Çingiz Hüseynzadə: "Avropa Oyunları Azərbaycanın idman ölkəsi olmasının sübutu idi"
Avropa Oyunları Azərbaycanın idman ölkəsi olmasının sübutu idi.
Sportline.az xəbər verir ki bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
O, İcraiyyə Komitəsinin iclasında aparılan müzakirələrlə bağlı fikirlərini bölüşüb:
"Bakıda keçirilmiş Avropa Oyunlarının 10 illiyi ilə əlaqədar Avropa Olimpiya Komitəsi ilə bərabər "süni intellekt və idmanda innovasiya" beynəlxalq müsabiqəsi elan etmişik. Bütün ölkələrdən istənilən şəxslər qoşula bilər. Toplantıda münsiflər heyətinin üzvlərini təsdiq etdik. Münsiflər heyətində Avropa Olimpiya Komitəsinin və Türkiyə Olimpiya Komitəsinin nümayəndələri də olacaq. Çünki növbəti Oyunlar Türkiyədə keçiriləcək. Eyni zamanda Milli Olimpiya Komitəsinin nümayəndəsi və Avropa Oyunlarının səfiri olan Tünzalə Ağayeva, həmçinin güləş üzrə Avropa çempionu Rəsul Çunayev də bu heyətə daxil edilib".
Ç.Hüseynzadə Avropa Gənclər Olimpiya Festivalı (EYOF) barədə də danışıb:
"İyulda Skopye şəhərində Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Biz bu yarışda böyük komanda ilə iştirak edəcəyik. Bununla əlaqədar cari məsələlər müzakirə olundu".
report.az