Cəbrayıl Həsənov: "Düşünürdüm ki, 10:0 udacağam"

"Bu mənim ikinci Olimpiadamdır. Londonda mükafatı son anda əldən vermişdim. Bu dəfə qazana bildim. Fikrimcə, burada gücdən əlavə, şans faktoru da rol oynayır". SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, güləşçi Cəbrayıl Həsənov deyib.

Yarımfinal görüşü haqda danışan idmançı, "Yarışa tam hazır idim. Rusiya təmsilçisi ilə görüşdə hakimlər haqsızlıq etdilər. Hesab 6:4 olmalı idi. Ancaq 5:4 onun xeyrinə qərar verdilər. Rusiya güləşçisi çox dayandı, istirahət etdi. Belə haqsızlığı ilk dəfədir, görürdüm. Əslində 4:0-dan sonra arxayınlıq da var idi. Düşünürdüm ki, 10:0 udacağam", - deyib.

Bürünc uğrunda görüşə psixoloji cəhətdən hazır olmadığını bildirən C.Həsənov, "London Olimpiadasında da belə bir vəziyyətlə üzləşmişdim. Həmin vaxt bürünc medal görüşünə çıxmaq istəmirdim. Buna görə də, mükafatı qazana bilmədim. Vətənə qayıdandan sonra dedim ki, gərək, heç olmasa, bürünc qazanardım. Bu dəfə məşqçilərim sağ olsunlar, məni yaxşı hazırladılar. Mən də çıxıb qələbə qazandım", - deyə söyləyib.

Səmayə Məmmədova
GİN-in mətbuat katibi