanacağımıza inanırdıq. Şimali İrlandiyaya qarşı keçirdiyimiz o iki möhtəşəm qarşılaşmanın nəticəsi idi ki, Belfastdakı oyuna qədər biz hələ də bu rəqibə ciddi yanaşmır, millimizin “Niyə də yox?!” şüarını davam etdirəcəyinə, ilk 3 oyunda topladığımız 7 xalı artıracağına əminlik ifadə edirdik.
... bizi göydən yerə endirdi
AFFA rəhbərliyi də bu qarşılaşmaya ciddi hazırlıq görmüşdü. Komandamızın yerli şəraitə uyğunlaşması, yol yorğunluğunu üzərindən atması, Belfastda lazımi məşq proseslərinin həyata keçirilməsi üçün səfər proqramı geniş tərtib olunmuşdu. Azərbaycanlı futbolçuları və onları müşayət edən nümayəndə heyətini səfərə aparan iritutumlu “Boinq” təyyarəsi oyundan 3 gün əvvəl, noyabrın 8-də Heydər Əliyevin adını daşıyan Bakı Hava Limanından Şimali İrlandiyanın paytaxtına doğru istiqamətlənmişdi. Düşünmək olardı ki, bütün bu məqamlar bizim lehimizə işləyəcək, komandamız ən azından Çexiyadan olduğu kimi, Şimali İrlandiyadan da azı bir xalla dönəcək. Bunu bacarsaydıq, britaniyalılarla aramızdakı xal fərqini qoruyacaq, 2016-cı ili nikbin notlarla yola salacaqdıq.
“Windsor Park” stadionunun ağzına qədər dolu tribunaları qarşısında keçirilən oyunun hakimləri Fransadan idi. Clement Turpinin start fiti güclü yağışın müşayəti ilə səsləndi. Bu qarşılaşmanın çexlərlə olan oyunla daha bir bənzərliyi Rəşad Sadıqovun yoxluğunda komandamızı kapitan sarığısıyla meydana Rahid Əmirquliyevin çıxarması idi. “Çərçivə”ni adət etdiyimiz kimi Kamran Ağayev qoruyurdu. İlk dəqiqələrdən meydanda olan qalan 10 futbolçu isə aşağıdakılar idi: Məhəmməd Mirzəbəyov, Qara Qarayev, Arif Daşdəmirov, Maksim Medvedev, Bədavi Hüseynov, Emin Mahmudov, Əfran İsmayılov, Ruslan Qurbanov və Ramil Şeydayev. Ostravadakı oyunda özünü yaxşı tərəfdən göstərən və böyük ümidlər bəslənilən Ramil ucaboy, fiziki cəhətdən güclü olan irlandiyalı müdafiəçilər arasında o qədər də nəzərə çarpmadı. Görünür elə bu səbəbdən də Robert Prosineçki onu fasilədə Dəniz Yılmazla əvəzlədi. 70 və 75-ci dəqiqələrdə xorvatiyalı çalışdırıcı daha iki əvəzetməyə əl atdı. Əvvəlcə Emin Mahmudovun yerinə Dmitri Nazarov oyuna qoşuldu. Daha sonra isə Ağabala Ramazanov Ruslan Qurbanovun əvəzinə meydana çıxdı. Amma bütün bu əvəzetmələr, futbolçularımızın apardığı gərgin mübarizə, böyükhesablı məğlubiyyətdən qaçmaq üçün yetərli olmadı.
Oyunun gedişatı onu sübut etdi ki, Maykl Onil komandasını Azərbaycanla görüşə yaxşı hazırlayıb, komandamızın zəif nöqtələrini öyrənib. Şimali İrlandiyanın futbolçuları başa düşürdülər ki, hava topları özlərinin güclü, bizim isə zəif tərəfimizdir. Elə buna görə də bizi daha çox “ikinci mərtəbə”də “vurmağa” çalışırdılar. Sonda bunu da bacardılar. Baxmayaraq ki, oyunda ilk təhlükəli vəziyyəti biz yaratdıq. 10-cu dəqiqədə Ruslan sol cinahla irəliləyərək daban ötürməsi ilə Ramili əlverişli mövqeyə çıxardı. Zərbə anına gecikən Şeydayevin iki cəhddən topu qapıya göndərməsini isə rəqibin qapıçısı Maykl Makqovern zədələnmək bahasına olsa belə əngəlləyə bildi. Qol pərdəsini isə meydan sahibləri açdılar. 27-ci dəqidədə Makennis uzun aut atışıyla Kayl Laffertinin fərqlənməsinə şərait yaratdı. Fasiləyə qədər Şimali İrlandiya daha bir qol vurdu. 40-cı dəqiqədə Brantın cərimə zərbəsindən havalandırdığı topu Qaret Makoli başı ilə qapıdan keçirdi. Bu qol qapımıza əsl ingilis sayağı vurulmuşdu.
Hiss olunurdu ki, Robert Prosineçki fasilədə futbolçulara irlandları necə məyus etməyin yollarını başa salmağa çalışıb. Bizimkilər ikinsi hissəyə hücumlarla başladılar. 50-ci dəqiqədə Əfran gözəl ötürmə ilə Dəniz Yılmazı qapıçıyla təkbətək çıxardı. Amma Makqovern cəld tərpənərək topa “Bursaspor”un hücumçusundan əvvəl çatdı və onu qüvvətli zərbə ilə meydandan çıxardı. Bundan 10 dəqiqə sonra Əfranla Yılmaz yenidən rəqibin müdafiə xəttini həyacanlandırdı. Bu iki futbolçunun təzyiqindən sonra top Arif Daşdəmirovun önünə düşdü. Topa tələsik zərbə vuran Arif “çərçivə”ni nişan ala bilmədi. 67-ci dəqiqədə şimallılar yenidən fərqləndilər, özü də bu dəfə də başla. Künc zərbəsindən havalandırılan topu müdafiəçi Maklaflin tora qovuşdurdu. Əsas vaxtın bitməsinə 9 dəqiqə qalmış isə Kris Brant oyunda son nöqtəni qoydu – 4:0. Hakimin oyuna əlavə etdiyi dəqiqələrin sonuncusunda Ağabala Ramazanov təsəlli qolumuzu vura bilərdi. Təəssüf ki, onun zərbəsi qüvvətli və dəqiq olmadı.
Yunis Hüseynov: “Maklaflin yuxarı tullanmasa da bizim müdafiəçiləri üstələyir”
Bu dəfə SportLine.az-ın müsahibi kimi Yunis Hüseynovu seçdik. Qeyd edək ki, milli komandamız formalaşdırılmağa başladığı ilk gündən onun formasını geyinən Yunis bəy 34 oyunda rəqib qapıçılarını 4 dəfə məyus etməyi də bacarıb.
Hüseynov ilk sualımıza cavabında son seçmə mərhələnin millimiz üçün xal baxımından qənaətbəxş keçdiyini bildirdi:
- Bilirsiniz, millinin çıxışına iki göstəriciyə görə qiymət vermək lazımdır. Bəli, biz 10 xal toplamışıq və rekord göstəriciyə nail olmuşuq. Bu məqamı nəzərə alanda son seçmə mərhələ bizim üçün uğurlu keçib. Amma bu 10 xal bizi 5-ci yerdən yuxarı qaldırmayıb. Qrupda yalnız San Marinonu qabqlamışıq. Uzun müddətdir ki, seçmə mərhələlərdə mübarizə aparırıq, şərait dəyişib. Yetərincə təcrübə də toplamışıq. Ona görə də qrupda yalnız San Marinonu qabaqlayaraq 5-ci olmağımız bizim üçün yaxşı göstərici deyil. Deməli, mərhələnin nəticələrini bizim üçün tam uğurlu saya bilmərik.
- Bizim üçün “qırılma nöqtəsi” Şimali İrlandiya ilə səfərdəki oyun oldu. O oyuna qədər 3 oyuna 7 xal toplamışdıq, ikinci pillədə idik...
- Millimizin bu qrupda keçirdiyi bütün oyunları diqqətlə izləmişəm. Həmin xalları da hansı rəqiblə, necə oyun sərgiləməklə qazandığımızı unutmamalıyıq. Qeyd etdiyim kimi, burada da ikili yanaşma yaranır. Bəli, nəticələri heç kimi inkar edə bilməz. Onlar aktivimizə yazılıb, tarixdə qalacaq. Biz o nəticələrin niyə davamlı olmasından danışırıqsa, reallığı deməliyik. Norveçi Bakıda məğlub etdik. Amma oyun tam üstünlüyümüzə keçməmişdi. Çexiya ilə səfərdəki oyundan heç-heçəylə döndük. Unutmayaq ki, Çexiyanın yeni baş məşqçisi var idi və çalışdırıcı yeddi yeni futbolçunun xidmətindən yararlanırdı. Nəsildəyişmə prosesi yaşayırdılar. Xal götürdüyümüz oyunda rəqibə xeyli qol imkanı vermişdik, biz əsasən müdafiədə səhv etməməyə çalışırdıq. San Marinonu məğlub etməmək isə faciə olardı, buna borclu idik. Bütün bunları nəzərə alanda Şimali İrlandiya ilə oyun bizim əsl gücümüzü aşkara çıxaracaqdı. Britaniyalılar həmişə güc futboluna üstünlük verirlər. Onların bu xüsusiyyəti bütün dünyaya bəllidir. Bizi də həmin üstünlüklərindən yararlanaraq məğlub etdilər, özü də böyük hesabla.
- Belfastdakı oyunda qapımıza iki top başla vuruldu, biri isə aut atışından sonra. İllərdi bizim futbolda “ikinci mərtəbə”də oynaya bilməmək, standart vəziyyətlərdə qol buraxmaq problemi var. Buna niyə əlac edə bilmirik?
- Bunu yalnızca nöqsan adlandıra bilmərik. Xatırlayırsınızsa, qollardan birini müdafiəçi Maklaflin başla vurmuşdu. Onun boyu 1,75-dən yuxarıdı. Bizim müdafiəçilərimiz boyda ondan xeyli balacadırlar. Maklaflin heç havaya tullanmasa da bizim müdafiəçiləri üstələyir. Ona mane olmaq müşkül məsələdir. Şimali İrlandiya üçün texnikalı futbol oynamaq çətindir, buna heç cəhd də göstərmirlər. İsveçrə ilə oyunlarına baxdım, orda da bu cür oyun sərgiləyirdilər. Çalışırlar ki, künc zərbəsindən, yaxud da standart vəziyyətlərdən topu qapıya doğru havalandırsınlar, ordan da başla qapıya göndərsinlər. Öz üstün tərəflərini bilirlər, bundan da yararlanırlar. Top saxlamağa, qısa ötürmələrə heç də meyl etmirlər. Gözləyirlər ki, nə vaxt künc zərbəsi qazancaqlar. Bu isə artıq fiziki göstəricidir. Biz buna görə onlardan geri qalırıq. Ucaboy futbolçu ilə bəstəboy arasında fərq olmalıdır.
- Buna qarşı hansısa tədbir görmək, oyunu başqa cür qurmaq mümkün deyilmi?
- Sənin boyun rəqibdən balacadırsa, sən oyunu necə qurursansa qur, rəqib öz istədiyi məqamı tapacaq. Hansı oyunda rəqib künc və ya cərimə zərbəsi vurmaq hüququ qazanmır? Heyətdə hündür futbolçular olmalıdır. Şimali İrlandiya ilə oynuyuruqsa, bir oyuna görə ancaq boyu hündür olanları axtara bilmərik. Amma çalışmalısan ki, maksimum dərəcədə bu cür vəziyyətlərdə diqqətli olasan, az cərimə edəsən. Bizə ilk qolu da autdan vurdular. Onlar üçün aut da künz zərbəsi kimidi. Daha neynəyə bilərsən (gülür).
- 2014-cü ildə keçirilən dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiyadan 4 xal almışdıq. Bu dəfə isə heç xal ala bilmədik. Necə düşünürsünüz, onlar güclənib, yoxsa biz zəifləmişik?
- Bu cür müqayisə etmək bəlkə də düz olmaz. Futbolçu təkcə seçmə mərhələdə yox, çempionatda da güclü rəqiblərə qarşı oynamalı, rəqabətə öyrəşməlidir. Bizim əsas problemimiz çempionatımızdan qaynaqlanır. Hazırda Premyer Liqada səkkiz klub var. “Kəpəz” də çoxdandır ki, paytaxtda məskunlaşıb. Bölgə komandası təkcə “Qəbələ”dir. Rəqabət aşağı səviyyədədir, səfər ab-havası heç hiss olunmur. Premyer Liqada mübarizə olmalıdır, azarkeşlərlə dolu tribunaların təzyiqinə öyrəşməliyik. “Qarabağ” nümunəsinə baxaq. Səviyyəli legionerlərlə yanaşı 5-6 milli üzvü bu klubda çıxış edir. “Qarabağ”ın qarşısındakı rəqiblər güclü olmalıdır ki, həmin futbolçular milli komandaya gedəndə də rəqabətə dözə bilsinlər, dolu tribunalar qarşısında özlərini itirməsinlər, hesabda geri düşəndə belə toparlana bilsinlər. Bizim çempionatda isə bu yoxdur. Bunun əziyyətini isə həm milli komanda, həm də “Qarabağ” çəkir.
Yunis Hüseynovun da sözlərindən aydın olur ki, Şimali İrlandiya ilə oyun bizim üçün ciddi sınaq idi və “şimallılar”dan fiziki göstəricilərdə geri qaldığımıza görə ağır məğlubiyyətdən qaça bilməmişik. Növbəti yazılarımızda millimizin keçirdiyi digər oyunlara nəzər salacaq, tarixin səhifələrini mütəxəssislərlə birlikdə vərəqləməyə davam edəcəyik.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir